15 yaşlı oğlanda azyaşlı məktəbliyə qarşı qandonduran hərəkət: yerə yıxdı və... - Beyləqanda

15 yaşlı oğlanda azyaşlı məktəbliyə qarşı qandonduran hərəkət: yerə yıxdı və... - Beyləqanda

Beyləqan şəhərində qətl törətməkdə təqsirli bilinən 2001-ci il təvəllüdlü Elgün Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Elgün Vəlizadə 31 dekabr 2016-cı il tarixdə saat 19 radələrində yaşadığı Beyləqan şəhəri RTS qəsəbəsində onunla qonşuluqda yaşayan 2005-ci il təvəllüdlü Murad Orucovun təklifi ilə onunla birlikdə pirotexniki vasitə almaq üçün şəhərin Magistiral küçəsində yerləşən "Real Market” MMC-nə gediblər.

Qəsəbədə çıxan iki dost

Lakin orada pirotexniki vasitə olmadığından ala bilməyərək ikilikdə evə qayıdarkən Murad Orucov digər mağazalara baxmağı təklif edib. Elgün Vəlizadə onunla razılaşmayıb.

Bu səbəbdən RTS qəsəbəsi ərazisindən keçən Beyləqan-Kəbirli avtomobil yolunun kənarında aralarında mübahisə baş verib. Mübahisə zamanı Murad Orucov onun sağ qol nahiyəsinə bir yumruq zərbəsi vurub. Elgün Vəlizadə də öz növbəsində Murad Orucovun sifət nahiyəsinə bir yumruq zərbəsi vurub.

Mübahisə və dava

Bundan sonra Murad Orucov qaçaraq avtomobil yolunu keçib, həmin yolun əks-tərəfi ilə axan su kanalının üzərinə örtük olaraq çəkilmiş beton lövhələrin üstünə çıxmaqla, evlərinə tərəf qaçmağa başlayıb.

Elgün Vəlizadə onun aralarında baş vermiş mübahisə barədə valideynlərinə məlumat verməsinin qarşısını almaq niyyəti ilə Murad Orucovun arxasınca qaçaraq onu beton lövhələrin üstü ilə təxminən 40-50 metr məsafədə qovub, ona çataraq arxadan badalaq verərək onu yıxıb. Murad Orucov yıxılarkən alın nahiyəsi beton lövhəyə dəyib. Həmin vaxt Murad xəsarət alaraq, huşsuz vəziyyətdə qalıb.

Qətl

Elgün Vəlizadə Murad Orucovun özünə gəldikdən sonra hadisə barədə valideynlərinə məlumat verəcəyindən qorxub. Bunun qarşısını almaq üçün onu öldürmək qərarına gəlib.

Bu məqsədlə Elgün Vəlizadə huşsuz vəziyyətdə olan Murad Orucovu yıxıldığı beton lövhənin üzərində olan dəlikdən itələməklə axar su ilə dolu olan kanala atıb. Murad Orucov həmin vaxt boğularaq ölüb.

"Aramızda mübahisə yarandı”

İstintaq orqanı tərəfindən 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Elgün Vəlizadə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, dekabrın 31-də, saat 18-19 radələrində RTS qəsəbəsində Murad Orucovla birlikdə pirotexniki vasitə almaq üçün "Real Marketə” gediblər: "Həmin mağazada pirotexniki vasitə satılmadığından ala bilmədik. Mağazadan birlikdə çıxdıq. Murad mənə digər mağazalara getməyi təklif etsə də, onunla razılaşmadım, evə gedəcəyimi bildirdim. Birlikdə yaşadığımız ev istiqamətində gələn zaman Murad Orucov mənə mağazaya getmədiyimə görə partladan ala bilmədiyini dedi və bu səbəbdən də aramızda mübahisə yarandı”.

"Çağırışlarıma əhəmiyyət vermədi”

Elgün Vəlizadə bildirib ki, qəsəbədə avtomobil yolunun kənarındakı sexin qarşısında Murad Orucov onun qoluna bir yumruq vurub: "Mən də Muradın sifət nahiyəsinə bir yumruq zərbəsi vurdum. Bundan sonra Murad avtomobil yolunun digər tərəfinə keçərək, su kanalının üstünə çəkilmiş beton lövhələrin üstünə çıxdı və yaşadığı ev istiqamətində qaçmağa başladı. Muradın evə gedərək hadisə barədə valideynlərinə danışacağından ehtiyat etdim, onun arxasınca beton lövhələrin üstü ilə qaçmağa başladım. Bir neçə dəfə Murada dayanmasını desəm də, sonuncu onun bu çağırışlarıma əhəmiyyət vermədi”.

"Onu kanala tulladım”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, təxminən 50-60 metr qaçdıqdan sonra arxadan Murad Orucova çatıb, onun qaçmasının qarşısını almaq məqsədi ilə arxadan ona badalaq verib: "Bu zaman Murad yıxıldı, onun alın nahiyəsi beton lövhəyə dəydi və aldığı xəsarətdən huşunu itirdi. Murad Orucovun nəfəs aldığını, lakin huşunun özündə olmadığını gördüm. Ayıldıqda mənim onu həmin hala salmağım barədə valideynlərinə nəsə deyəcəyindən ehtiyat etdim. Bunun qarşısını almaq məqsədilə Muradı öldürmək qərarına gəldim. Bu məqsədlə huşsuz vəziyyətdə olan Murad Orucovun əvvəlcə ayaqlarını yıxıldığı beton lövhənin üzərində olan dəlikdən aşağı salladım, daha sonra isə onu oturaqlı vəziyyətə gətirərək kürəyindən itələyərək, axar su ilə dolu olan kanala tulladım”.

"Şalvarımın bulaşdığını dedim”

Elgün Vəlizadə bildirib ki, bundan sonra beton lövhələrin üstündən aşağı düşərək evə tərəf gedib: "Hadisənin baş verdiyi yerdən təxminən 100-150 metr aralıda "Mercedes Benz 190” markalı, 10 NU 874 dövlət nömrə nişanlı avtomobilin yol kənarında dayandığını, içərisində bir kişi, bir qadın, bir uşaq olduğu, avtomobilin sürücüsünün isə avtomobildən düşərək diqqətlə mənə baxdığını gördüm. Həmin sürücünün Muradı suya atdığımı gördüyünü bildim. Lakin həmin şəxslə və avtomobildə olan digər şəxslərlə aramızda heç bir söhbət olmayıb. Mən birbaşa yaşadığım evə gəlmişəm. Anam şalvarımın hansı səbəbdən çırkli olduğunu soruşduqda, küçədə uşaqlarla oynadığımı, bu səbəbdən də şalvarımın bulaşdığını dedim. Yeməyimi yedim, televizora baxdım, daha sonra isə yatdım. Ertəsi gün səhər saatlarında Muradın itkin düşməsi barədə aldığım məlumat əsasında ailə üzvlərimlə birlikdə Muradın yaşadığı evə getdim. Lakin ailə üzvlərinə, həmçinin kənar şəxslərə törətdiyim əməl barədə heç bir məlumat vermədim”.

"Muradı kanala atdığımı etiraf etdim”

Elgün Vəlizadə qeyd edib ki, 2017-ci il yanvarın 2-də Murad Orucovun meyiti kanaldan tapılıb: "Özüm də həmin əraziyə gedərək Muradın meyitini gördüm və yas mərasimində ailə üzvlərimlə birlikdə iştirak etdik. Yanvarın 5-də isə Beyləqan rayon polis şöbəsinə çağırıldım. Orada polis rəisinin müavini Taleh Hüseynovla söhbət zamanı, bibim Roza Ağayeva və atam Novruz Vəliyevin yanında Murad Orucovu su kanalına atdığımı etiraf etdim”.

10 il cəza

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elgün Vəlizadə 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkilməsi qərara alınıb.

Hökmdən narazı qalan Elgün Vəlizadənin vəkili Çimnaz Eyubova apelyasiya şikayəti verib. O, müvəkkilinin bu cinayətdə təqsirli olmadığını göstərib və onun barəsində olan cinayət işinə xitam verilməsini istəyib.

Bu şikayət araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Kamil Bəşirovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Elgün Vəlizadənin şikayəti təmin olunmayıb./publika

7news.Az

Xəbər lenti