Milli Məclisdə medal müzakirəsi

Milli Məclisdə medal müzakirəsi

"Parlamentin 100 illik yubileyi ilə bağlı xatirə medalı təsis edildi və hər kəsə verildi. Lakin onun daşınması və tədbirlərdə göstərilməsi mümkün deyil”.

Bunu millət vəkili Siyavuş Novruzov "Diplomatik xidmətə verilən töhfəyə görə" medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Qanunda dəyişikliyi nəzərdə tutan layihənin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, xatirə medalı əslində başqa cür, daşınan olmalı idi. "Belə medal varsa deyin, yoxdursa hazırlansın. Həmin medal həm parlamentarilər, həm də parlamentdə çalşan digər əməkdaşlara təqdim edilsin. 100 illik hər dəfə olmur. Milli Məclisdə 5, 10, 20 il təmsil olunan millət vəkilləri var. Nə üçün onlara belə medal təqdim edilməsin? Biz özümüz özümüzə medal təsis etmirik, amma hər bir təşkilatın medalını təsdiq edirik. Yaxşı olar ki, belə bir medal təsdiq edək və gələn qonaqlara təqdim edək. Hazırda bizə təqdim edilən medalı muzeyə qoymaq, gələcəkdə nəvələrə göstərmək olar, amma tədbirlərdə nümayiş etdirmək olmaz”.

Millət vəkili S.Novruzovun təklifini alqışlarla qarşılanıb.

 

Millət vəkili Vahid Əhmədov həmkarı Siyavuş Novruzovun fikirləri ilə razılaşdığını deyib. "Parlamentin 100 illik yubileyi ilə bağlı bizə təqdim edilənləri medal hesab etmək olmaz. Nə üçün Milli Məclis üzvləri, müstəqillik dövründə qanun qəbul edən şəxslər bu medala layiq görülmür. Bu məsələyə aydınlıq gətirilsin, bəlkə Milli Məclis üzvləri bu medala layiq deyil? Onsuz da Milli Məclisin bir çox səlahiyyətləri əlindən alınıb. Bir medal nədir ki? Bu hal Milli Məclisin üzvlərinə yüksəklik gətirmir. Biz özümüzə qiymət verməliyik”.

Millət vəkillərinin çıxışlarına münasibət bildirən birinci vitse-spiker Ziyafət Əsgərov Milli Məclisin xatirə medalının bütün millət vəkillərinə təqdim edildiyini deyib: "Milli Məclisin bir çox səlahiyyətinin əlindən alınması fikirləri ilə razı deyiləm. Bizim Konstitutsiyamız var, referendum keçirilib və Milli Məclisin kifayət qədər səlahiyyəti var. Medalın təsisinə gəldikdə, bu məsələyə baxıla bilər. Həmin medal parlamentarilərə təqdim ediləcək”.

7News.Az

Xəbər lenti