2019-cu ildə Rusiyanı nə gözləyir? - Analitik ABŞ-ın yeni sanksiyaları barədə

2019-cu ildə Rusiyanı nə gözləyir? - Analitik ABŞ-ın yeni sanksiyaları barədə

ABŞ Rusiyaya qarşı "kimyəvi” sanksiyaların ikinci paketinin anonsunu verib. Bu sanksiyalar ABŞ-ın Rusiyanı kimyəvi silahdan istifadədə ittiham etdiyi "Skripal işi” ilə əlaqədardır. Rusiyadan istənilən idxalın qadağan edilməsi planlaşdırılır. Həmçinin, sanksiyalar altına dövlətin iştirakı olduğu aviaşirkətlər də düşəcək. 

Bu, Rusiyaya necə təsir edəcək, qiymət artımı gözlənilirmi, Moskva yeni və daha sərt sanksiyalara hazırdırmı?

Bu və digər suallara Oxu.Az-a açıqlamasında rusiyalı iqtisadi analitik, "Delovaya Rossiya” ictimai təşkilatının eksperti Dmitri Qolubovski cavab verib. 

Müsahibimizin sözlərinə görə, sanksiyalar Donald Tramp tərəfindən yayda təklif edilib və qəbul olunub, bəzən bunları sabiq senator Con Makkeyntərəfindən təklif edilən sərt sanksiyalar paketi ilə qarışdırırlar.  

"Tramp bu sanksiyaları təklif edəndə müşahidəçilər bildirdilər ki, o, Makkeynin layihəsinə yumşaq alternativ tapıb. Anonsu verilən sanksiyaları isə yumşaq adlandırmaq olmaz, çünki bu qadağalar ticarət əlaqələrinin tam qırılması deməkdir.

Rusiya və ABŞ arasında əmtəə dövriyyəsinin az olmasına baxmayaraq, bu sanksiyalar Rusiyaya nəzərəçarpacaq dərəcədə zərər yetirməyəcək. Nə Rusiya ABŞ üçün, nə də ABŞ Rusiya üçün əhəmiyyətli ticarət tərəfdaşı sayılır. Beləliklə, bu, boksda açıq əlcəklə vurulan zərbəyə oxşayır: səsi güclü, effekti isə zəifdir”, - analitik bildirib. 

D.Qolubovskiy xatırladıb ki, ABŞ tərəfindən "Skripal işi” ilə əlaqədar sanksiyaların ilk hissəsi avqustun 27-də qüvvəyə minib. 

"Moskva 90 gün müddətində bəzi şərtlərə əməl etməsə, yeni sanksiyaların tətbiqi gözlənilirdi. Moskva, əlbəttə ki, heç bir şərtə əməl etmədi, ancaq bu müddət başa çatsa da, ABŞ heç bir addım atmadı. İndi buraxılmış səhifələr vərəqlənir”, - o deyib. 

Ekspert əmindir ki, sanksiyalar bəzi ABŞ mallarını Rusiyaya gətirən idxalçılara təsir edəcək – onlar üçüncü ölkə vasitəsilə loqistika zənciri qurmağa çalışacaq ki, bu da Rusiyada ABŞ mallarının bahalaşmasına səbəb olacaq. 

"Həmçinin Rusiyanın "Aeroflot” dövlət aviadaşıyıcısı da zərər görəcək. ABŞ bazarı "Aeroflot”a o qədər təsir etməyəcək, çünki bu bazar cəmi üç faiz gəlir gətirir. Həqiqi sərt sanksiyalar ABŞ-da keçirilən prezident seçkilərində demokratlar qalib gəlsəydi, həyata keçirilə bilərdi. Həmin sanksiyalar Rusiyanın xaricdəki banklarına və Rusiya dövlət borcunun bazarına təsir edəcəkdi”, - müsahibimiz qeyd edib. 

O əlavə edib ki, bu cür sanksiyalar, həqiqətən, güclü zərbə olardı. 

"Hazırda onlar müzakirə edilmir, ancaq növbəti ildə bu məsələ Vaşinqtonun siyasi gündəliyində peyda ola bilər. Bu, Kreml üçün xoşagəlməz olacaq və Rusiya maliyyə bazarına təzyiq göstərəcək”, - analitik deyib. 

7News.Az

Xəbər lenti