50 yaşlı kişidən atası və qardaşına qarşı QANDONDURAN HƏRƏKƏT - Lənkəranda

50 yaşlı kişidən atası və qardaşına qarşı QANDONDURAN HƏRƏKƏT - Lənkəranda

Lənkəran şəhərində qəsdən adam öldürməyə cəhd etməkdə təqsirli bilinən 1968-ci il təvəllüdlü Sabit Heydərlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

7news.Az-ın məlumatına görə, Sabit Heydərli öz atası Midaris Heydərov və qardaşı Mahir Heydərovla birlikdə yaşadığı Lənkəran şəhəri, Axundzadə küçəsi 25 saylı ünvanda yerləşən, mərhum anası Zərintacın adına qeydiyyata alınmış, atasının faktiki mülkiyyətində olan birmərtəbəli fərdi yaşayış evini gələcəkdə öz adına keçirmək, həmin evin mülkiyyət hüquqlarını əldə etmək qərarına gəlib.

Sabit Heydərli bu barədə eyni evdə birlikdə yaşadıqları dövrdə atası və qardaşına bir neçə dəfə bildirib, atasından həmin evin onun adına rəsmiləşdirilməsini tələb edib.

Lakin Midaris və Mahir onun bu fikrinə qəti etiraz edib, onunla razılaşmayıblar. Buna görə də dəfələrlə onların arasında münaqişələr olub.

Bu mübahisələr zamanı Sabit Heydərli atası və qardaşını öldürüb, evi ələ keçirəcəyini bildirib.

16 oktyabr 2016-cı il tarixdə, saat 10 radələrində Sabit Heydərli ilə qardaşı Mahir Heydərov və atası Midaris Heydərov arasında növbəti dəfə əmlak tələbi ilə bağlı mübahisə yaranıb.

Sabit Heydərli qəsdən yaratdığı münaqişə zamanı atasını və qardaşını öldürməklə qeyd olunan əmlakı ələ keçirmək qərarına gəlib.

Bu niyyətlə Sabit Heydərli bıçaqla əvvəlcə qardaşı Mahir Heydərovun bədəninin müxtəlif nahiyələrinə 4 zərbə vurub.

Vəziyyətin belə yarandığını görən Midaris Heydərov evin eyvanından qaçıb. Sabit atasını təqib edərək, küçədə ona çatıb.

Sabit küçədə atasının boyun, alt çənə və sol qulaq nahiyələrinə zərbələr endirib.

Cinayəti törədən Sabit Heydərli hadisə yerindən qaçıb. Hər iki yaralı xəstəxanaya çatdırılıb, onlara vaxtında tibbi yardım göstərildiyi üçün həyatlarını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Sabit Heydərlinin barəsində Cinayət Məcəlləsinin 29,120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədilə adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sabit Heydərli 14 il müddətinə azadlıqdan məhrum olunub.

Hökmdən narazı qalan Sabit Heydərli apelyasiya şikayəti verib. O, qeyd edib ki, barəsində verilən ittiham qanunsuz və əsassızdır.

Təqsirləndirilən şəxs işinə baxılması üçün yenidən prokurorluğa qaytarılmasını istəyib.

Sabit Heydərlinin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Rafiq Cəfərovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib.

Qərara görə, Sabit Heydərlinin şikayəti təmin edilməyib.

7news.Az

Xəbər lenti