ABŞ-da AXC-lə bağlı bəyannamə imzalandı

ABŞ-da AXC-lə bağlı bəyannamə imzalandı

Oklahoma ştatının qubernatoru Meri Fallin (Mary Fallin) Azərbaycan Xalq Cümhuriyyətinin  yaranmasının 100-cü ildönümü ilə əlaqədar olaraq bəyannamə imzalayıb.

Azərbaycanın ABŞ-dakı səfirliyindən 7news.Az-a verilən məlumata görə, Bəyannamədə 1917-ci il Rus inqilabından sonra 1918-ci il 28 may tarixində Azərbaycan öz müstəqilliyini elan etməklə Azərbaycan Xalq Cümhuriyyətini qurduğu bildirilir.

Azərbaycan Xalq Cümhuriyyətinin  1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən onun Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və Sovet Birliyi dağıldıqdan sonra 1991-ci il 18 oktyabr tarixində yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanıb.

Bu dövrdə Azərbaycan qadınların rolu və hüquqlarına əhəmiyyət verərək bir sıra inzibati dəyişikliklər etdiyini və Müsəlman Şərqində ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin etdiyi qeyd olunub. 

Azərbaycan 1992-ci ilin martın 2-də Birləşmiş Millətlər Təşkilatına 168-ci üzvü olaraq qəbul edilib və 2012-2013-cü illər ərzində BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlük hüququnu qazanıb.

Sənəddə 2001-ci il 11 sentyabr tarixindən sonra Azərbaycanın ABŞ-ı terrorizmə qarşı mübarizədə ilk dəstəkləyən ölkələrdən biri olduğu vurğulanıb. Həmçinin Azərbaycan Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində Oklahoma Milli Mühafizəsi ilə iqtisadi, neft, təbii qaz və kənd təsərrüfatı sahəsində tərəfdaşı olaraq vurğulanıb. 

2018-ci ildə Azərbaycan və Oklahoma ştatı arasında Dövlət Tərəfdaşlıq Proqramının 15-ci ildönümünün, eləcə də Milli Mühafizə üzrə Dövlət Tərəfdaşlıq Proqramının 25-ci ildönümünün qeyd olunduğu bildirilib.

Sonda qubernator Fallin  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq Oklahoma ştatında Azərbaycan Milli Günü elan edib.

Qeyd edək ki, bəyannamə iyunun 5-də ABŞ paytaxtı Vaşinqton şəhərində yerləşən "Endryu Melon Auditorium”da 100 illik yubiley münasibətilə keçirilən tədbirdə Oklahoma Milli Qvardiyasını təmsil edən briqada generalı Luis Vilyam tərəfindən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanova təqdim edilib.

 

7news.Az

Xəbər lenti