Çağdaş təhsilimizin görünməyən siması

Çağdaş təhsilimizin görünməyən siması

Təhsil sahəsində aparılan köklü islahatlara qiymət verməkdən ötrü, zənnimcə, peşəkar mütəxəssis olmağa ciddi ehtiyac yoxdu. Uzun illər ərzində formalaşmış mənfi stereotiplərin qısa müddətdə aradan qaldırılması, müasir təcrübədən qaynaqlanan yeniliklərin cəsarətli tətbiqi, müəllim şagird (tələbə) münasibətlərinin daha şəffaf prinsiplər üzərində qurulması və c. və i. təhsil sistemimizin mahiyyətini dəyişən kifayət qədər tutarlı faktlardır.

Hər belə faktla rastlaşarkən inam və şübhə içərisində vurnuxmağımız, təəccüb hissi keçirməyimiz də artıqgünümüzün danılmaz reallığına çevrilib. Təəssüf, Azərbaycan insanı vaxtilə külli miqdarda rüşvət hesabına "yoluna qoyulan” təhsil problemlərinin bu günşəffaf şəkildə həllinə inanmaqda çətinlik çəkir, rüşvət verməyə çalışır. Çünki zaman-zaman təhsilimizin üstünü qara bulud kimi alan neqativ hallar daha çox kütləviliyilə yaddaşımızda "at oynadır, meydan sulayır” və cəmiyyətin bir qism sadə nümayəndələrini hələ də öz təsiri altında saxlayır. Görünür, bu islahatları həyatımıza adi norma kimi etap etməkdən, fərdlərin korlanmış təsəvvürlərini "yumaqdan” ötrü hələ bir qədər də zamana ehtiyac olacaq. O üzdən prosesi sürətləndirmək üçün xüsusilə kütləvi informasiya vasitələrini Təhsil Nazirliyilə orta məxrəcdə birləşdirən ümummilli maraqlar tərəfimizdən daha çox qabardılmalı, mövqelər müəyyənləşdirilməli,hədəflər dəqiq koordinasiya olunmalıdır. Çünki bu maraqlar hər şeydən öncə informasiya daşıyıcılarının üzərinə düşən məsuliyyət hissini özündə ehtiva edir. Bəli, təhsili müasir tələblər səviyyəsində formalaşdırmaq Təhsil Nazirliyinin əsas vəzifəsidirsə, görülən işləri cəmiyyətə olduğu kimi təqdim etmək dəKİV nümayəndələrinin bölüşdüyü danılmazməsuliyyətdi.

Ancaq bəzən biz bu məsuliyyəti ya axıradək dərk etmirik, ya da şəxsi maraqlar naminə idarə olunan "tənqidə” qurban veriririk. İstər-istəməz sual yaranır: Cəmiyyətin inkişafı müəllim adının nüfuzu ilə birbaşa bağlıdırsa, bir sıra kütləvi informasiya vasitələri nümayəndələrinin təhsil müəssisəsilərinə qarşı kəskin aqressivliyi, görəsən, hansı tutarlıfaktlardan qaynaqlanır? Axı son illər bu sahədə aparılan islahatlar, həyata keçirilən zəruri tədbirlər ən böyük ali məktəblərimizdən tutmuş ən kiçik təhsil ocaqlarınadək, heç birindən təsirsiz ötüşməyib. Bunun qarşılığında, məsələn, bir qrup adamın jurnalist adı altında varvarcasına orta məktəbə "hücum" etməsini sinirmək çox çətindi. Ondan da çətini bu "jurnalist"lərin özlərini sovet dövrünün "obexees"ləri kimi aparmasına baxmaqdı. "Qılınc çəkib, at oynada-oynada" təhsil müəssisəsinə təpilən, müəllimləri şagirdlərinin gözü qarşısında açıq-aşkar aşağılamağa çalışan və bundan sanki həzz alan bu "peşəkarlara" baxanda, adamın yadına Eldar Mahmudov düşür, Həsən bəy Zərdabi yox!

Şəmkirdə baş verən xoşagəlməz olaylarla bağlı bəzi media mənsublarının sərgilədiyi mövqe də, təəssüf, peşəkarlıqdan xəbər vermir. Bu məlumatların tam böyük əksəriyyətində analitik yanaşma tərzi, hadisəyə obyektiv qiymət vermək cəhdi, ən əsası, təhsilə dəstək hiss olunmur. Əlbəttə, orta məktəbdə belə bir hadisənin yaşanması ciddi narahatlıq doğurur və qəti yolverilməzdir. Amma hadisə ilə ilgili bir qism adamın faktları qəsdən şişirtməklə şou yaratmaq cəhdi və bu cəhdin arxasında dayanan təhlükəli məqamlar da diqqəti özünə az çəkmir.Yəni, insan amili, bioloji faktorlar qabardılmalı olduğu halda, hadisə cəmiyyətə ümumiləşmiş şəkildə təqdim olunur. Təhsil sisteminin geniş auditoriyasında tam məhdud sayda müəllimlərin qüsurlu xarakteri az qala böyük əksəriyyətə qarşı yönləndirilir. Bu cür informasiyaların yüz minlərlə şagird və tələbə tərəfindən oxunması sanki bir fakt olaraq unudulur. Nəticədə müəllim nüfuzu itir, müəllim adı ucuzlaşır. Öz işini vicdanla, namusla yerinə yetirən pedaqoqlarımız başını aşağı salmağa məcbur edilir.

Mən hələ bugünlərdə bəzi saytların 150 min müəllimin öz işini itirəcəyi barədə tirajladığı xəbərlər barədə danışmıram. Bu cür xəbərlər və onların daşıyıcıları əsl təhlükə və təxribat mənbəyidi. Sayı 4500 civarında olan orta ümumtəhsil məktəblərimizdə elə cəmi 150 min civarında da müəllim çalışırsa, bu kimi xəbərləri başqa necə dəyərləndirmək olar!

Bununla belə bir sıra təhsil ocaqlarında neqativ halların mövcudluğunu da heç kim inkar etmir. Bəzi məktəb rəhbərləri şagirdlərdən pul yığmaq mərəzindən hələ də əl çəkməyib. Dərsliklərimizdəki ciddi qüsurlar aradan qaldırılmayıb, dərs yükü normadan artıqdı və s.

Bəli, fakt – daşlaşmış həqiqətdi. Onu dekarativ düşüncə tərzilə kölgə altına salmaq, danmaq mümkün deyil. Bugünlərdə Bakı şəhərindəkiorta məktəblərdən birinə işə qəbul olunmuş keçmiş zabit dostumuzun öz tanışları ilə qızğın mübahisəsisini hələ də unuda bilmirəm. Ətrafındakılara şəffaf şəkildə, müsabiqə yolu ilə müəllim təyin olunduğunu sübut etməkdən ötrü dəridən qabıqdan çıxan cəbhə dostum sanki 90-cı illərin əvvəlində olduğu kimi, yenidən "döyüşə atılmışdı”.Öz övladının bir ali təhsil müəssisəsindən digərinə köçürülməsini istəyən, bu məqsədlə ona-buna rüşvət təklif edən və hər dəfəümidsiz geri dönən jurnalist həmkarımızın sonradan bu işin qanun çərçivəsində həllinə necə təəccübləndiyini unutmaq da çətindi. O həmkarımız dünən cibinə on beş min manat pul qoyub qapı-qapı düşməkdənsə, bu haqda işlədiyi media məkanında on beş cümləlik bir məqalə yazsaydı, dünya dağılmazdı ki! Amma yazmadı! Niyə? Çünki biz öz zəkamızla yalnız bu nöqtəyədək addımlaya bilirik. Görülən işi cəmiyyətə çatdırmaq, aparıcı təhsil mütəxəssislərinin zəhmətinə qiymət vermək isə heç ağlımızın ucundan keçmir. Yaxın qohumlarımdan birinin İqtisad Universitetilə bağlı danışdıqlarını da yaddaşımda dərin izlər buraxan təhsil hadisəsi kimi dəyərləndirirəm. Burada tələbələrin mütəxəssiskimi yetişməsi üçün son illər münbit şəraitin yaradıldığını bildirən qohumum oğlunun bütün imtahanlardan öz "başı” ilə keçdiyini fəxrlə danışa-danışa əməlli-başlı kövrəlmişdi. Eyni sözləri Dövlət Neft və Sənaye Universiteti haqqında da ürəklə demək mümkündü.

Ancaq bütün bunlar təhsil islahatlarını əhatə edən əsas uğurlu nəticələrin hamısı deyil. Təkcə ötən il yeni tədris mövsümünün başlangıcından bütün rayon və şəhərlərimizin ümumtəhsil məktəblərində təqribən 76 min nəfəri əhatə edən 5 yaşlı uşaqların dövlət hesabına məktəbəhazırlıq təhsilinə başlanılıb. Məktəb direktorlarının, müəllimlərin işə qəbulu yeni qaydalara uyğun olaraq müsabiqə yolu ilə reallaşdırılıb. Yüz iyirmi dörd məktəbdə təhsilin təmayüllər üzrə ixtisaslaşdırılması, təhsilalanların ali təhsil müəssisələrindən köçürülməsinin, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsinin elektron qaydada icrası, "ASAN” peşə layihəsi çərçivəsində 4 mindən çox şagirdin ilk peşə-ixtisas müəssisələrinə qəbul olunması, müəllimlərin diaqnostik qiymətləndirilməsi və s. və i. ağır zəhmət bahasına təhsil sisteminə tətbiq edilən, şəffaflığa, bacarıqlı kadrların seçilməsinə təminat verən danılmaz təhsil yeniliklərdəndir.

İndi kimi dindirirsənsə, qazandığı uğurlara görə ilk növbədə müəllimlərinə minnətdar olduğunu etiraf edir. Müəllim adı, müəllim nüfuzu həyatımızın ayrılmaz bir parçası, yaşam fəlsəfəmizin təməl sütunudur. Onu qorumaq gələcəyimizi qorumaq deməkdi. Gələcəyimiz isə bu gün parta arxasında əyləşən övladlarımızdı. Övladlarımızda müəllim adına hörmət hissi formalaşdıraq, təhsilimizə dayaq duraq ki, açılan hər sabahımızın müjdəçisi günəş olsun...

İbrahim RÜSTƏMLİ

7News.az

Xəbər lenti