AMEA: İmadəddin Nəsiminin iki əlyazma divanının surəti əldə edildi

AMEA: İmadəddin Nəsiminin iki əlyazma divanının surəti əldə edildi

İmadəddin Nəsiminin iki əlyazma divanının surəti əldə edilib.

7news.Az xəbər verir ki, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Report-a verilən məlumata görə, institutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasından böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadilli divanının iki nüsxəsinin surətini əldə edib. 

83 vərəqdən ibarət birinci divan aydın nəsx xətti ilə köçürülüb. 308 vərəqdən ibarət olan ikinci divan da səliqəli və gözəl xətlə yazılıb. Divan Nəsiminin əlyazma divanları içərisində ən irihəcmlilərdəndir.

Divanın əvvəlində "Divani-həzrəti-Seyyid Nəsimi qəddəsə sirülhül-əziz” ("Həzrət Seyid Nəsiminin (qəbri pak olsun) divanı”) sözləri yazılıb. Buraya 711 qəzəl, 6 tərcibənd, 3 məsnəvi, 9 müstəzad, 5 müxəmməs, 603 rübai, 3 qitə daxildir. Diqqəti cəlb edən cəhət odur ki, bu nüsxədə Nəsiminin əlyazma və mətbu divanlarında rast gəlmədiyimiz bir sıra şeirlər vardır. Mənbələrdə şairin heç bir müxəmməsinə rast gəlmədiyimiz halda, burada onun 5 müxəmməsi verilib.

Onu da qeyd edək ki, bu şeirlər hürufiliyi yaymaq məqsədilə Nəsiminin nüfuzundan istifadə edən, onun adından əsərlər yazan hürufilərə də məxsus ola bilər. Belə şeirlər hürufiliyin yayılmasının tədqiqi baxımından maraq doğurur. Nəsimi divanının yeni tapılmış əlyazma nüsxələri şairin irsini araşdıranlar üçün dəyərli töhfə hesab olunur.

7news.Az

Xəbər lenti