Arpadarai: Biz “Formula-1”in unudulmaz olmasını istəyirik

Arpadarai: Biz “Formula-1”in unudulmaz olmasını istəyirik

Baku City Circuit (BCC) əməliyyatçı şirkətin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Oxu.Az-a eksklüziv müsahibə verib:

- Ötən "Formula-1” mövsümünü və xüsusilə Bakı mərhələsini necə qiymətləndirirsiniz?

- Biz həm ötən mövsümü, həm də bizdə keçirilən yarışı yüksək qiymətləndiririk. Bildiyiniz kimi, Azərbaycan Qran-Prisi "Guardian” və "The Times” kimi mötəbər nəşrlərin versiyasına görə ilin ən yaxşı yarışı seçilib. Bu, bizi çox sevindirir.

Hətta indi də bəzi onlayn-resurslar səsvermələr keçirirlər və bizim yarış ilk üçlüyə daxildir, bəzi sorğularda isə hətta birinci yerdə gedir, bu isə Bakı Qran-Prisinin mövsümün ən yaxşı yarışlarından olduğunu isbat edir. 

Bizdə keçirilən yarışı 83 milyondan çox insan izləyib. Dörd milyondan çox insan isə həftəsonu yarışlarına onlayn baxıb. Bu, 2018-ci il üçün ikinci ən yüksək göstəricidir. Biz yalnız Avstraliyadan geri qalırıq, bunun isə öz obyektiv səbəbləri var: Avstraliya Qran-Prisi mövsümün ilk yarışıdır və daha çox tamaşaçı toplayır.

"Formula-1” statistikasına əsasən, tamaşaçıların 76 faizi yarışın Bakı mərhələsindən zövq alıb. Adətən, bu göstərici 70 faiz civarında olur. Bu vaxta qədər cəmi üç mövsüm keçirdiyimizi və onlardan ikisində ən yaxşı olduğumuzu nəzərə alsaq, görülən işlərdən qürur duymamaq olmur.

- Ötən üç yarışı necə xarakterizə edə bilərsiniz?

- İlk yarış 2016-cı ildə sakit keçib, bu, gözlənilən idi. Pilot və komandalar riskə getmək istəmirdi, çünki ilk dəfə Bakı trasına daxil olurdular, onlar təcrübədə Bakı trasının özəllikləri ilə tanış deyildi. Ancaq növbəti yarışlar heyrətamiz olub. Həm avtopilotlar, həm də avtoidman fanatları Bakı Qran-Prisinin ən gözlənilməz "Formula-1” mərhələsi olduğunu bildirir. 

Sevindirici haldır ki, həm televiziya izləyiciləri, həm də tribunada əyləşən tamaşaçılar yarışın maraqlı və dinamik olduğunu hesab edir. Təbii ki, biz təşkilatçı olaraq, yarışın gedişatına təsir göstərə bilmərik. Ancaq BCC promouter olaraq konsertlər və yeni əyləncə zonaları təşkil etməklə, yarışı daha maraqlı etməyə çalışır.

- Tamaşaçıların əyləncə baxımından nələrə üstünlük verdiyini öyrənmək üçün hər hansı sorğular keçirirsiniz?

- Əlbəttə. Biz hər zaman bilet alıcıları arasında sorğu keçiririk, onların sorğularına cavab verməyə çalışırıq, həmçinin onlayn-sorğunun və "Formula-1” sorğusunun nəticələrini nəzərə alırıq. Biz artıq insanların nə istədiyini bilirik. Konsertlərə gəlincə, təkcə yerli tamaşaçıya deyil, əcnəbilərə də maraqlı olan ulduzları dəvət edirik.

Bildiyiniz kimi, bu mövsüm konsertlərdən savayı, tanınmış DJ-lərin iştirakı ilə "afterpartilər” də təşkil etmişik. Çoxlu oyun zonaları var idi. Uşaqlar üçün xüsusi zonalar var idi. Gələn mövsüm də tamaşaçıları maraqlı konsert proqramı gözləyir.

- Mövsümün başa çatmasına baxmayaraq, sizdə bütün işlər tam gücü ilə davam edir. Növbəti Bakı Qran-Prisinə hazırlıqların artıq başladığını demək olar?

- Bəli, tam olaraq bütün istiqamətlərdə hazırlıqlar başlanılıb. Artıq 20 faiz endirimlə biletləri satışa çıxarmışıq, bu kampaniya yanvarın 1-nə kimi (2019) davam edəcək.

Bundan savayı, Azərbaycan vətəndaşları üçün bütün kateqoriyalardan olan biletlərə 25 faizlik endirim var. İndi yarışa bilet almaq üçün əsl vaxtdır, belə ki, 10 gündən sonra qabaqcadan "bron” (sifariş) kampaniyası dayandırılacaq.

Biz artıq könüllü proqramında iştirak etmək üçün ərizələrin qəbulunu yekunlaşdırmışıq. Birinci gündə bizə alt minə yaxın insan müraciət edib. Bir neçə gündən sonra ərizələrin sayı 12 mini ötdü. Yarışın başlamasına altı ay qalsa da, biz artıq lazımi sayda könüllü toplaya bilmişik.  

İndi ən yaxşı namizədlərin yığımı prosesi gedir. Şirkət marşalların seçimlərini davam etdirir, həmçinin, tikinti işlərinə start verilib. Yarışın başlamasına bir həftə qalmış tras işlərin yekunlaşması məqsədilə bağlanacaq.

- Üç min könüllü və 1200 marşal şəhər yarışı üçün çox deyil?

- Birinci il bizdə beş min könüllü var idi, ötən il onların sayını üç minə qədər azaltdıq, həmçinin, seçimlə bağlı meyarları artırdıq, başlıca olaraq xarici dillərdə danışa bilənlərə üstünlük verdik. Hesab edirəm ki, bu, gənclərin peşəkar səviyyədə inkişafı və ilk təcrübə baxımından yaxşı şansdır. "Həftəsonu yarışlarına” hazırlıqdan savayı, onlar treninqlərdə yeni bilgilər və bacarıqlara yiyələnir.

Yarışı keçirən digər ölkələr arasında ən böyük əyləncə zonalarından biri bizdədir. Könüllüləri cəlb edən təkcə yarış yox, eyni zamanda, əyləncə zonalarıdır. Habelə onlar aeroportlarda, hotellərdə və media mərkəzlərində bizim qonaqlara kömək edirlər. Könüllülər iki növbəli rejimdə işləyir, onların köməyi qiymətsizdir.   

- Könüllülərdən neçə nəfər təşkilati komitəyə götürülüb?

- İlk yarışdan sonra 50-yə yaxın insan şirkətə işə götürülüb. Sonradan onların sayı 75-ə qədər artıb. Onlar gənc, bacarıqlı və enerjili insanlardır. Bu il biz xaricdən də könüllülərin qoşulacağını gözləyirik. Onlar Minskdə keçirilən Avropa Oyunlarında iştirak edəcəklər.

Bir məsələyə diqqət çəkmək istərdim. Bütün promouterlər könüllülərlə iş baxımından bizim şirkətin qabaqcıl şirkətlərdən olduğunu qeyd edir.

- Ötən il ərzində neçə bilet satılıb? Daha çox hansı ölkənin vətəndaşları bilet alır?

- Ötən il 78 ölkənin vətəndaşlarına bilet satmışıq. İndi daha çox Avropa ölkələrinin vətəndaşları bilet alır. Azərbaycanlılar arasında fəallıq həllik müşahidə olunmur. Onu da qeyd edim ki, yerli əhali arasında bilet satışına təkan vermək üçün onlayn satışı bir qədər sonra işə salmışıq.  

Ötən il tamaşaçıların sayında nisbət 70/30-a idi (70 faiz Azərbaycan vətəndaşları, 30 faiz əcnəbilər). "Formula-1”in Bakı sakinləri arasında bu qədər populyarlaşmasına sevinirik.

Ötən yarışda xaricilərin sayı proqnozlaşdırıldığından daha çox idi.

Başqa bir problem, Avropadan Bakıya hava reyslərinin sayının kifayət qədər olmamasıdır. Ancaq "ASAN Viza” sisteminin tətbiqi ilə xaricilərin bizim ölkəyə gəlişi daha asanlaşıb. Bununla belə, "Formula-1” yarışları ərzində Bakı reyslərinin sayı artırılsaydı, çox yaxşı olardı.

- Yarış dövründə Avropadan hava reyslərinin artırılması ilə bağlı AZAL və digər aviaşirkətlərlə danışıqlar aparılır?

- Bəli, biz mütəmadi olaraq AZAL-la əlaqə saxlayırıq. Ötən il onlar London və Parisdən aviareyslərin sayını artırdılar. Yaxın zamanda bu məsələni milli aviadaşıyıcı ilə yenidən müzakirə edəcəyik. Artım potensialı var.  

- Siz ildən-ilə BCC xərclərinin azaldığını dəfələrlə vurğulamısınız. Bu il büdcə kiçiləcək?

- Bizim rəqəmləri açıqlamağa ixtiyarımız yoxdur, ancaq birmənalı olaraq deyə bilərəm ki, bəli, xərclər getdikcə azalır. Birinci il ilkin investisiyalarla əlaqədar büdcə böyük idi: yollar salınırdı,  konstruksiyalar alınırdı, yeni asfalt örtüyü çəkilirdi. İndi isə nə asfalt, nə də tribunalar yenilənir. Bütün bunlar artıq bizim anbarda saxlanılır. Pit-bildinq qurmağı planlaşdırırıq.

Birinci il həm də yarışın reklam və təbliğatına böyük vəsaitlər xərcləmişik, ancaq indi azarkeşlər arasında o qədər populyardır ki, Bakı Qran-Prisinin reklam büdcəsi birinci illə müqayisədə əhəmiyyətli dərəcədə kiçilib. Həmçinin bilet satışından gəlirlər çoxalıb.

- Baku City Circuit-in icraçı direktoru Arif Rəhimov verdiyi müsahibədə bildirib ki, Azərbaycan tərəfi müqaviləyə yenidən baxılması ilə bağlı məsələni qaldırmaq niyyətindədir, belə ki, bizim tərəf reklamların yerləşdirilməsi qaydaları ilə razı deyil.

- "Formula-1” müqaviləsində qeyd olunur ki, yarış trası onlara məxsusdur. Ona görə reklam hüquqlarına da onlar sahibdirlər. Ancaq hal-hazırda "Formula-1”in sahibi olan "Liberty Media” şirkəti ilə danışıqlar davam etdirilir, müqavilənin bəzi müddəaları üzrə müzakirələr aparılır.

- Müqavilənin başa çatmasından sonra Bakının "Formula-1” təqvimində qalacağı ehtimalı nə dərəcədə böyükdür?

- Çox realdır. Hər iki tərəf yarışların davam etdirilməsində maraqlıdır.

- "Formula-1” yarışının keçirilməsindən sonra Azərbaycan dünyada daha yaxşı tanınır?

- Bizim ölkənin populyarlığı bir neçə dəfə artıb. 83 milyonluq auditoriyası olan reklam "Formula-1” yarışının təşkilindən daha baha başa gələrdi. Təsəvvür edin ki, üç il dalbadal bütün dünya telekanallarında bizim gözəl şəhəri göstərirlər. Bəzən adamın heç inanmağı gəlmir ki, bu, bizim Bakıdır.   

Xaricdə olan bir çox dostlarımız Bakını yarışdan sonra tanıdıqlarını qeyd edir. 83 milyon hələ ancaq tamaşaçılardır. Halbuki həm yarışdan əvvəl, həm yarış vaxtı, həm də yarışdan sonra aparıcı beynəlxalq KİV-lər Azərbaycan haqqında yazmağa, danışmağa başladı.

Qeyri-rəsmi rəqəmlər daha yüksəkdir. 2017-ci ildə Sebastyan Fettellə Lüis Hemiltonun toqquşması və 2018-ci ildə "Red Bull” avtopilotu Daniel Rikardo ilə Maks Ferstappenin törətdiyi qəza il ərzində müzakirə olunub.

Ötənilki yarışın ilk biletini əldə edən şəxs verdiyi açıqlamada həyat yoldaşı ilə Qran-Prini izlədiklərini və "Niyə də bu gözəl şəhərə səyahət etməyək”, - deyə Bakıya gəlmək fikrinə düşdüklərini dilə gətirib. Biletlər satışa çıxan kimi onu əldə ediblər.

- 2018-ci il yarışı bir sıra səbəblərə görə apreldə keçirildi. Bu il isə "Liberty Media yarışın təqvimini dəyişməməyə qərar verdi. Təqvimdəki dəyişiklik Baku City Circuit-in işinə necə təsir göstərdi?

- Biz ölkədə Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümünün qeyd olunması ilə əlaqədar yarışın vaxtının dəyişdilməsini xahiş etmişdik. Bilirsiniz, Bakıda ildönümünə həsr olunmuş möhtəşəm parad keçirilmişdi.  Vaxtı dəyişdirməsəydik, şəhəri qısa müddətə "Formula-1” yarışlarını qəbul etmək üçün hazır vəziyyətə gətirə bilməyəcəkdik.

Təşkilatçılar güzəştə getdi və yarışın təqvimini dəyişdilər. Ancaq aprel həm də gözəl aydır, paytaxtda temperatur o qədər də yüksək olmur. Xatırlayırsınızsa, yarış günündə şiddətli külək əsirdi, hətta tamaşaçıların tribunalarda əyləşməyəcəyi ilə bağlı narahatlıqlar da var idi.  Amma o cür şəraitdə belə tamaşaçılar yarışı əvvəldən axıra kimi izlədilər.

- Qran-Pri Bakının mərkəzi küçələrində keçirilir. Trası hazırlamaq çətin olmur ki? Axı asfalt yenidən salınır...

- Bizim tras FİA beynəlxalq avtomobil federasiyasının bütün standartlarına cavab verir. "Formula-1” yarışının xüsusi komissiyası var. Bu komissiya yolun hər bir qarışını yoxlayır. Trasın bağlanmasından sonra bizim mütəxəssislər də yola baxış keçirir, ehtiyac yaranarsa, asfalt örtüyü fraqmentar şəkildə təzələnir və qısa zamanda müvafiq işlər görülür.

- Sözünüzdən elə çıxır ki, həmin yolda avtomobillərin hərəkət etməsinə baxmayaraq, trasın keyfiyyəti korlanmır?

- Əsla. "Formula-1” texniki direktoru Çarlz Uaytinq yarışların başlamasından bir neçə gün əvvəl Bakıya gələrək bizim mütəxəssislərlə baxış keçirir. O yarışın keçirilməsinə icazə verməsə, yarış ləğv oluna bilər. Bu, icbari bir prosedurdur, ona görə biz trasın mükəmməl səviyyədə olması üçün əlimizdən gələni edirik.  

2018-ci ildə Azərbaycanda keçirilən Qran-Prini bəyəndiniz?

- Çox  bəyəndim. Heyran olmuşdum! Ən yaxşı yarışın bizdə keçirildiyini düşünürəm. Bunu başqa tamaşaçılar da qeyd edir. Biz yaxşı işlər görmüşük, digər promouterlər arasında seçilirik.

- Yarış vaxtı bir çox hotel və restoranlar qiymətləri qaldırır. Sizin şirkət bu istiqamətdə hər hansı işlər aparır?

- Təəssüflər olsun ki, bu, təkcə bizim ölkədə yox, yarışın keçirildiyi bütün ölkələrdə hər zaman olub. Abu-Dabidə hotel və restoranlar kosmik qiymətlər təyin edirlər. Hotel və restoranlar özəl biznes sektoruna aiddir, biz heç cür situasiyaya təsir göstərə bilmərik.

-  Gələn mövsümdən nələri gözləmək olar?

- Gələn mövsümdə yeni pilotlar, yeni enerji olacaq. Komandalar pilot tərkibini dəyişir. Məncə, gələn mövsüm daha maraqlı olacaq. "Libery Media” bu baxımdan yaxşı iş görüb. Onlar promouterlərlə, komandalarla və azarkeşlərlə aktiv şəkildə işləyirlər.

- Berni Eklstounun komandasının əvəzinə "Liberty Medianın gəlişi ilə hansı dəyişikliklər baş verib?

- Çox dəyişikliklər olub. Əlbəttə ki, Berni Eklstoun əfsanəvi şəxsiyyətdir, "Formula-1”i indiki səviyyəsinə o çatdırıb. Onun sayəsində bu yarış elit idman növünə çevrilib. "Liberty Media” bu brendi almaq üçün külli miqdarda pul xərcləyib. Bu, zamanın tələbi idi.

Marketinq baxımından dəyişikliklər edilib. Promouterlər "Formula-1”lə daha sıx işləməyə başlayıblar. Düşünürəm ki, "Liberty Media” brendin strategiyasını daha yaxşı anlayır. Onların "məhsulun tərəqqisi” baxımından daha müasir yanaşma və dünyagörüşü var. Eklstounun komandası isə yarışlara daha mühafizəkarcasına yanaşırdı, yeni trendləri o qədər də yaxın buraxmırdılar. "Liberty Media” isə qapılarını innovasiyalara açıb. Onlar promouterlərlə sıx əməkdaşlıq edirlər və bizimlə daima əlaqə saxlayırlar.

- Brendin inkişafı baxımından Baku City Circuit qarşıya hansı məqsədləri qoyub?

- Biz istəyirik ki, Bakı Qran-Prisi elə yarış olsun ki, hər kəs orada tamaşaçı qismində iştirak etməyə can atsın. Bizim çox iddialı, canlı və aktiv brendimiz var. Məqsədimiz daha geniş auditoriyanı əhatə etməkdir, xaricilərin bizim ölkə haqqında məlumatlı olmasını, bizim şəhərə gəlmələrini istəyirik. Sevindirici haldır ki, şəhər də "Formula-1”in nə olduğunu daha yaxşı anlamağa başlayıb.

7News.Az

Xəbər lenti