Arvadını qonşusu ilə hamamda tutan ərdən dəhşətli əməl - Azərbaycanda

Arvadını qonşusu ilə hamamda tutan ərdən dəhşətli əməl - Azərbaycanda
Arvadını hamamda qonşusu ilə tutan Şəmkir rayon sakini Gəncə Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə müraciət edib.

Cinayət məcəlləsinin 29.120 (ölümə cəhd) maddəsi ilə məhkumluq həyatı yaşayan Mövlan Məmmədovun məhkəmə prosesinə hakim İmran Hacıqyıbov sədrlik edəcək. 

İttiham aktına görə, Mövlan Məmmədov 12 avqust 2015-ci il tarixdə qayınatası Könül Əliyev ilə birlikdə Samux rayonuna gedib. Daha sonra Mövlan Samux rayonunda qayınatasına məxsus avtomaşını başqa bir avtomaşınla dəyişib və həmin gün yaşadığı evə qayıdıb. Evin həyətinə daxil olanda həyat yoldaşı Nübar Əliyeva həyəcanlı halda qarşısını kəsərək onu həyətdəki istilikxanaya aparmaq istəyib.

Qisqanclıq
Həmin vaxt Mövlan Məmmədov qəflətən arxaya baxıb və bu zaman qonşusu Eynur Xəlilovun əlində qarpız hamamdan çıxdığını görüb. Mövlan Məmmədov arvadının Eynurla gizli görüşməsindən şübhələnib. Bu səbəbdən Mövlan Məmmədov Gəncə şəhərində yerləşən "Azərcell" mobil operatorunun ofisinə müraciət edib və yoldaşının işlətdiyi mobil nömrədən gedən zənglərin və SMS-lərin çıxarışını alıb.

Həmin zənglərə və SMS-lərə baxan zaman avqustun 12-də, saat 22.15-də Eynur Xəlilova məxsus mobil nömrəyə SMS getdiyini görüb. O, Eynur ilə arvadı Nübar Əliyeva arasında yaxın münasibətin mövcudluğuna əmin olub. Bu səbəbdən Mövlan Məmmədov Eynur Xəlilovu qısqanclıq zəminində qəsdən öldürmək qərarına gəlib. Mövlan Məmmədov Eynur Xəlilova zəng edərək telefonda "səni yaşatmayacağam" deyib və sonra atası Fərrux Məmmədova məxsus Şəmkir rayonu Qapanlı kəndində yerləşən evə gəlib.

O, Eynur Xəlilovun hədələnməsi barədə valideynlərinə məlumat verib. Sonra məsələni aydınlaşdırmaq məqsədilə öncə Eynur Xəlilovun atası Bəhlul, arxasınca isə anası Ziyafət Xəlilova onlara gəlib. Hər iki ailə arasında qarşılıqlı mübahisə yaranıb. Səs-küyə küçəyə çıxan Eynur Xəlilov Mövlan Məmmədovun əlində bıçaq küçəyə çıxdığını görüb. Eynur Mövlan Məmmədova yaxınlaşıb və onların arasında əlbəyaxa dava olub.

Bu zaman Mövlan Məmmədov özündə olan bıçaqla Eynur Xəlilova ardıcıl olaraq 4 zərbə vurub. Eynur Xəlilov özünü müdafiə edib, sonra Könül Əliyev, Nəhayət Şahverdiyeva və Kifayət Hüseynova onları aralayıb.

İki maddəli cinayət işi

Eynur Xəlilova vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Mövlan Məmmədov Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham edilib.

Mövlan Məmmədovun barəsində olan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Faiq Mahmudovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

"Öldürmək niyyətim olmayıb"

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Mövlan Məmmədov bildirib ki, Eynuru sözlə hədələsə də, onu öldürmək niyyəti olmayıb: 

 
"Eynuru öldürmək üçün mənə heç bir şey mane olmayıb. Eynur bizim evimizdə anama, daha sonra mənə hücum edərək vurduğu üçün məcburiyyət qarşısında qalaraq bıçaqla onu vurmuşam. Etdiyim əməldən peşmanam, zərərçəkmiş tərəflə barışmışam, iki azyaşlı uşağımın olmasını nəzərə alınmasını xahiş edirəm".

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Eynur Xəlilov bildirib ki, noyabrın 9-da, saat 14 radələrində Şəmkir rayonu Qapanlı kəndində Zakir adlı şəxsin həyətində xurma qablaşdırarkən tanımadığı nömrədən bir nəfər qadın ona zəng edib və kim olduğunu soruşub: 
"Bəhlulun oğlu Eynur olduğumu dedim. Bu zaman zəng edən qadın dedi ki, Mövlanın bacısı Nəhayətəm, gəlirəm səni döyməyə. Nəhayətdən məndən əl çəkməsini tələb etdim. Bundan sonra yaşadığım evə getdim. Atam Bəhlula və anam Ziyafətə Nəhayətin zəng edərək mənə dediklərini danışdım. Atam sözümü ciddiyə almadı. Bildirdi ki, yəqin kimsə səninlə zarafat edir, get işinlə məşğul ol".

"Anama xəsarət yetirdiyini düşündüm"
Eynur Xəlilov qeyd edib ki, nahar etdikdən sonra təkrar Zakirin yaşadığı evə gedib: 
"Orda olarkən Mövlan zəng edərək "gəlirəm, səni yaşatmayacam" dedi. Mövlana "nə istəyirsən məndən, əl çək" ifadəsini işlətdim. Mövlan mənə başqa bir söz deməyib telefonu söndürdü. Təkrar evə qayıdaraq atam və anama Mövlanın mənə zəng edərək işlətdiyi cümləni dedim. Bu sözümdən sonra atam Mövlangilə getdi".

Eynur Xəlilov bildirib ki, bundan sonra Mövlangilin həyətindən danışıq səsləri gəlməyə başlayıb:
"Səsə küçəyə çıxdım. Bu zaman anam Ziyafətin əli ilə üzünü tutduğunu gördüm. Kiminsə anamın üz nahiyəsindən vuraraq xəsarət yetirdiyini düşündüm".
Eynur Xəlilovun sözlərinə görə, həmin vaxt Mövlanın əlində bıçaq atasına tərəf gəldiyini görüb: 
"Ona görə də Mövlana tərəf getdim, ona çatanda bacısı və qardaşı atamı buraxaraq üzərimə gəldilər. Mövlan isə əlindəki bıçaqla kürək nahiyəmdən və döş qəfəsimdən vurdu.

Nəhayət isə məni Mövlandan aralayaraq yerə yıxdı. Nəhayət bədənimdən qan axdığını gördü və qorxaraq "Ay Allah, Mövlan Eynuru bıçaqlayıb" dedi. Bu zaman onların hamısı qaçaraq həyətə girdilər".

Zərərçəkmiş ifadəsinin sonunda valideynləri tərəfindən xəstəxanaya çatdırılmasından, vaxtında tibbi yardım göstərildiyi üçün həyatının xilas edilməsindən, həmçinin təqsirləndirilən şəxsin həyat yoldaşı ilə münasibətinin olmamasından danışıb.

8 il cəza
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mövlan Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Mövlan Məmmədov apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini, cəzasının şərti hesab edilməsini istəyib.

Mövlan Məmmədovun şikayəti Gəncə Apelyasiya Məhkəməsində araşdırılıb. Hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən prosesdə Mövlan Məmmədovun apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

Sonda hakim kollegiyası Mövlan Məmmədovun apelyasiya şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
 
7news.Az

Xəbər lenti