Arzuların sahilində dayanan... ÜRƏK!

Arzuların sahilində dayanan... ÜRƏK!
Siz hansısa məqamda tanımadığınız, ummadığınız birindən qürur nümayişi görsəniz, o adamın adını bilməsəniz də, ürəyinizdə onu "Balabəy müəllim" çağırın!
Siz hardasa ləyaqətli bir insanla rastlaşsanız, adını, ünvanını bilməsəniz də, ürəyinizdə "bu Balabəy müəllimdir ki, var" deyib, əbədi yaddaşınıza həkk edin!
Siz eloğlularının böyüyündən kiçiyinə kimi qapısını döyən, onların dərd-səriylə  maraqlanan, onlara doğma yurdun ab-havasını gətirən bir kişi görsəniz, adını, kimliyini bilməsəniz də, ürəyinizdə "ancaq Balabəy müəllim belə simsar, təəssübkeş ola bilər"deyib hörmətlə qarşılayın, yola salın...

Balabəy müəllim nəinki kişiliyin, insanlığın ən gözəl keyfiyyətlərinin toplusunu özündə ehtiva edən böyük simalardan idi. Və... elə buna görə də O, ömründən uzun yaşayan insanlar sırasında olacaq! Həmişə və əbədi! Nəsillər Onu yaddaş əmanəti kimi bir-birinə xatırladacaq!
Balabəy müəllim yaddaşdır həm də!
Balabəy müəllim mənim oğullarına görə tanıyıb hörmət bəslədiyim atadır. Amma özünə görə şəxsiyyətinə rəğbət bəslədiyim, dostlaşdığım gözəl insandır! Yəni O nurlu insanla tanışlıq elə dostlarımın atası ranqında, statusunda qalmadı!
Unudulmazlıq statusunu sağlığında insani münasibətiylə qazanan kişilərdən oldu!
Onun Bakıda qapısını döyəsi, axtarası, dərdiylə maraqlanası, toyunda iştirak edəsi, itkisinə təsəlli verəsi ünvanları dəqiqə hesabıyla götürsən, bir gərdişə bir ay bəs eləməzdi, amma hər dəfəki gəlişində axtarardı, zəng edərdi, görüşüb çay içmək istədiyini deyərdi. Vaxt imkanı lap məhdud olanda, çöldə-bayırda görüş alınmayanda oğlunun evinə çağırardı! Hər müraciətində "Aydın müəllim" deməyi bir dünyaydı, hətta yalvarsam da ki, mənə sadəcə "Aydın" deyin, alınmırdı. Yazılarımdakı fikirləri dəyərləndirər, yazımdakı "alaqların" üstündən keçər və növbəti görüşəcən ürəyimdə tükənməz bir nur payı saxlayardı!
Nurunu bölüşən kişiydi!
Mən bəzən dostlarımı dostlarımla tanış etməyə həvəslənsəm də, bəzən bunu etmirəm, ancaq Balabəy müəllim dostluğu bölüşən-paylaşan böyük dost idi. Bir də görürdün ki, sənin orbitinə dəxli olmayan birylə səni tanış etmək üçün zəng vurdu, çağırdı, tanış etdi: qoy Aydını daha bir dəyərli insan tanısın, oxusun. Eləcə də başqalarına münsaibətdə belə idi.
Mən bayramlarda təbrik üçün zəng edərdim "Ağsaqqal" çağırdığım bu gözəl insana: səsi, məxməri və şaqraq, şən və ürəyəyatımlı, zəhmli və nüfuzedici səsini eşitmək üçün! Fəqət Balabəy müəllim ən gözəl arzularını çatdırmaq üçün uyğun bildiyi məqamda zəng edərdi.
Balabəy müəllimin ürəyi gözəl, yuxa, humanist və şərəf verən arzularla doluydu, tükənməziydi!
Mən çoxdandı Balabəy müəllimdən elə arzuları eşitmirəm: Onun ürəyi arzuların sahilində dayanan ürəklərdən oldu.
Hər bir insanıın faydalı iş əmsalı var. Balabəy müəllim övladlarıyla, tutduğu vəzifələriylə və gördüyü işlərin üstündə də cəmiyyətin ən dəyərli insanıydı, məncə, doğma kəndi haqqındakı kitabı isə... həm elinə-obasına, həm də xalqın tarixinə bir töhfə idi!

Balabəy müəllim haqqında yazını işləyərkən, dostlardan birinin danışdığı xatirə yada düşdü: müharibədən qayıtmayan oğluna ana ehsan vermir və başdaşı qoydurmur: "mənim oğlum ölməyib və hələ də döyüşür!"
Mən populizmə yuvarlanmadan və pafosa meydan vermədən söyləyirəm: Balabəy müəllimlə sağollaşmamışam, onun qəbrini ziyarət etməmişəm... bir o sadə səbəbdən ki, bu böyük insan mənim yaddaşımın adamıdı! Mən yola salındığı bu nahaqq dünyanın haqq qapısında ona ehtiramımı ifadə etmək üçün yox, sadəcə... onunla növbəti görüşüm kimi, Züvüc guşənişinliyinə-qəbristanlğına üz tutacam!
Mənim düşüncəmdə belədi: "atalar ölmür ki!" Ola bilər ki, hətta Züvüc və yaxud hansısa ayrı bir qəbristanlıqda bu epitafiya kiminsə başdaşısına yazılsın, amma mənim düşüncəmdə belədi.
Ataların qəbrini ziyarət etmirlər, Atalarla görüşə, dərdləşməyə, söhbətləşməyə gedirlər - harda olsalar da! Və bunu ona görə edirlər ki, onlar artıq özləri görüşə gələ bilmir... üzrlü səbəbdən.
Ataları hər zaman axtarmaq lazımdı, onlarla hər zaman bölüşmək üçün onlara inam, güvən olmalıdı!
Dost atalar... mənim ən çox rəğbət bəslədiyim atalardı.
Mənim qələm, tələbəlik, iş dostlarım çox olub, yenə də ola bilər, amma mənim dost olduğum dost atalar çox azdı. İlk sırada isə Balabəy müəllimdi.
Balabəy müəllimin dost olduğum övladlarıyla heç bir halda münasibəti ona görə kəsmirəm ki, onlar Balabəy müəllimdəki xüsusiyyətləri özlərində daşıyır və onun obrazını yaşadırlar - Cəmildə bir formada, Aqildə ayrı cür, Ceyhunda tamam fərqli.

 Balabəy müəllim hərdən hamıdan inciyib küsdüyümdə hamını əvəz edən dostdu, ağsaqqaldı. Onunla danışanda çox rahat demək olur ki, filankəslər adam deyillər və O hamıdan fərqli olaraq dillənir: heç kimdən incimə, günahı özündə gör!
Bax, Balabəy müəllimi həm də buna görə əzizləyirdim: özündə günah axtarıb, amma özündə günah tapılmayan insan idi!
70 yaşını təbrik edirəm diri adam, köhnə kişi, mərd dost
SON SÖZ ƏVƏZİ: Sən necə də gözəl görünürsən dağların qoynunda, düşüncələrimizin zirvəsində, arzularımızın sahilində, ömrümüzün Everestində! - ölərilər kütlə içində görünməz olur, alilər-əbədilər həmişə gözgörəsi məsafəyə qədər yaxın! Fərq etmir ki, o ali insan Lerikin Züvüc kəndindədi, yoxsa Moskvanın Qızıl Meydanında!
Avtobioqrafiyamızın Kremlindən - Qızıl Meydanından boylanan kişi, xoş gördük! Yubileyin mübarək!
 
Hörmətlə, sevimli müəllifin
Aydın Canıyev

p.s. Balabəy Əhəd oğlu Alışovun bu gün- yanvar ayının 2-də 70 yaşı tamam olur!

Xəbər lenti