Ayaqyolunu düzəltmədiyinə görə ərindən boşanan qadının həyat hekayəsi - FOTO

Ayaqyolunu düzəltmədiyinə görə ərindən boşanan qadının həyat hekayəsi - FOTO
Sabunçu rayon Zabrat (Birinci) qəsəbə sakini İradə Qədimalıyeva ölkə.az-a keçmiş həyat yoldaşıyla bağlı şikayət müraciəti edib.

İ.Qədimalıyevanın sözlərinə görə, 2000-ci ildə Ucar rayonu Alpoud kənd sakini, 1979-cu il təvəllüdlü Cəlilov Taleh Əlövsət oğlu ilə ailə qurub. Beş ildən sonra övladları dünyaya gəlib:

"Oğlumuz Əli dünyaya gəldi. Hazırda oğlumun 12 yaşı var. Bir müddət rayonda yaşadıq. Amma işi Bakıda olduğuna görə buraya köçəsi olduq. Talehin Bakıda evi yox idi. Anamın Bakıxanov qəsəbəsində bir otaqlı mənzili vardı. Həmin mənzili satıb Zabratdan dörd otaqlı həyət evi aldıq. Əvvəl münasibətlərimiz qaydasındaydı. Evə normal bazarlıq edirdi. Qardaşları, bacısı gəlib qalırdılar. Bacısının biri həyətimizdəki bir otaqlı mənzildə qalırdı. Yəni, normal yola gedirdik".

İ.Qədimalıyeva deyir ki, münasibətlər həyat yoldaşının evə laqeyd yanaşmağına görə soyuyub:

"Biz bu evə köçəndə qara suvaq idi. Düşündük ki, tədricən düzəldərik. Heç suyumuz da gəlmirdi. Deyirdim ki, Taleh, əlli metr plastmas boru al, suyumuzu çəkdirək. Deyirdi ki, qaçhaqaç deyil ki. Uşağın bir yaşı tamam olmuşdu, amma doğum haqqında şəhadətnamə almamışdıq. Pul xərcləməmək üçün hər işə laqeyd yanaşırdı. Özü üzlük daş ustasıdır. Mənə kobud rəftar etdiyini, içdiyini, çəkdiyini deyə bilmərəm. Amma üzr istəyirəm, evimizin ayaqyolusu çox pis gündəydi, üstü açıq, böyür-başı deşik-deşik idi. Deyirdim, bunu düzəlt. Yaxınlıqda bir manatlıq hamama gedirdik. İşıqpulunu da vermirdi. Yazıq anam pulu olanda özü ödəyirdi. O gedəndən sonra anam mənim qızılımı satıb beş yüz manat işıqpulu ödədi". 
Şikayətçi qeyd edir ki, həyat yoldaşının bu hərəkətlərinə görə 2007-ci ildə rəsmən boşanıblar və boşanmadan 21 gün sonra Taleh Cəlilov ikinci dəfə ailə qurub:

"2007-ci ildə boşandıq. Məqsədim odur ki, uşağımın alimentini ödəsin. Nalayiq söyüşlərlə xəbər göndərir ki, sənin vəkilin mənə heç nə edə bilməz. 2013-cü ilin aprel ayından aliment ödənmir. Hazırda ümumilikdə 6 min manat aliment borcu var. Təsəvvür edin ki, uşağın şəhadətnaməsində mənim soyadımdır. Deyir ki, mənim soyadımla uşağa şəhadətnamə alsan, qulağımı kəsərəm. Heç yerdə belə qəddar ata görülməyib. Ayrılandan 21 gün sonra Bakıxanov qəsəbəsində özünə toy elədi, 18 yaşında qızla evləndi. İnanmadım, gedib uzaqdan baxdım ki, bəy maşınından düşüb girdi şadlıq sarayına. Düşünürdüm ki, bəlkə barışarıq. Deməli, bu adam evlənməyi planlaşdırırmış. İyirmi bir günə evlənmək olar? Hazırda dörd övladı var. Üç qızının olduğunu bilirdim, bir neçə ay öncə daha bir övladı olub. Əgər bu adam dörd uşağa baxa bilirsə, mənim uşağımın da alimentini versin də. Axı bu da sənin övladındır. Yaxşı insan beş ildən sonra dünyaya gələn övladını atıb, 21 günün içində evlənməzdi. Bir neçə il öncə məhkəmədə hakim ondan neçə övladının olduğunu soruşdu. Dedi ki, üç qızım var". 

Şikayətçi sonda aidiyyatı orqanlara müraciət edib:

"Lazım olan bütün orqanlar müraciət etmişəm. Xahiş edirəm ki, mənim uşağımın alimentinin alınmasında kömək etsinlər. Tək anayam, iş olanda işləyirəm, olmayanda bekar qalıram. Övladımın gələcəyinin təmin edilməsi üçün çalışıram. Keçmiş həyat yoldaşımdan da artıq bir şey istəmirəm. Övladımın haqqı olan alimenti ödəsin".
Ayaqyolunu düzəltmədiyinə görə ərindən boşanan qadının həyat hekayəsi - FOTO
7News.Az

Xəbər lenti