"15 gündür yatmırıq"

Ağdaş rayonun Qoşaqovaq kənd sakinləri təxminən 20 günə yaxındır təşviş içərisində yaşayırlar. Sakinlər bildirirlər ki, gecə saatlarında tanımadıqları naməlum varlıqlar həyətlərə daxil olaraq evlərin dam örtüklərini, pəncərələrini daşlayaraq yoxa çıxırlar. Milli.Az Region TV-yə istinadən xəbər verir ki, kənd sakinləri dəfələrlə həmin varlıqları tutmağa çalışsalar da, buna nail ola bilməyiblər. 

"Arxasınca gediblər, amma tuta bilməyiblər. Tutmağa çalışıblar, tuta bilməyiblər", - deyə Ağdaş rayonunun Qoşaqovaq kənd sakini Nəbi Məmmədli bildirib. 

"Gecə saat 3-də evimin qapısında gördüm. 15 gündür ki, kənd sakinlərinin yuxusu da çəkilib", - deyə Qoşaqovaq kənd sakini Dilqəm Nəbiyev vurğulayıb. 

Kənd bələdiyyəsindən verilən məlumata görə, indiyə qədər həmin varlıqlar heç kimə xəsarət yetirməyiblər. Amma sakinlərin təşvişindən sonra bir neçə gündür ki, polis əməkdaşları kənd ərazisinə baxış keçirərək orada postlar qurublar. 

"Son günlər polis işçiləri ilə bir yerdə tədbirlər keçirilib. Kənd ərazisində gecə növbələri təşkil olunub", - deyə Qoşaqovaq Bələdiyyəsinin sədri Cəbrayıl Haşımov vurğulayıb. 

Ağdaş Rayon Polis Şöbəsindən isə məsələ ilə bağlı heç bir açıqlama verilmədi. 

7news.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Xəbər lenti