Azərbaycanda uçot dərəcəsi endirildi

Azərbaycanda uçot dərəcəsi endirildi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 0,5 faiz bəndi azaldılaraq 9,75%-dən 9,25%-ə endirilməsi barədə qərar qəbul edib.

7News.Az xəbər verir ki, AMB sədri Elman Rüstəmovun sözlərinə görə, uçot dərəcəsinin aşağı salınması ölkədə makroiqtisadi sabitliyin olduğunu göstərir və tədiyyə balansının müsbət olmasından irəli gələrək atılmış bir addımdır.

Mərkəzi Bankın proqnozlarına görə, 2019-cu ildə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-nin 10%-i səviyyəsində proqnozlaşdırılır.

"Bu, neftin bir barelinin qiymətinin 60 dollar məbləği əsasında bizim əsas proqnozumuzdur. 2018-ci ilin yanvar-sentyabr aylarının yekunları üzrə tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti beş milyard dollardan yuxarıdır.

Hələlik 2018-ci il üzrə dəqiq rəqəmlər yoxdur, lakin il ərzində neft bazarlarında müsbət tendensiya hesabına cari əməliyyatlar hesabının profisitinin davam edəcəyini gözləyirik”.

AMB sədri bildirib ki, bu cür müsbət dinamika 2018-ci ildə Dövlət Neft Fondunun aktivlərini üç milyard dollar artırmağa imkan yaradıb.

Xatırladaq ki, AMB ötən il dekabrın 26-da faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması barədə qərar qəbul etmişdi. Qərara əsasən, uçot dərəcəsi 9,75%, faiz dəhlizinin yuxarı həddi 11,75%, aşağı həddi isə 7,75% (±2%-lik simmetrik diapazonda) səviyyəsində saxlamışdı.

7News.Az

Xəbər lenti