Azərbaycanın yeni Baş naziri kimdir? - DOSYE

Azərbaycanın yeni Baş naziri kimdir? - DOSYE

Bu gün Baş nazir Novruz Məmmədov istefasını Prezident İlham Əliyevə təqdim edib. Milli Məclisdə Əli Əsədov yeni Baş nazir kimi təsdiqlənib.

7News.Az Azərbaycanın yeni Baş nazirinin dosyesini təqdim edir:

Əsədov Əli Hidayət oğlu 1956-cı il noyabrın 30-da Naxçıvan şəhərində anadan olub. 1974-cü ildə Bakı şəhərindəki 134 saylı orta məktəbi, 1978-ci ildə isə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib.

Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin təyinatına müvafiq olaraq Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş lobarant kimi başlayıb. 1978-1980-ci illərdə hərbi xidmətdə olub.

1980-1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda Baş laborant, aspirant, kiçik elmi işçi, elmi işçi, 1989-1995-ci illərdə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dosent, kafedra müdiri vəzifələrində çalışıb.

1995-2000-ci illərdə Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 1998-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini təyin edilib.

2012-ci ilin iyun ayında 2-ci dərəcəli "Vətənə xidmətə görə”, 2016-cı ilin 30 noyabrında 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 1-dərəcə dövlət müşaviridir.

7News.Az

Xəbər lenti