Dövlət Komitəsində görüş keçirilib

Dövlət Komitəsində görüş keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz
Qurbanlı oktyabrın 22-də Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral
və səfirliyin yeni dini işlər üzrə müşaviri Zəki Yavuzyılmaz ilə
görüşüb.

Müşavirə yeni işində uğurlar arzulayan Mübariz Qurbanlı
Azərbaycan-Türkiyə arasındakı dost və qardaş münasibətlər barədə
danışıb. DQİDK sədri bütün sahələrdə olduğu kimi din sahəsində də iki
ölkə arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib. Qeyd
edib ki, bu əlaqələrin inkişafında Türkiyənin ölkəmizdəki səfirliyinin,
o cümlədən Din İşləri üzrə Müşavirliyin böyük xidmətləri var.

Eyni zamanda, görüş zamanı Dövlət Komitəsinin sədri dövlət-din
münasibətləri, Konstitusiyada təsbit edilmiş vicdan azadlığı, ölkəmizdə
hökm sürən tolerantlıq mühiti, ayrı-ayrı dinlər və konfessiyalar
arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri
haqqında, eləcə də bu münasibətlərin tənzimlənməsi sahəsində fəaliyyət
göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi barədə məlumat verib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Türkiyənin Azərbaycandakı səfiri
Erkan Özoral Azərbaycanda insanların milli-mənəvi dəyərlərə
bağlılığının, ölkəmizdə dini etiqad azadlığının təmin edilməsinin və
dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasının təqdirəlayiq hal
olduğunu bildirib.

Dini işlər üzrə müşavir Zəki Yavuzyılmaz məhz Azərbaycanda fəaliyyətə
başlamasının onun üçün sevindirici hal olduğunu deyib. Ölkələrimiz
arasında dini sahədə tərəfdaşlıq münasibətlərinin inkişafı üçün əlindən
gələni əsirgəməyəcəyini qeyd edən müşavir qarşılıqlı əlaqələrin daha da
gücləndirilməsi və genişləndirilməsi perspektivlərinin əhəmiyyətinə
toxunub.

Görüşün sonunda qonaqlara DQİDK-nın ölkəmizdəki dini tolerantlıq mühiti
və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında nəşr
etdirdiyi kitablar təqdim edilib.

Xəbər lenti