"ABŞ Ermənistana torpaqlarımızı geri qaytarmağı təklif edə bilər" - Deputat nazirlərin görüşü haqda

Xəbər verdiyimiz kimi, ABŞ Dağlıq Qarbağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün Vaşinqtonda keçirilməsini təklif edib. Bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov açıqlama verib.

Təklif olunan görüş barədə danışan deputat Fəzail Ağamalı BiG.AZ-a açıqlamasında bildirib ki, "Problemin həllində ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin aktivliyi artıb”.

"Belə görünür ki, artıq işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi, D.Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin aktivliyi artıb. Problemin həlli üçün səylər intensivləşib. Bir neçə müddət öncə cənab prezident İlham Əliyevlə Ermənistanın baş naziri Paşinyan arasında keçirilən görüş, dərhal sonra Rusiyada Lavrovun iştirakı ilə xarici işlər nazirləri səviyyəsində aparılan danışıqlar, Vyana görüşündən əvvəl və sonra da ABŞ-ın rəsmi mövqeyi sübut edir ki, bu məsələnin həlli Minsk qrupu tərəfindən gündəliyə gətirilməkdədir. Ola bilsin ki, burada bir rəqabət də var. ABŞ-ın Rusiyadan sonra görüş üçün təklif verməsi sübut edir ki, Amerika da məsələnin həllində çox maraqlıdır. Həmçinin problemin həllini birbaşa Rusiyanın inhisarına vermək fikrində deyil. Digər baxımdan bu cür görüşlərin Azərbaycan üçün ziyanı yoxdur. Problemin aktivləşməsi, üzə çıxması Azərbaycanın illərdən bəri aparmış olduğu diplomatik mübarizənin xarici siyasətinin uğurudur. Nəticə etibarilə bu danışıqlara Ermənistan tərəfinin cavab verməməsi, işğal olunmuş torpaqların azad olunmasına addım atmaması müharibəni qaçılmaz edir. Müharibə isə Ermənistana ağır sarsıdıcı zərbə endirərək, məsələnin birdəfəlik həlli ilə nəticələnəcək. Ona görə də Azərbaycan tərəfi Amerikanın bu dəvətinə müsbət yanaşır. Bu görüşdə danışıqların hansı səviyyədə aparılması, hansı fikirlər ortaya atılaraq konkret addımlarla nəticələnməsini gözləmək lazımdır”.

Deputat bildirib ki, ABŞ görüşdə Ermənistandan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsini təklif edə bilər:

"ABŞ-ın bu görüşdə təklifi bu ola bilər ki, Ermənistan işğal olunmuş torpaqlar azad edilməlidir. Ermənistan qonşularla normal münasibətlər qurmalıdır. Vaxtilə C.Bolton bu məsələni Ermənistanın diqqətinə çatdırmışdı. Amerika da bu ideya üzərində danışıqları aparmalıdır. Artıq bundan sonrakı məsuliyyət Ermənistanın üzərinə düşür. Bu da bizə çox böyük dividentlər verir. Amerika kimi fövqəl- bəşər dövlətin təklifləri nəzərə alınmırsa, o zaman Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində öz torpaqlarını işğaldan azad etməsinin təmini üçün növbəti addımını atır. Artıq bundan sonra əsas iş Azərbaycan Silahlı Qüvvələrinin üzərinə düşür. Bu da Azərbaycan üçün geniş imkanlar açır. Müharibə həm şovinist Ermənistan, həm də onların arxasında duran güc mərkəzləri nəhayət Azərbaycanla hesablaşmalı olacaqları gerçəyini ortaya qoyur. Demək olar ki, bu reallığın gerçəkləşməsi üçün vaxt artıq yetişməkdədir”. 

Politoloq Zərdüşt Əlizadə məsələ ilə bağlı BiG.AZ-a bildirib ki, problemin həllində qeyri-dövlətlər yalnız öz mənafelərini güdürlər:

"Münaqişə ona cəlb olunmuş xalqlar üçün bir fəlakətdir, müsibətdir. Lakin bu münaqişənin tənzimlənməsinə cəlb olunmuş dövlətlər üçün onların böyük maraqlarının təmini üçün gözəl fürsətdir. Moskvadakı danışıqlardan sonra da Amerikanın yeni görüş üçün tərəfləri dəvət etməsi öz mənfəəti üçündür. Bu məsələdə heç bir ölkə Azərbaycan və erməni xalqlarını düşünmür. Heç kəs beynəlxalq qanunun aliliyini, BMT bəyannaməsində yazılmış humanizm, sülhpərvərlik, insan həyatının təhlükəsizliyi barədə düşünmür. Bütün digər qeyri-dövlətlər də burada yalnız öz siyasi-iqtisadi mənfəəti haqqında düşünür. 

Məsələ ondadır ki, danışıqlar zamanı əvvəldən müəyyən təkiflər verilmişdir. Burada vətəndaş cəmiyyətinin əməkdaşlığı, əsrlərlə bağlı işdə hər hansı humanitar məsələlərin nəzərə alınması və s. nəzərdə tutulurdu. Bunlar Moskvanın göstərişi ilə Azərbaycan tərəfindən ləğv edilmişdi. Lakin yenidən bu təkliflər bir niyyət kimi irəli sürülürdü. Amerika Moskvanın bu tip təkliflərinə qarşı getməyəcək. Lakin ümumilikdə problemin həllində Rusiyanın təkbaşına iştirakına da icazə vermək niyyətində deyil”.
7News.Az

Xəbər lenti