Aleksandr Qusev: Qərb Azərbaycanla Ermənistanın arasını qızışdıracaq

Aleksandr Qusev: Qərb Azərbaycanla Ermənistanın arasını qızışdıracaq

Qərbin post-sovet məkanına təsirlərindən danışmayan qalmayıb. Bu məkanda müxtəlif rənglər və müxtəlif qoxulu inqilablar olub. Buna son misal olaraq – Ermənistanda baş verənləri göstərmək olar.

Görəsən, daha çox hansı ölkələr Qərbin təsirlərinə məruz qalır?

Bu barədə "Media.Az” Rusiya Elmlər Akademiyasının professoru, beynəlxalq münasibətlər üzrə ekspert Aleksandr Qusevlə danışıb.

Həmsöhbət ilk növbədə onu qeyd edib ki, 2019-2020-ci illərdə ABŞ-ın güclü təzyiqləri müşahidə olunacaq, Vaşinqton bütün post-sovet ölkələrinə təzyiqlər göstərəcək. Əsas hədəflər Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri olacaq.

"Bundan başqa, Moldova və Ukrayna, hətta Belarusun da adını çəkmək olar. Lakin əsas diqqət Mərkəzi Asiya və Cənubi Qafqaza, o cümlədən, Azərbaycana yönələcək”.

- Niyə belə fikirdəsiniz?

- Amerikalılar hazırda mövcud siyasi və regional elitalar üzərində nəzarəti gücləndirir. Kifayət qədər böyük maliyyə vəsaitləri ayrılıb. Ona görə hesab edirəm ki, nəzər nöqtəsində yuxarıda qeyd etdiyim regionlar və ölkələr olacaq. Rusiya, əlbəttə ki, Qərbin, ilk növbədə ABŞ və Avropa İttifaqının nüfuzunu zəiflətmək üçün bir sıra addımlar atacaq. Avropa ölkələrinin Mərkəzi Asiya ölkələrinə, xüsusilə Özbəkistana marağı da təsadüfi deyil.

Rusiya üçün isə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri, o cümlədən, Azərbaycan, strateji tərəfdaş kimi qəbul olunur.  Moskva burada da öz təsirini gücləndirəcək. Rusiyanın Azərbaycana xüsusi marağı var. Bizim üçün qarşılıqlı əlaqələr böyük əhəmiyyət kəsb edir.

Post-sovet məkanının qaynar nöqtələri barədə nə deyə bilərsiniz? Bir çox ekspertlərin fikrincə, Qərb dondurulmuş münaqişələrin alovlandırılmasında maraqlıdır.

- Bəli, Qərb elə bu məqsədi güdür. Dağlıq Qarabağ problemi, Dnestryanı, Tacikistanda "Taliban” hərəkəatı, Donbasdakı vəziyyət – bütün bu münaqişələr gərginləşəcək.

Biz Dağlıq Qarabağ haqda danışanda, əlbəttə ki, Ermənistan və Azərbaycan arasındakı münaqişəni nəzərdə tuturuq. Qərbin mövqeyi iki ölkənin arasını qızışdırmaqdan ibarət olacaq. Dondurulmuş münaqişələri yenidən alovlandırmaq cəhdləri olduqca təhlükəli tendensiyadır.

Bu münaqişə digər münaqişlər kimi lokallaşdırılmalıdır, onun həlli yolları axtarılıb tapılmalıdır.

Ermənistanda qərbyönümlü siyasətçi hesab olunan Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra Qərb hər cəhətdən erməni baş nazirə dəstək göstərir. Hətta aclıq aksiyası keçirən məhbusun həbsxanada ölümündən sonra belə, hər hansı məzəmmət və tənqid bəyanatları səslənmədi. Bəs belə olan halda Dağlıq Qarabağ münaqişəsinin həlli kimlərə əl verir? Qərb "tərəfdaşlarına”, yoxsa Rusiyaya? Moskvanın Yerevana təzyiq göstərəcəyi nə dərəcədə gözləniləndir?

- Təbii ki, Rusiyanın Ermənistan üzərində təsir rıçaqları var. Nikol Paşinyana gəlincə, o, heç də "qərbyönümlü” deyil,  o, hansı yönümlü olduğunu özü üçün müəyyənləşdirməmiş bir siyasətçidir. Küçələrdə çıxış etmək başqa, ölkəyə başçılıq etmək bir başqa. Qərb isə, bir daha qeyd edim,  Azərbaycan və Ermənistan arasında münaqişənin alovlanmasında maraqlıdır. Ancaq bu, yolverilməzdir. Moskva münaqişənin lokallaşdırılması və güzəştli çözümlərin axtarılmasının vacibliyini dəfələrlə vurğulayıb.

Kənardan da olsa görürük ki, Azərbaycan prezidenti İlham Əliyev münaqişənin həlli üçün çox böyük işlər görür. O, dərin düşünən siyasətçidir və biz onun təşəbbüslərini dəstəkləyirik. Digər tərəfdən, problemi Ermənistan olmadan həll etmək mümkün deyil. Danışıqlar masasına əyləşib, problemi üçtərəfli şəkildə müzakirə etmək lazımdır. Qərbdən kömək gözləməyə dəyməz. Münaqişə mütləq həllini tapmalıdır, bu, hamıya aydındır.

- Üçtərəfli şəkildə dedikdə, Rusiya, Ermənistan və Azərbaycanı nəzərdə tutursunuz?

- Tamamilə doğrudur. Rusiya vasitəçi qismində çıxış edir. Biz münaqişənin sülh yolu ilə həllində maraqlıyıq.

- Paşinyanın hakimiyyətə gəlişindən sonra onun qısa zamanda nizamlanacağına ümidlər yarandı. Ancaq sonradan Ermənistan baş naziri bir sıra ziddiyyətli bəyanatlar səsləndirdi. Dağlıq Qarabağın Azərbaycan yox, yalnız erməni icmasının danışıqlar prosesində iştirakının vacibliyini vurğuladı. Sizcə, bunlar vəziyyətin ciddi şəkildə pisləşməsinə gətirib çıxara bilər?

- Bəli, təbii ki, bu, vəziyyətin pisləşməsinə doğru irəliləyir. Mən nə üçün üçtərəfli formatı (Azərbaycan, Rusiya, Ermənistan) xüsusi vurğuladığımı izah edib. Bu, yüksək səviyyəli – dövlət başçıları səviyyəsində bir görüş olacaq. Əlbəttə ki, danışıqlarda QarabağıneErməni və Azərbaycan icmalarının da maraqları nəzərə alınmalıdır. Ancaq onlar bu prosesin iştirakçıları ola bilməzlər. Daha yüksək səlahiyyətləri olan insanlar var – bunlar Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarıdır. Onlar kompromis yolunu tapmağa qadirdirlər. Hər halda mən belə düşünürəm. Danışıqların dalana dirənməməsi üçün onu liderlərdən başqa kim apara bilər axı?!

7News.Az

Xəbər lenti