Almaniyalı Sabina Suriyada İŞİD üzvü olan azərbaycanlıya ərə gedib

Almaniyalı Sabina Suriyada İŞİD üzvü olan azərbaycanlıya ərə gedib
Almaniyanın Ştutqart şəhərində mayın 3-də 32 yaşlı Almaniya vətəndaşı Sabina S.-in məhkəməsi başlayıb. Qadın bir neçə il Suriyada və İraqda İŞİD terror qruplaşmasının əlində olan ərazilərdə yaşadıqdan sonra vətəninə qayıdıb.

7News.Az virtualaz.org-a istinadən xəbər verir ki, orada Sabina S. İŞİD döyüşçüsü olan azərbaycanlıya ərə gedib və terror təşkilatının sıralarına daxil olub.

Mənbəyə görə, Sabina S. 2018-ci ilin ortalarında Almaniyaya qayıdan kimi həbs olunub. Mayın 3-də Ştutqartın Yüksək regional məhkəməsində onun işi üzrə proses başlayıb və burada qadının ittihamçısı kimi federal prokuror Ştefan Bil çıxış edir.

Onun sözlərinə görə, Sabina S. 2013-cü ilin dekabr ayından 2017-ci ilin avqust ayına qədər İŞİD-in sıralarında olub. 2013-cü ilə kimi o, Berlində ilk iki uşağının atası ilə birgə yaşayıb. İslamı qəbul etdikdən sonra qadın radikal mövqe tutub və Suriyaya yollanıb.

Federal prokurorun iddiasına əsasən, Suriyaya çatan kimi Sabina S. İŞİD-in yüksək rütbəli döyüşçüsü olan azərbaycanlıya ərə gedib. Azərbaycanlı ilə nikahdan iki uşaq dünyaya gətirib. Azərbaycandan gəlmiş döyüşçü 2016-cı ilin dekabrında döyüşlərdə həlak olub.

İttiham aktında göstərilir ki, Sabina S. "İslam dövləti"nin təbliğatını apardığı internet-bloqların müəllifi olub. Həmçinin o, terrorçuların təşkil etdikləri kütləvi edamlarda iştirak edib. Federal prokurorun sözlərinə görə, Sabina S. İŞİD-dən hər ay özü üçün 100 dollar, uşaqları üşünsə 35 dollar alıb.

Mənbə qeyd edir ki, saxlanıldıqdan sonra məhkəmə Sabina S.-i həbs etməkdən imtina edib və bunu belə izah edib ki, sadəcə İŞİD tərkibində olmaq həbs üçün yetərli səbəb sayıla bilməz. Lakin Almaniya Federal Prokurorluğu məhkəmənin qərarına etirazını bildirib və qadın həbs olunub.
 

7News.Az

Xəbər lenti