"ATABank" rəhbərliyi vətəndaşı ölümlə üz-üzə qoyub (ŞİKAYƏT)

Bakı sakini Nuriyev Xəyyam Vilayət oğlu Qaynarinfo.az saytına "ATABank”-ın əməllərindən şikayət məktubu ünvanlayıb. Şikayət məktubunda səslənən faktların ciddiliyini nəzərə alaraq, olduğu kimi dərc edirik. Ümid edirik ki, "ATABank” rəhbərliyinin məsələyə ağlabatan izahı olacaq.
                                                     
"Mən Nuriyev  Xəyyam Vilayət oğlu məlumat üçün bildirmək istəyirəm ki, 16.04.2013-cü il tarixdə  "ATABank”  ASC –dan 48 ay müddətinə 200.000 (iki yüz min) manat  məbləğində  kredit  götürmüşəm.

Kredit  götürməkdə  məqsədim kiçik bizneslə məşğul olmaq olub.

Bankdan kredit  götürəndən  təxminən 40÷45 gün sonra böyrəklərimdə ciddi problemlər yarandı,  təcili  böyrək köçürmək əməliyyatına  məruz qaldım.

3 il müddətində günlərim xəstəxanalarda kecdi, bu müddətdə 2 dəfə (İran və Türkiyədə)  üzərimdə  böyrək köçürmə əməliyyat aparıldı.

Bu səbəbdən "ATABank”-a kredit borcumu vaxtında qaytara bilmədim. "ATABank” ASC rəhbərliyi borcumu vaxtında qaytarmadığım üçün məhkəməyə müraciət etdi. Bütün məhkəmə qətnamələrinə uyğun olaraq mənə məxsus ikimərtəbəli 252,9 m² qeyri-yaşayış sahəsi hərraca çıxarılaraq satıldı.

Mənim "ATABank”-a 200.000 (iki yüz min) manat əsas 56.700 (əlli altı min yeddi yüz) manat  faiz borcum  əmələ  gəlmişdir.

Mənim əmlakımın dəyəri real bazar qiymətinə görə təxminən 700.000-800.000 manat çivarında idi.

"ATABank” ASC rəhbərliyi hərracdan əvvəl mənə yazılı müraciət edərək bildirmişdir ki, əmlakıma 650.000 (altı yüz əlli min) manata  alıcı  tapıblar (məktub əlavə olunur), mən isə həmin qiymətdən imtına etmişdim.

Ancaq "ATABank”  ASC  rəhbərliyi mənə məxsus qeyri-yaşayış sahəsini hərracdan real dəyərindən üç dəfə aşağı  qiymətə 264.000 (iki yüz altmış dörd min)  manata özünüküləşdirmişdir.

"ATABank”  ASC borclu olduğum 200.000 əsas + 56.700 faiz = 256.700 manat borcuma görə  hərracdan 264.000 manata  aldığı əmlakımı 3-cü şəxsə rəsmi olaraq 373.000 manata, faktiki 450.000 manata satmışdır.

Hətta bu rəsmi satışdan mənə çatası olan 109.000 (yüz doqquz min) manatı da mənə verməmişdir və vermək istəmir.

Əlavə onu da bildirmək istəyirəm ki, mənə məxsus ikimərtəbəli qeyri-yaşayış sahəsinin altıındakı 165,3 m² torpaq sahəsinin başqa şəxsə məxsus olmasına baxmayaraq "ATABank” ASC  ƏMDK yanında  DƏDRX-nin Bakı şəhər Ərazi idarəsinin əməkdaşları ilə əlbir olaraq həmin torpaq sahəsini də qanunsuz olaraq  satmışdır.

Mən 2018-ci ildə yenidən 3-cü dəfə böyrək köçürmə əməliyyatına məruz qalmışam, Azərbaycanda məndən başqa 3 dəfə böyrək köçürmə əməliyyatı keçirən olmayıb.

Bildiyimizə və eşitdiklərimizə görə ölkəmizdə elə Bank tapıla bilməz ki, I-ci qrup əlinin (əlillik vəsiqəsi əlavə olunur) 3 dəfə böyrəyi dəyişilən cavan bir insanın əmlakını əlindən alıb satasan, həmin satışdan pul qazanasan, başqasına məxsus torpaq sahəsini  sahibinin xəbəri olmadan başqasına satıb pul qazanasan, xəstənin pulunu mənimsəyəsən - bu özbaşınalığı, Allahsızlığı heç bir kəs etməz.

Mən hər gün bir ovuc dərman qəbul edirəm, artıq dərman almağa imkanım da qalmayıb.

"ATABank” ASC İdarə Heyətinin sədri Dəyanət Quliyev özbaşınalıq, qanunsuzluq, Allahsızlıq edərək mənim halal pulumu vermir o bütün insanı normaları və hüquq normalarını tapdalayır.

Artıq mən nə etməli olduğumu bilmirəm, mənim təcili olaraq halal pulum verilməlidir, əks təqdirdə ölməliyəm.

Bu qəddarlığı, pula hərisliyi Dəyanət Quliyev edə bilərdi  və  etdi, başqa heç kim belə edə bilməzdi.

Onu da bildirmək istəyirəm ki, bu haqsızlığa son qoymaq üçün məhkəmələrə müraciət etmişəm, Dəyanət Quliyevin gücü,  müdaxiləsi nəticəsində yenə haqsızlığa məruz  qalmışam.

Bunlar  mənim üçün faciədir.

Faciə - adalətsiz insanların özbaşınalığı deyil,  yaxşı insanların səssizliyidir.

Sizlərdən xahiş edirəm "ATABank”  ASC  İdarə Heyətinin sədri Dəyanət Quliyev tərəfindən  mənə qarşı olan bu amansız zülmə öz insani köməkliyinizi göstərəsiniz, bəlkə  sonra bəzi aidiyyatı dövlət qurumları bu zülmü eşidərək öz münasibətlərini bildirələr.

Əvvəlcədən Sizlərə minnətdarlığımı bildirirəm.

Hörmətlə, 
I-ci qrup əlil  Nuriyev Xəyyam Vilayət oğlu"
 

Xəbər lenti