Azərbaycan gömrüyündə kartof qalmaqalı – Cavab + Video

Azərbaycan gömrüyündə kartof qalmaqalı – Cavab + Video

Ölkəyə gətirilən toxumluq kartof məhsulları 10 gündür ki, Dövlət Gömrük Komitəsi tərəfindən sahiblərinə verilmir.

"Yeni Sabah” xəbər verir ki, bu haqda hüquqşünas Təyyar Zülfüqarov sosial şəbəkədə yazıb. Onun yaydığı videodan görünür ki, gömrük əməkdaşları iş adamının kartof məhsullarını buraxmır. Gömrük məmuru sahibkara bunun səbəbini heç nə ilə izah edə bilmir. 

Baş vermiş insidentlə bağlı Gömrük Komitəsi də açıqlama yayıb. Komitə bildirib ki, qüvvədə olan qanunvericiliyə əsasən mart, aprel, may, sentyabr, oktyabr və noyabr aylarında ölkəyə toxumluq kartofun idxalı gömrük rüsumlarından azad olunmaqla həyata keçirilir.

"Bu güzəştlərdən istifadə etməklə gömrük ödənişlərindən yayınmaq istəyən bəzi işbazlar toxumluq adı altında digər kartof məhsulunun idxalına cəhd göstərirlər. Gömrük orqanları da bu kimi halların qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirir. Toxumluq kartofun ölkəyə buraxılmaması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar da məhz həmin işbazlar tərəfindən məqsədli şəkildə yayımlanır.

Dövlət Gömrük Komitəsi bildirir ki, toxumluq və digər kartof məhsulunun ölkəyə idxalında hər hansı məhdudiyyət yoxdur və qanunvericiliyə uyğun şəkildə, qısa vaxt ərzində rəsmiləşdirilərək sahiblərinə təhvil verilir”.

 
7NEWS.Az

Xəbər lenti