Azərbaycan internetin sürətinə görə dünya reytinqində 141-ci olub

Azərbaycan internetin sürətinə görə dünya reytinqində 141-ci olub

Azərbaycan internetin sürətinə görə "Worldwide broadband speed league 2019" reytinqində ötən illə müqayisədə 6 pillə geriləyərək 141-ci yerdə qərarlaşıb.

7News.Az bildirir ki, 207 ölkənin yer aldığı reytinqin ilk pilləsinə Tayvan layiq görülüb. 2018-ci ildə internetin sürəti 28,09 Mbps olan və 200 ölkə arasında reytinqdə 14-cü yeri tutan Tayvanda hazırda internetin sürəti 85,02 Mbps təşkil edir. 

Azərbaycan ötən il bu siyahıda 2,56 Mbps sürətlə 135-ci yerdə qərarlaşmışdı. Bu il ölkədə internetin sürəti 3,03 Mbps-ə çatdırılsa da, ölkə reytinqdəki mövqeyini itirərək 141-ci olub. 

İnternetin sürətinə görə Azərbaycanın ötən illə müqayisədə  6 pillə geriləyərək 141-ci yerdə qərarlaşmasına münasibət bildirən İKT sahəsi üzrə mütəxəssis Osman Gündüz açıqlamasında qeyd edib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən genişzolaqlı internetin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər yetərincə deyil: "Genişzolaqlı internetin inkişafı üçün ciddi addımlar atılmalı idi. Məlumdur ki, Azərbaycanda iki dövlət provayderi var. Bununla yanaşı, 30-40-a yaxın provayder də mövcuddur. Genişzolaqlı internetin inkişafı ilə əlaqədar olaraq ancaq dövlətə məxsus olan "Baktelecom” və "Aztelecom” layihələr həyata keçirə bilir. Qalan provayderlərə isə aidiyyəti qurumlar tərəfindən şərait yaradılmır. Belə olan halda, Azərbaycan internetinin reytinq göstəricisi geriləyir. Vəziyyət bu cür davam edərsə, Azərbaycanın adı internetin sürətinə görə daha da geriləyə bilər”.

Ekspert hesab edir ki, "Aztelecom” və "Baktelecom”un mövcud resurslarına arxalansaq, bizə Bakıətrafı və regionlarda keyfiyyətli internet infrastrukturu qurmaq üçün on illər lazım olacaq.

 

 

7News.Az

Xəbər lenti