Azərbaycanda 200 yaşlı alman koloniyası: son nümayəndəsi 12 il əvvəl ölüb - VİDEO

Azərbaycanda 200 yaşlı alman koloniyası: son nümayəndəsi 12 il əvvəl ölüb - VİDEO

Almanlar qədimdən Gəncə xanlarının yaylaq yeri olan Xanlıqlar adlı məntəqəyə Çar Rusiyası tərəfindən 1819-cu ildə köçürülüb. 150 ailədən ibarət alman koloniyası olan Helenendorf böyüyərək özünəməxsus arxitektura quruluşlu iri yaşayış məntəqəsinə çevrilib. 1854-cü ildə orada Lüteran kilsəsi də tikilib.

Almanlar burada sənətkarlıqla yanaşı, sənayenin, xüsusən şərabçılığın inkişafına töhfə veriblər. 1903-cü ildə buraya Hacıkənddən içməli su xətti çəkib, 1911-ci ildə Gəncəçay üzərində buralarda ilk elektrik stansiyası tikilib. Sovet dövründə, 1936-cı ildə buranın adı dəyişdirilərək Xanlar olub.

1941-ci ildə Böyük Vətən Müharibəsi başlayarkən burada yaşayan dörd min nəfərədək alman Qazaxıstana sürgün edilib. Qarışıq ailələrdən bir neçəsinə burada qalmağa icazə verilib. Get-gedə sayı azalan almanların sonuncusu 12 il bundan əvvəl vəfat edib.

Göygölün sonuncu alman sakini Viktor Klayn yerli radiostansiyada texnik işləyib. Həmçinin, sənətkarlıqla və şərab çəkməklə məşğul olub. Evdə uzun illər ərzində Klayn ailəsinə məxsus olan əşyalar qorunur. Geniş və təsərrüfat üçün əlverişli zirzəmi hər alman evinin vacib şərti sayılıb. Klaynların evi hazırda muzey halına salınır. Bura xüsusən alman turistlər tez-tez baş çəkirlər.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycanda alman koloniyası Helenendorfun yaradılmasının 200 ili tamam olur.

 

7News.Az

Xəbər lenti