Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub

Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Vaşinqton şəhərində Azərbaycanın ABŞ-dakı Səfirliyinin və Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə iqtisadi islahatlara həsr olunan tədbirdə çıxış edib. Təqdimatda ABŞ Dövlət Departamentinin, Ticarət Nazirliyinin üzvləri, aparıcı beyin mərkəzlərinin təmsilçiləri iştirak edib.

Geniş təqdimat ilə çıxış edən İİTKM-in icraçı direktoru Vüsal Qasımlı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı islahatlar haqqında müfəssəl məlumat verib, ölkəmizin regional və qlobal miqyasda əhəmiyyəti barədə danışıb. V.Qasımlı Dünya Bankının "Doing Business” hesabatında ən islahatçı ölkə olaraq göstərilən Azərbaycanın biznes mühitinin yaxşılaşdırılması, investorlar üçün əlverişli şərtlərin tətbiqi, ümumi makroiqtisadi və fiskal sabitliyin təmin olunması sahəsində atılan addımlar barədə məlumat verib. Valyuta ehtiyatlarının 50 milyard ABŞ dolları həcmində olduğunu və xarici borcun Ümumi Daxili Məhsula nisbətdə cəmi 17% təşkil etdiyini bildirən V.Qasımlı, son göstəriciyə görə Azərbaycanın dünya miqyasında aparıcı yerlərdən birini tutduğunu qeyd edib: "Azərbaycan Prezidentinin birbaşa rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatlar prosesi çərçivəsində elektron kommunikasiya metodlarının və müxtəlif təyinatlı onlayn platformaların tətbiqi islahatların səmərəliliyini təmin etməklə yanaşı, hökumətin bu xüsusda çevikliliyini artırır.”

  İcraçı  direktor Azərbaycanda biznesə başlamaq üçün tələb olunan qeydiyyat prosesi müddətinin bir neçə gündən cəmi 30 dəqiqəyə qədər  azaldıldığını vurğulayaraq, istənilən yerli və xarici sahibkarın 24 saatlıq rejimdə müvafiq onlayn platforma vasitəsilə öz biznesini qeydiyyata ala bildiyini vurğulayıb.

Daha sonra tədbir çərçivəsində Azərbaycanın regionda aparıcı islahatçı olmaqla yanaşı, bu mühüm geostrateji regionda digər ölkələr üçün də nümunəvi islahatçı ölkə və dayanıqlı inkişafa nail olan iqtisadi güc olması ilə bağlı müzakirələr aparılıb, iqtisadi islahatlar prosesinin inkişafın əsas təməli olaraq davam etdiriləcəyi bildirilib. 

Xəbər lenti