Nehrə və kərə yağı adı altında vətəndaşlara başqa yağ satıblar.

7News.Az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran, Masallı və Cəlilabad rayonlarında reyd keçiriblər.

Reyd zamanı adıçəkilən rayonlarda 6 ünvanda saxta kərə yağı istehsal edən sexlər aşkarlanıb.

Cəlilabad rayonunun Ocaqlı kəndi, Masallı rayonunun Boradigah qəsəbəsində süd qəbulu və emalı sexlərində,

Masallı rayonunun Şərəfə, Viləş və Çaxırlı kəndlərində və Lənkəran şəhərinin Boladi kəndində yerləşən süd qəbulu məntəqələrində xammalın qəbulu və istehsalı sahələrində antisanitar vəziyyətin hökm sürdüyü və emal prosesində marqarin,

spred kimi bitki yağlarından istifadə edilərək "nehrə yağı", "kərə yağı" adları altında istehsal olunması ifşa edilib.

Aaraşdırmalar zamanı qəbul və istehsal müəssisələrində xammalın qəbulu, istehsalı zamanı sanitar-gigiyena və texniki-normativ tələblərin ciddi şəkildə pozulduğu müəyyən olunub.

Bu arada, Qida Təhlükəsziliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki, Azərbaycanda trans yağlarla bağlı normativ-hüquqi akt hazırlanır.

Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında onu da bildirib ki, enerji içkiləri üzrə də normativ hüquqi akt hazırlanıb. Akt təsdiqini tapdıqdan sonra qüvvəyə minəcək.

Xəzər TV mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: