Azərbaycandan Rusiyaya yük aparan onlarla maşın sərhəddə qaldı

Azərbaycandan Rusiyaya yük aparan onlarla maşın sərhəddə qaldı
Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsulları aparan onlarla iritonnajlı yük maşını sərhəddən Rusiyaya buraxılmır. İyunun 28-i gecə saat 1-dən etibarən tez xarab olan meyvə-tərəvəz dolu "TIR”lar "Yaraq-Qazmalar” nəzarət-buraxılış məntəqəsində növbəyə düzülüb.
7News.Az xəbər verir ki, bu barədə virtualaz.org-a sərhəddə ilişib qalan ticarətçilərdən biri - Sərxan Atakişiyev bildirib. Onun sözlərinə görə, sürücülər nə qədər öyrənməyə cəhd etsələr də, problemin nədən yarandığını heç kim izah etmir.

"Mən gilas ticarəti ilə məşğul oluram və ilk dəfədir ki, belə halla qarşılaşıram. Bakıdan Moskvaya vurduğumuz yüklə bu gecə təxminən saat 2-də sərhəddə çatmışıq, sərhədi keçə bilmirik. Bu saat bizdən qabaqda 20 iritonnajlı yük maşını növbə  gözləyir. Arxada da çox böyük növbə yaranıb. Səbəbini soruşuruq, heç kim bilmir. Deyirlər ki, Rusiya tərəfi yük maşınlarını buraxmaq istəmir. Əslində bizə "yaşıl koridor” yaradılmalı idi, çünki məhsulumuz tez xarab olandır. Gilas kartof deyil ki, 10 gün qalsın...”, - S.Atakişiyev bildirir.

S. Atakişiyev qeyd edib ki, yük maşınlarından fərqli olaraq, minik avtomobilləri heç bir problem olmadan sərhədi rahatlıqla keçib gedə bilirlər.

Yaranmış problemlə bağlı Dövlət Gömrük Komitəsi ilə əlaqə saxladıq. Komitənin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov  texniki nasazlıq səbəbindən sərhəddə qısamüddətli sıxlıq yarandığını bildirdi.

"Yaraq-Qazmalar” nəzarət-buraxılış məntəqəsində Rusiya tərəfdə qısamüddətli sıxlıq yaranıb.  Səbəb isə kompüter sistemində yaranan texniki nasazlıqdır. Artıq bu nasazlıq aradan qaldırılıb, hazırda heç bir problem yoxdur. Maşınlar əvvəlki qaydada keçib gedirlər”, - Natiq Axundov bildirib.
 
 
 
7News.Az

Xəbər lenti