"Bakıda hazırda erməni kilsəsi də mövcuddur və o dağıdılmayıb" — Səməd Seyidov

BMT-nin qətnamələri Azərbaycan ərazilərinin işğal altında olduğunu aydın şəkildə göstərir.

7News.Az olke.az-a istinadən xəbər verir ki, bunu "Azərbaycan Avropa məkanında” adlı konfransda çıxış edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. S.Seyidov əlavə edib ki, Azərbaycanın torpaqları işğal edilsə də, dünya ictimaiyyəti buna biganə yanaşır, ikili standartlar nümayiş edilir:

"Dünyada iki fərqli Azərbaycan var. Birinci Azərbaycan real Azərbaycandır, o, inkişaf edir, burada Avropa və Asiya bir araya gəlir. Onun qapıları həmişə hər kəsin açıqdır. Hami bu inkişafı öz gözü ilə görə bilər. İkinci Azərbaycan isə xarici mediada mövcuddur. İkinci Azərbaycan real deyil, biz burada insan haqlarının pozulmasını, dözümsüzlüyü görürük”.

S.Seyidov bildirib ki, bu gün Azərbaycanda Avropanın cavab tapmadığı suallara da tapa bilərik və bu məsələdə Azərbaycan Avropa üçün çox gözəl nümunədir:

"Mən 20 ildir ki, AŞPA-nın üzvüyəm. Strasburqun mərkəzində bir sinaqoq var. Ancaq bu sinaqoqun qapısı həmişə bağlı olur. Məsələ onda deyil ki, oraya kimsə ibadətə gəlmir. Sinaqoqun qapısının bağlı olması təhlükəsizliklə bağlıdır. Çünki Avropada antisemitizm mövcuddur. Amma Avropadan fərqli olaraq, Bakının mərkəzində sinaqoq var və ora daim açıqdır. Orada yəhudi və azərbaycanlı rahat söhbət edə bilər. Azərbaycanda azsaylı katolik olsa da, Bakıda katoklik kilsəsi fəaliyyət göstərir. Bakıda hazırda erməni kilsəsi də mövcuddur və o dağıdılmayıb. Amma Azərbaycanın işğal edilmiş ərazilərində- Dağlıq Qarabağda isə bizim tarixi abidələrimizin heç biri qalmayıb”.

Komitə sədri əlavə edib ki, bu gün Azərbaycan parlamentində azsaylı xalqıların nümayənədləri də təmsil olunur:
"Milli Məclisdə azsaylı rus və yəhudi icmasının deputataları təmsil olunur”.

O əlavə edib ki, Azərbaycanın əhalisinin 95 faizi müsəlman olsa da, Bakıda başıbağlı qadınlaırn sayı Brüsseldəki başıbağlı qadınlardan azdır:

"Buna baxmayaraq Avropa da müsəlmanlara qarşı bir basqı var. Bu gün Avropada islamafobiya hökm sürür. Ona görə də Bakı Avropanın çözə bilmədiyi məsələlər həll etmək üçün gözəl bir məkandır. Biz Bakıda bu cür məsələləri müzakirə etməklə həllini tapa bilərik”.
 

7News.Az

Xəbər lenti