“Dövlətə dəyən ziyanın 85,6 faizi ödətdirilib”

“Dövlətə dəyən ziyanın 85,6 faizi ödətdirilib”

Daxili işlər nazirinin birinci müavini, general-polkovnik Vilayət Eyvazov kollegiyada məruzə ilə çıxış edərək insan alveri və yol hərəkəti sahəsində görülən tədbirlər bağlı məlumat verib.

V.Eyvazov bildirib ki, 2016-cı ilin ilk 6 ayı ərzində həyata keçirilən əməliyyat və profilaktik tədbirlərlə 75 nəfərdən ibarət 31 cinayətkar qrup zərərsizləşdirilib. 62,8 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, ümumi çəkisi 102 tona yaxın olan çətənə və xaş-xaş kolu aşkarlanaraq yaşıl kütlə halında məhv edilib.

İnsan alverinə qarşı mübarizədə müvafiq qanunvericilik aktları və Milli Fəaliyyət Planı əsasında görülən işlər də sistemli və ardıcıl olub. Ötən ilin 6 ayı ilə müqayisədə 16,2 faiz çox, yaxud 93 insan alveri cinayəti müəyyən edilib. Bu faktlar üzrə başlanılmış cinayət işlərinin istintaqı ilə 16 nəfər məhkəmə məsuliyyətinə verilib, həmin əməllərin qurbanı olmuş 52 şəxsin cəmiyyətə reinteqrasiyası təmin olunub.

Prosessual fəaliyyətin əsas göstəricilərindən olan dövlətə, hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödətdirilməsi işində də müsbət təmayül müşahidə olunub və bu istiqamətdə işin nəticələri 7,9 faiz yaxşılaşaraq 85,6 faiz təşkil edib.

Respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayının 15 mindən çox artması fonunda, yol-nəqliyyat hadisələrinin, qəzalarda ölənlərin və xəsarət alanların sayı nəzərəçarpacaq dərəcədə azalıb.

Konkret olaraq, 2015-cı ilin 6 ayı ilə müqayisədə hesabat dövründə 25 faiz çox və ya 1.402.254 yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta aşkarlanıb. Bununla yanaşı, avtomobilinin şüşələrinə pərdə və plyonka çəkilmiş 2.404 şəxs, həmçinin nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən 6.574 nəfər və avtoxuliqanlığa görə 183 sürücü barəsində qanunauyğun tədbirlər görülüb.

Mühafizə xidmətləri tərəfindən qorunan obyektlərdə 94 oğurluq hadisəsinin qarşısı alınmaqla 41 nəfər, habelə xidməti marşrutlarda 56 cinayət törətmiş 65 şəxs yaxalanıb.

7News.Az

Xəbər lenti