Başbuğun fikirlərinə siyasi elitadan

Başbuğun fikirlərinə siyasi elitadan

Aprelin əvvəlində Ermənistan tərəfinin Azərbaycana qarşı törətdiyi təxribatlara görə ölkəmizə bir sıra dövlətlərdən çoxsaylı dəstək gəldi.

Gələn dəstək mesajlarının fonunda ən çox Türkiyənin qardaş ölkə olaraq Azərbaycanın yanında olduğunun şahidi olduq. Belə ki, elə döyüş əməliyyatlarının ilk günlərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu, digər ictimai-siyasi elitaya məxus şəxslər Azərbaycanın haqlı mövqeyini bir daha müdafiəsinə qalxdılar. Twitter sosial şəbəkəsində #TürkiyeSeninleAzerbaycan həştəqi yaradıldı və orada ölkəmizə, ordumuza sonsuz sayda dəstək mesajlarının yazıldı.

Daha sonra Ağ Evin rəsmi saytında azərbaycanlıların Ermənistanın Dağlıq Qarabağdakı təcavüzkar əməllərinə son qoyulması üçün prezident Barak Obamaya müraciət etmələri ilə bağlı başlatdıqları petisiyaya Türkiyə türkləri də imza atmaqla qardaş olduqlarını bir daha sübut etdilər.

Bu günlərdə isə Türkiyənin sabiq Baş Qərargah rəisi İlkər Başbuğ cəbhədə baş verən hadisələrindən danışarkən Azərbaycanla Türkiyənin bir dövlət olmasının ən böyük xəyalı olduğunu dilə gətirdi.

“Həmişə tək millət, iki dövlət deyirik. Tərcüməçi olmadan bir-birimizlə danışırıq. Lakin bu iki dövlətin birləşməsi mümkün deyil, bunu etməzlər. Kaş ki, şərtlər uyğun olsaydı...”, - deyə Başbuğ belə bir xəyalının olduğunu ictimaiyyətə açıqladı.

7News.Az xəbər verir ki,“Qafqazinfo” bu məqamda bir neçə millət vəkilindən İlkər Başbuğun sözügedən ideyasına münasibət öyrənib.

 

“Bu arzu hamımız üçün aktualdır”

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib ki, bu ideya təkcə Başbuğa aid deyil, bütövlükdə türk dünyasında olan və Azərbaycan Türkiyə areallarında olan türkçülük ideyası daşıyan insanlar üçün aktualdır. Konfederasiya formasında bu dövlətlərin vahid orqanizm kimi birləşməsi nəzərdə tutulur: “Bu fikir bizim də gələcək ideyalarımızda yer alır. Amma indiki şərtlərdə Azərbaycan Rusiya arealının içərisində müəyyən təhlükələr yaşadığına görə, Türkiyənin də təhlükələrlə üzləşdiyini nəzərə alaraq bunu gerçəkləşdirmək real görünmür. Gələcəkdə isə belə bir zərurətin olması ehtimalı böyükdür. Birinci şərt olaraq burada Türkiyənin bölgədə aparıcı gücə çevrilməsi əhəmiyyətlidir. Çünki Türkiyənin başqa ölkələrlə ən azı bərabər səviyyədə siyasətini yürüdə bilir. Bu isə yetərli deyil. Ciddi bir dünya dövlətinə çevrilməsi lazımdır ki, müəyyən məsələlərin reallaşmasında başqa ölkələrin maneçiliyinin qarşısını ala bilsin.

Digər tərəfdən Rusiyanın müəyyən qədər bölgədən çəkilməsi vacibdir ki, Azərbaycan daha müstəqil qərar qəbul edə bilsin. Bu, birinci növbədə Azərbaycanın təhlükəsizliyi baxımından faydalı ideyadır. Bu formatda qonşu dövlətlərin təzyiqi ilə müəyyən dərəcədə müstəqilliyimiz üçün həmişə bir təhdidlə yaşayacağıq. Amma biz Türkiyə ilə hansısa konfederativ əsaslarla uzlaşma yolu tapmağımız gələcəkdə həm də mövcudluğumuzun qorunması üçün olmazsa olmaza çevrilə bilər. Ona görə də mən indiki şərtlərdə bunu real saymasam da gələcəyin layihəsi kimi gözdən çıxarılmasının da doğru olmayacağını düşünürəm, bu məsələ həmişə diqqətimizdə qalmalıdır”.

“Bu, əbədi olaraq belə olacaq”

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib ki, zaman-zaman Azərbaycan və Türkiyədə belə bir fikirlər səslənir: “Bu bir tərəfdən hər iki xalqın bir-birinə olan yaxınlığı, qardaşlığı məhəbbəti, sevinci və kədərini bölmək hissidir. Hesab edirəm ki, bu gün Azərbaycan və Türkiyə arasında olan yaxınlıq dünyada az-az ölkələr arasındadır. Bu tək iqtidarların, nəsillərin deyil, əbədi olaraq belə olacaq.

Konfederasiyaya gəldikdə isə, dünyada ancaq İsveçrə Konfederasiyası var. Digər hallarda dövlətlər arasında yaxınlığın müxtəlif formaları var. Fransa- Belçika, Hollandiya- Avstriya arasında olan münasibətlər qonşu və dost münasibətlərindən də yaxındır. Bütün məsələlərdə bu dövlətlər qrup şəklində birlikdə olmağa çalışırlar.

Hesab edirəm ki, heç də vacib deyil ki, unikal bir dövlət şəklində birləşək. Vacib olan münasibətlərin dərinləşməsi, yaxşı münasibətlərin bundan sonrakı nəsillərə ötürülməsi, bütün məsələlərdə vahid mövqeydən çıxış edilməsidir. Bu gün Türkiyə ilə Azərbaycanın yaxın münasibətlərinə mane olan heç bir şey yoxdur. Demək olar ki, bütün azərbaycanılılar Türkiyədə olublar. Eyni şeyi Türkiyə haqqında da danışmaq olar. Hər bir ölkənin vətəndaşı bəlkə də digər ölkənin daxilində gedən proseslərdən bir çox hallarda daha çox məlumatlıdır, nəinki öz ölkəsində gedən proseslərdən. Bu baxımdan da bir daha qeyd edirəm ki, tək dövlət halında olmaq heç də vacib məsələ deyil, vacib olan indiki yaxın münasibətlərin daima qorunub saxlanılmasıdır”.


“Kiminsə qoltuğu altına girmək...”

Milli Məclisin Əmək və sosial siyasət komitəsi komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli qeyd edib ki, Azərbaycan Türkiyə ilə siyasi, iqtisadi cəhətdən güclü əlaqələrə malikdir: “Lakin Azərbaycan suveren dövlətdir. Öz müstəqilliyini qazanıb. Dünyada çox az dövlətlərdən biridir ki, müstəqil siyasət aparır. Bunu Putin də, dünyanın digər dövlətlərinin başçıları da öz çıxışlarında qeyd edirlər. Azərbaycan kiminsə qoltuğunda deyil, kiminsə fikirləri ilə oturub durmur, öz xarici və daxili siyasəti olan dövlətdir. Bu da ki müstəqil, belə bir lideri olan dövlətin xarakterik keyfiyyətlərindəndir. Prezident İlham Əliyevin dövlət quruculuğunun mahiyyəti müstəqil siyasət aparmaqdır. Heç kimin diqtəsi ilə oturub durmamalıyıq. Bunun üçün əsaslar da var. Bizim maliyyə imkanlarımız var, heç kimdən maliyyə almırıq. Kiminsə qoltuğu altına girmək bizim dövlət başçımızın da, dövlətimizin də perspektivində nəzərdə tutulmur”.

“Biz müstəqil dövlət olaraq davam etməliyik”

Millət vəkili Zahid Oruc vurğulayıb ki, İlkər Başbuğ Türkiyənin həm siyasi, həm də hərbi elitasında tanınmış, xalq tərəfindən sevilən bir simadır: “İndiki gerçəklikdə onun dilə gətirdiyi mövqe sanki bizim uzun illər ərzində “iki dövlətik” şüarını bir millət olaraq irəliyə aparmaqdır. Azərbaycanın içərisində də hər zaman buna bağlı təkliflər, ideyalar olub. Müxtəlif siyasi hərəkatların sənədlərində də bu öz əksini tapır ki, Türkiyə ilə münasibətlərimizi hüquqi cəhətdən daha üst səviyyələrə qaldırmalıyıq.

Lakin konfederasiyanın yaradılması, onun həyata keçirilməsi o qədər də asan deyil. Hərbi-siyasi, təhlükəsizlik məsələlərini bərqərar etməkdir ki, bu faktiki gerçəklikdə vahid bir dövlət halına gəlmək kimi təzahür etsin. Məgər Britaniya ilə Amerika arasında münasibətləri kimsə parçalaya və dağıda bilirmi? Qətiyyən bu, mümkün deyil. Orada da böyük və ya kiçik qardaşlıq anlayışları yoxdur. Türkiyə içərisində də, onların siyasi elitasının Azərbaycana baxışlarında da bir çox dedikləri kimi kiçik qardaş yanaşması da mövcud deyil.

Belə olan təqdirdə daha çox müstəqil dövlət kimi qalmağın tərəfindəyəm. Buna qətiyyən hansısa bir dövlətin, hətta qardaş olsa da onun çətiri altına girməkdən narahatçılıq, keçmişdən qalmış xof kimi də yanaşmaq olmaz. Mənə elə gəlir ki, güclü Azərbaycan dövləti Türkiyənin də maraqları daxilindədir. Buna görə də 2010-cu ildə prezident İlham Əliyevin Ərdoğanla apardığı on illər boyu siyasətin nəticəsi olaraq Strateji Əməkdaşlıq Şurası yaradıldı və hərbi pakt sənədinə yaxın müttəfiqlik müddəaları da o sənəddə əksini tapdı. Bunlar çox önəmlidir.

Türkiyənin əleyhinə yönələn təhlükəni özümüzə qarşı sayırıq, ya da ki əksinə. Düşünürəm ki, bu iqtidarlardan asılı deyil. Onlar hansı xarakterdə siyasi qüvvələr olsa da, hakimiyyətdə kimin olması Türkiyə Azərbaycan münasibətlərini əngəlləməyəcək. Ona görə də İlkər Başbuğa böyük hörmətimizə rəğmən biz iki güclü, müstəqil dövlət olaraq davam etməliyik. Bu bölgədə yerləşməyimiz, münasibətlərin xarakteri bunu tələb edir”.

7News.Az

Xəbər lenti