“Bizim qəsəbədə kimin evinə oğru girmirsə, ona bir təhər baxırlar”

“Bizim qəsəbədə kimin evinə oğru girmirsə, ona bir təhər baxırlar”

Maştağa qəsəbəsi, yeni salınmış Savalan massivinin sakinləri qəsəbənin yaralarından, sağalmaz dərdlərindən giley- güzar edirlər.

 

Sakinlər qəsəbədə yerləşən 28 saylı məktəbin qapısı önündə gəzən sahibsiz itlrin onlara qorxu yaşatdığını, telefon rabitəsindəki problemlərdən, yollarının bərbad gündə olmasından şikayətçidirlər.

"Şəkildəki Maştağa qəsəbəsi, yeni salınmış Savalan massivində yerləşən 28 saylı məktəbin yanıdır. Ön və arxa fon arasında ziddiyyət var. Hər gün qəsəbə sakinləri itlərdən qorxa-qorxa uşaqlarını bu məktəbə aparıb gətirirlər.

İtlər dəfələrlə uşaqlara hücum çəkib.

Gərək kimsə qudura? Başqa kimsələrsə də əncam çəkə? Aidiyyatı orqanlar niyə vaxtında tədbir görmürlər ?

Bu bir yana, neçə illərdir ki, Savalan massivin ayağı ilə başı arasında telefon rabitə sistemində çox böyük fərq var. Camaat ərizə ilə müraciət edir və xahiş edir ki, onlara telefon xətləri çəkilsin. Amma nə fayda? Onları eşidən yoxdur. Əvəzin simsiz rabitə təklif olunur, o da hərəsi bir qiymətə ...Və əzbərlədikləri bir söz var: ''Rabitə Nazirliyi köhnə üsülla telefon çəkilişinə qadağa qoyub''

Əhalini heç təzə üsulla da təmin edə bilmirlərsə, niyə köhnəni bəyənmirlər?

Əslində isə dövlət proqramı olmalıdır və sakinlərin istəyi ilə maraqlanılmalıdırlar.

Buradakı yol problemini demirəm hələ... Çala-çuxur və hər darvazanın ağzında kanalizasiya quyusu...

Ən qorxduğum isə burada hər gün baş verən oğurluq hadisələridir. Ötən həftə tanış bir ailənin nə qədər qır-qızılı var idisə oğurlayıb apardılar. Savalanda kimin evinə oğru girmirsə, ona birtəhər baxırlar ee. Bizim evi də 3 dəfə talan edib aparıblar. Ötən həftə isə bir sınıq -salxaq nərdivanımız var idi, onu da aparıblar. Nərdivan dəmirdən yox, taxtadan idi... Elə bunu da fikirləşə -fikirləşə qalmışıq. Taxta nərdivan oğrunun nəyinə lazımdır? Yəqin yeni həyətlərə girmək üçün”

Bu fikirlər qəsəbə sakinlərinin bizə yazdığı məktubda yer alıb. Qəsəbənin bələdiyyə rəhbərliyi ilə əlaqə saxlamaq istəsək də alınmadı. Amma mövzunu diqqətdə saxlayacağıq. Ən azından o oğrular qədər biz də eyni məkandakı vəzifə sahiblərini təkrar-təkrar axtarıb, sualımıza cavab almaq qabiliyyətinə malikik.

7News.Az

Xəbər lenti