"Bu gün ölkəmiz humanitar məsələlərin müazkirə olunduğu məkana çevrilib"- Rəfi Qurbanov

"Əsrlər boyu Azərbaycan regionda öz tarixi, mədəni nümunələri, müxtəlif mədəniyyətlərə münasibəti ilə sülhsevər, mehriban xalq olduğunu göstərib. Eyni zamanda, haqlı olaraq bununla fəxr edib. Təsadüfi deyil ki, cənubi Qafqazda Azərbaycan ilk dəfə olaraq multikulturalizmi dövlət siyasəti səviyyəsinə qaldırdı. Bu gün ölkəmiz humanitar məsələlərin müzakirə olunduğu məkana çevrilib". Bunu hafta.az-a açıqlamasında Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini Rəfi Qurbanov deyib. R.Qurbanovun sözlərinə görə, V Ümumdünya Dialoq Forumu bu nöqteyi-nəzərdən mühüm beynəlxalq tədbirlərdən biridir: "Beşinci forumun əvvəlki forumlardan fərqi onda ibarətdir ki, burada sülhsevər, dini tolerantlıq ənənələri güclü olan, hər zaman multikultural dəyərləri təbliğ edən Azərbaycanın təcavüzə və işğala məruz qaldığı, bu məsələdə ölkəmizə qarşı ikili standartların mövcudluğu ilə bağlı fikirlər beynəlxalq təşkilatların rəhbərləri tərəfindən açıq şəkildə səsləndirildi. Qeyd edildi ki, irqi ayrı-seçkiliyin, dini dözümsüzlüyün, mədəniyyətlərarası nifrətin gücləndiyi müasir dövrümüzdə Azərbaycanın və onun liderinin gördüyü işlər təqdirəlayiqdir. Lakin bütün bunlara baxmayaraq, beynəlxalq ictimaiyyət tolerantlıq və dinc birgəyaşayış adası olan Azərbaycanın probleminin həllinə biganədir". R.Qurbanovun fikrincə, forumda beynəlxalq ictimaiyyətə iki mühüm mesaj verildi: "Birincisi, dini tolerantlıq, dinlər və mədəniyyətlərarası dialoqun qorunmasında, eləcə də möhkəmlənməsində siyasi iradənin olmasının vacibliyidir. Yəni, bu istiqamətdə gəlişi gözəl sözlərin tribunalardan səsləndirilməsində daha çox əməli işlərin görülməsidir. İkinci ismarış sülh və təhlükəsizliyin təmin olunmasında beynəlxalq hüququn, eyni zamanda institutların işləməməsidir. Bunun nəticəsində münaqişə ocaqlarının sayı artır, işğallar davam edir. Həmin forumda bunun ən bariz nümunəsi kimi Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılması göstərildi".

Xəbər lenti