“Bu vəziyyət dərhal nəzarətə götürülməlidir” — AZAL-ın etiraz yaradan QİYMƏTLƏRİ

“Bu vəziyyət dərhal nəzarətə götürülməlidir” — AZAL-ın etiraz yaradan QİYMƏTLƏRİ

"İqtisadi baxımdan yanaşırıqsa, AZAL inhisarçıdır. Onun əlində aeroport var. Bu aeroportdan digərlərinin istifadəsinə çox ciddi məhdudiyyətlər qoyur. AZAL  inhisarçı obyekt olsa da, ikinci bir aeroportun yaradılması  şəhərdə mümkünsüz olduğuna görə, o imkan vermir ki, burada digər daşıyıcılar faydalansın”. 


 7News.Az xəbər verir ki, bu sözləri "Yeni Sabah”a AZAL-ın uçuş qiymətlərindən danışan iqtisadçı ekspert Azər Mehdiyev deyib. 


Onun sözlərinə görə, AZAL digər aviaşirkətlərə normal rəqabət səlahiyyəti yaratmır:


"AZAL elə bir şərait yaradıb ki, ümumiyyətlə, Azərbaycandan başqa digər daşıyıcı şirkət yoxdur, xarici  aviaşirkətlər isə ya ona yaradılan şəraitə, ya təklif olunan qiymətlərə, ya da məhdudiyyətlərə görə heç biri Bakı aeroportundan sərnişin daşımağa maraqlı deyil. Bu baxımdan iş birbaşa Antiinhisar xidmətinin nəzarətinə götürülməlidir. Onlar bu işin qarşısını almalıdırlar. Ancaq bu baş vermir. Bizdə bu xidmət antiinhisar işlərinə baxmır.


Ölkədə indiyədək ciddi inhisar fəaliyyəti ilə bağlı iş həyata keçirildiyini görmürük. Bunun aradan qaldırması üçün antiinhisar işləri həyəta keçirilmir və AZAL da öz istədiyi qiymətləri  qoyur. 


Qiymətlərlə bağlı heç bir əsaslandırma, rəqabətə aparacaq bir mühit də yoxdur. Nəticədə AZAL həm  dövlət büdcəsindən böyük vəsaitlər əldə edib özü üçün təyyarələr almaqla məşğuldur, həm də bu cür inhisar fəaliyyətindən  istifadə edərək  xarici şirkətlərin ölkəyə gəlməsinin və rəqabət mühitinin formalaşmasının qarşısını alır. Xidmətlərin qiymətlərini yüksək qoymaqla faktiki olaraq əhalinin ondan istifadə imkanlarını məhdudlaşdırır. Bu vəziyyət Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin nəzarətinə götürülməli bir işdir”. 


İqtisadçı bildirib ki, turizm haqqında çox danışılır, amma Azərbaycan rəsmi imkanları baxımından məhdud ölkədir:


"Ona görə ki, dəniz nəqliyyatından istifadə edə bilmirik. Ölkədə Xəzər dənizidir, o da Mərkəzi Asiya ölkələrinə çıxır. Oradan da o qədər turist gözləmirik. Əsas  Avropa  və digər ölkələrdən gözləyiriksə, yeganə ümidimiz təyyarədir. Dəmiryolu nəqliyyatı da sərnişinləri və beynəlxalq  turistlərin rahatlığını təmin edəcək səviyyədə deyil. Sürət , xidmət səviyyəsi  yaxşı deyil. Yeganə istifadə mənbəyimiz  təyyarədir. O sahədə də qiymətlər və mövcud şərait  sərfəli deyil. 


Dövlət turizm sahəsində çox pul xərcləsə də AZAL-ın qiymət siyasətinə yenidən baxılması ilə bağlı məsələnin məntiqi izahı çox çətindir. Sadəcə burada koorporativ maraqlar məsələsi  var.


Görünür, hökumət  daxilində bu məsələyə ya maraq göstərilmir, ya da  bu cür olması onların marağındadır. Yəni bunun heç  cür ciddi, elmi, iqtisadi və ya siyasi izahı yoxdur. İstənilən halda ölkə bu vəziyyətlə üzləşəndə mütləq  AZAL-a qarşı antiinhisar siyasəti başlanmalıdır”.


Xatıqladaq ki, AZAL-ın uçuş qiymətlərinin normaldan bir neçə dəfə baha olması ilə bağlı məsələ son olaraq Bakıda keçirilən AL-nın final matçında gündəmə gəldi. Matçı izləmək istəyən Böyük Britaniya vətəndaşları və həmçinin bu ölkənin Azərbaycandakı səfirliyi təyyarə biletlərinin baha olmasından şikayət etdilər. Mütəxəssislər ölkəyə turist axınının davamlı olmasını əngəlləyən səbəblərdən birinin məhz təyyarə biletlərinin qiyməti ilə əlaqələndirirlər.

 

 

7News.Az

Xəbər lenti