Cavanşir Feyziyevin qarşısına şərt qoyuldu: Ya mandat, ya da...

Cavanşir Feyziyevin qarşısına şərt qoyuldu: Ya mandat, ya da...

Bu il hökumətdə ciddi dəyişikliklər baş verəcək. Belə bir məlumatı AFN-ə verən mənbənin sözlərinə görə, bu dəyişikliklərdən biri də parlamentlə bağlı olacaq. Artıq növbədənkənar parlament seçkilərinin olacağı ilə bağlı yayılmış məlumatları xatırladan mənbəmiz bildirir ki, artıq bu seçkinin mexanizmi də müəyyənləşib. Ən əsası isə yeni tərkib parlamentdə indiki deputatların əksəriyyətinin olmayacağı bildirilir: "Bunlar daha çox yaşlı deputatlara aiddir. Lakin orta nəsil və gənclər arasında da mandatla vidalaşmağa məcbur olanlar var. Bunlardan biri də Cavanşir Feyziyevdir. Onun qarşısına seçim imkanı qoyulub. Deyilib ki, ya böyük biznes qurumlarından vaz keçməlidir, ya da mandatdan. İndiyədək ən böyük dərman firmalarından olan "Avromed”in müəyyən faizinə malik idisə, növbəti tərkibdə təmsil olunması üçün şirkətdən bütövlükdə vaz keçməsi gərəkəcək. Cavanşir Feyziyevin seçimi maraqla gözlənilir”.



Qeyd edək ki, "Quska" ləqəbi ilə tanınan keçmiş deputat Hüseyn Abdullayevin cinayət işinin araşdırması zamanı C.Feyziyevlə bağlı maraqlı məqamlar ortaya çıxmışdı. Onun bir neçə il əvvəl "Quska"dan dəyəri 10 milyonlarla ölçülən obyekt alması barədə istintaq məlumatlarının mediaya sızdırılması deputata təzyiqlərin olmasından xəbər verirdi. Xatırladaq ki, istintaq zamanı müəyyən olunub ki, 2014-cü ildə Hüseyn Abdullayevin mərhum atasının adına olan və Üzeyir Hacıbəyov küçəsində yerləşən 786 kvadratmetr qeyri-yaşayış sahəsini millət vəkili Cavanşir Feyziyev öz oğluna alıb. Deputatın həmin əmlakı oğlunun adına deyil, xalq artisti Gülyaz Məmmədovanın adına aldığı da ictimailəşmişdi.
Bu ilin yazında C.Feyziyevin şəxsi avtomobili ilə adam öldürülməsi məsələsinin üstünü isə ört-basdır etməyə çalışsalar da, AFN-in ortaya çıxardığı təkzibolunmaz faktlarla məsələ ictimailəşdirilərək hüquq müstəvisinə çıxarıldı. 
Başqa məlumatlarda isə deputatın mediada haqqında olan neqativ yazıları yığışdırmağa çalışdığı bildirilir. "Xüsusilə H.Abdullayevdən xalq artistinin adına əmlak alması ilə bağlı xəbərdən narahat olan C.Feyziyev bu haqda olan xəbərlərin saytlardan çıxarılması üçün bu və digər vasitələrə əl atıb” – deyə mənbəmiz bildirir.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq. 
 
 
7News.Az

Xəbər lenti