Dini konfessiya rəhbərlərinə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)“ yubiley medalı təqdim olunub

Dini konfessiya rəhbərlərinə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)“ yubiley medalı təqdim olunub
İyulun 12-də Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif 
edilmiş din xadimlərinə medalların Azərbaycan Respublikasının Dini 
Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) təqdimetmə mərasimi 
keçirilib.

Tədbirdə Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının 
arxiyepiskopu Aleksandr İşein, Bakı şəhəri Dağ yəhudilər dini icmasının 
sədri Milix Yevdayev, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini 
icmasının sədri Robert Mobili və Roma-Katolik Kilsəsinin Azərbaycandakı 
ordinarisi Vladimir Fekete iştirak ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış 
edərək "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley 
medalının əhəmiyyətindən danışıb. Komitə sədri qeyd edib ki, dövlət 
başçısının adıçəkilən medalın təsis edilməsi haqqında Sərəncamı 
Prezident İlham Əliyevin şanlı keçmişimizə, dövlətçilik tariximizə 
verdiyi yüksək dəyərin göstəricisidir.
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının tariximizin şərəfli 
səhifəsi olduğunu diqqətə çatdıran Dövlət Komitəsinin sədri bildirib ki, 
ölkə Prezidentinin imzaladığı müvafiq Sərəncama əsasən ötən il AXC-nin 
100 illik yubileyi böyük təntənə ilə qeyd olundu. Mübariz Qurbanlı onu 
da vurğulayıb ki, Xalq Cümhuriyyəti 23 ay yaşamasına baxmayaraq, 
ölkəmizdə dini sahənin inkişafına da xüsusi qayğı ilə yanaşıb, 
xalqımızın vicdan azadlığının təmin edilməsi məqsədilə mütərəqqi 
addımlar atılıb.
Sonra medallar din xadimlərinə təqdim olunub.
Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının arxiyepiskopu 
Aleksandr İşein, Bakı şəhəri Dağ yəhudilər dini icmasının sədri Milix 
Yevdayev, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının 
sədri Robert Mobili və Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi 
Vladimir Fekete təltifə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını 
bildiriblər.
7News.Az

 


Xəbər lenti