“Gəldim gördüm ki, it uşağın ağzından qapıb”

“Gəldim gördüm ki, it uşağın ağzından qapıb”

Salyanda 10 yaşlı uşaq quduzluq xəstəliyindən dünyasını dəyişib. Hadisəyə səbəb quduz itin onu dişləməsi olub.

7News.Az CTV (Region TV) istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Seyidlər kəndində qeydə alınıb. Belə ki, iyunun 16-da axşam saatlarında Aqil İsmayılov evə qayıdarkən sahibsiz itlərin hücumuna məruz qalıb. İtlərdən biri Aqili ağız, üz və qol nahiyyəsindən dişləyərək ona ciddi xəsarət yetirib.

Mərhumun qohumu Fəxrəddin İsmayılovun sözlərinə görə, o gələndə artıq gec olub: “Gəldim gördüm ki, it uşağın ağzından qapıb. Tez mindirdim maşına. 20 dəqiqəyə çatdırdım rayon xəstəxanasına”

Salyan Mərkəzi Rayon Xəstəxanasında uşağa ilk tibbi yardım göstərilərək quduzluğa qarşı vaksin vurulsa da iyulun 4-də onda quduzluq əlaməti hiss olunub.

“Görüblər ki, uşaq su içə bilmir. İçir atır. Həkim də deyib ki, tez təcili çatdırın Bakıya” – deyə mərhumun qohumu Fəxrəddin İsmayılov əlavə edib.

Aqil müalicə üçün Bakı şəhərinə göndərilsə də həkimlərin səyləri heç bir nəticə verməyib və o dünyasını dəyişib. 
Mərhumun atası bildirir ki, sahibsiz itlər kənddə hələ ki, cövlan edir. Nə qədər ki, sahibsiz itlər var, Aqilin aqibətini digər uşaqlar da yaşaya bilər.






Xəbər lenti