RU
lombard
Eldar Mahmudovu həbsə aparacaq araşdırma
15:32
856

Eldar Mahmudovu həbsə aparacaq araşdırma

Azərbaycanın keçmiş Milli təhlükəsizlik naziri Eldar Mahmudovun İngiltərədə sərvətinin üzə çıxması yenidən onu diqqət mərkəzinə gətirib. 

Böyük Britaniyanın "The Guardian” nəşri 2019-cu ilin noyabr ayında İngiltərənin "Cayman National Bank (Isle of Man) Ltd"nin haker hücumuna məruz qalması nəticəsində üzə çıxan sənədlərə istinadən Eldar Mahmudovun İngiltərədə 100 milyon avroluq biznes imperiyasının olduğunu yazıb. 

Qəzetin xəbərinə görə, satınalmalar və əməliyyatların hamısı keçmiş nazirin övladları - 36 yaşlı Anar və 31 yaşlı Nərgizə bağlı şirkətlər tərəfindən həyata keçirilib.

Qeyd olunur ki, 2014-2015-ci il aralığında, təkcə 1 il ərzində Anar Mahmudov özünün "Britannia Group” adlı şirkətinin hesabına 14 milyon funt sterlinq yerləşdirib. Poole and Bournemouth ərazilərində aldıqları 2 bloklu ofisin qiyməti isə 13.5 milyon funt sterlinqdir.

Bundan əlavə məşhur Knightsbridge ərazisində aldığı 4 mərtəbəli mülkün qiyməti isə 17.5 milyon funt sterlinqdir.

"The Guardian”ın araşdırma məqaləsi Azərbaycanda bomba effekti verib. Bu da səbəbsiz deyil. 

Eldar Mahmudov 11 il Milli Təhlükəsizlik Naziriliyinə (MTN) rəhbərlik edib. Nazir kimi ilk uğurlu işi "Qara Kəmər” əməliyyatı nəticəsində Hacı Məmmədov və dəstəsinin zərərsizləşdirilməsi olub. Bu əməliyyatdan sonra Eldar Mahmudov özünü toxunulmaz hesab edərək iqtidar komandasının ən qorxunc fiquruna çevrilib. Nəhayət, o, 2015-ci ilin oktyabrında o tutduğu vəzifədən azad edilib. 

Onun işdən çıxarılması ilə eyni gündə MTN-də əməliyyatlara başlanılıb. Qısa müddət ərzində qurumun Akif Çovdarov, Elçin Quliyev, Teymur Quliyev, Sübahir Qurbanov və Natavan Mürvətova kimi generalları və çoxsaylı yüksək rütbəli zabitləri məsuliyyətə cəlb edildi. Bəlli oldu ki, Eldar Mahmudovun dönəmində nazirlik qanqster yuvasına çevrilib. Bütün bunlara baxmayaraq, Eldar Mahmudov məsuliyyətdən kənarda saxlanıldı. Onun həbs edilməməsi ilə bağlı müxtəlif konspirativ nəzəriyyələr mövcuddur.

"The Guardian”ın məqaləsindən sonra keçmiş nazirin həbsi məsələsi yenidən gündəmə gətilib. Bəzi mülahizələrə görə, bu araşdırma Eldar Mahmudov mövzusuna qayıtmaq üçün əsas ola bilər. 

Hazırda hakimiyyət rüşvət və korrupsiyaya qarşı ciddi mübarizəyə başladığını bəyan edib. Mübarizə çərçivəsində dörd yerli, iki mərkəzi icra hakimiyyəti orqanında əməliyyat keçirilib. Əməliyyatlar zamanı icra başçıları və başqa yüksək vəzifəli şəxslər həbs edilib. Onların həbsi ilə bağlı əməliyyat çəkilişləri ictimailəşdirilib. Bir sözlə, hakimiyyət cəmiyyətə rüşvət və korrupsiyaya qarşı mübarizədə səmimi olduğunu hər vəchlə sübut etməyə çalışıb və çalışır. Belə bir vəziyyətdə onsuz da məsuliyyətdən kənarda saxlanılması ilə iqtidar üçün başağrısına çevrilən Eldar Mahmudovun İngiltərədə 100 milyon avroluq biznesinin üzə çıxması hakimiyyətin yenidən bu barədə düşünməsini şərtləndirə bilər.

Mənbə: Yenisabah.az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ