Əvvəllər vergi ödəməyənlər indi niyə ödəyirlər?

Əvvəllər vergi ödəməyənlər indi niyə ödəyirlər?
2019-cu ildə vergi yoxlamaları əvvəlki ilə nisbətən üç dəfə azalıb

İqtisadiyyatın qeyri-neft sektorunda bu ilin birinci yarısındakı ümumi vergi mədaxilinin 70 faizini təşkil edən vergi gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 14,3 faiz artıb. Neft sektorunun isə vergi ödəmələri 6 faizədək azalıb.

Statistika çox qəliz bir sahə olduğuna görə yuxarıda göstərilən rəqəmlərin hər biri tamamilə başqa-başqa proseslərə, meyllərə şahidlik edə bilər. Birgə təhlil edildikdə isə həmin rəqəmlərin arxasından yenicə yaranan sosial dəyişikliklərin boylandığını görmək olur.

Neft vergiləri əsas etibarilə beynəlxalq müqavilələr çərçivəsində əməliyyat şirkətləri tərəfindən ödənilən vəsaitlər hesabına formalaşır. Ona görə də istər-istəməz neft və qaz qiymətlərindən, hasilat və nəql həcmlərindən asılıdır. Yəni bu sahədə vergi ödənişlərinin azalması əslində labüd bir hadisə kimi qəbul olunmalıdır. Qeyri-neft vergiləri isə daha mürəkkəb, daha çoxlu sayda amillərlə şərtlənən, o cümlədən insan amilinin də mühüm rol oynadığı mexanizmdir.
İllərlə, əsrlərlə dövlətin təhlükəli, yeri gələndə müxtəlif yollarla aldadılması məğbul sayılan bədxah qüvvə qismində təsəvvürlərin təşəkkül tapmasını hamı bilir. Dövlətə bu cür münasibətə müxtəlif formalarda dünyanın hər yerində və bütün dövrlərdə rast gəlinir. Çünki dövlət təssiatı elə əvvəldən məcburiyyət və cəza mexanizmi kimi yaranıb, vəzifəsi zor vasitəsilə cəmiyyətdə qayda-qanun, intizam yaratmaqdır. İnsanın, fərdin isə zorakılıq daşıyıcılarına şübhə ilə yanaşması təbiidir, ələlxüsus bəzi hallarda bu şübhələr, əfsuslar olsun, özünü artıqlaması ilə doğruldur. Belə ki, dövlətin zorakı aparatı canlı insanlardan ibarət olub aid olduğu cəmiyyətin bütün naqisliklərindən xali deyil. 
 


Məsələn, cəmiyyətdə hamının hamıya qarşı etimadsızlığı, başqaları öz işlərinə yaxın qoymamaq meyli üstündürsə, bu meyl vətəndaş – dövlət münasibətlərinə də mütləq sirayət edəcək. Bu qapalı dairədən yalnız inkişaf etmiş dediyimiz az sayda cəmiyyətlər xilas olmağı bacarır. Belə ki, məhz sosial etimad geniş mənada həm iqtisadi, həm mədəni, mənəvi inkişafın təməl daşıdır. Bu səbəbdən də şəxsən mənim üçün yuxarıda gətirilən vergi statistikası rəqəmləri müəyyən qədər gözlənilməz oldu. Yoxlamalar azalıb, vergi gəlirləri isə artıb. Özü də xeyli dərəcədə, ÜDM artımından daha çox artıb. 

Belə artım ayrı-ayrı hallarla izah oluna bilməz, burada irimiqyaslı dəyişikliklərin baş verməsi şəksizdir. Yəni insanları öz gəlirlərini vergidən yayındırmamağa vadar edən ciddi səbəblər üzə çıxır. Bu səbəblərin heç də kütləvi vergi yoxlamaları, sərt sanksiyalar olmadığını da vurğulamaq lazım gəlir.
 Ehtimal ki, bu prosesin arxasında vergi qanunlarının bu yaxınlardakı təkmilləşdirilməsi, gömrük sisteminin "ağardılması”, vergi sistemində daxili intizamın, şəffaflığın artırılması, "nağd” iqtisadiyyata qarşı görülməyə başlayan tədbirlər kimi səbəblər durur. Yəni hazırda sosial və psixoloji amillərdən çox idarəçiliyin təkmilləşməsi ön plana çıxır.

Şübhəsiz ki, toplum olaraq biz hələ fərdlər arasında qarşılıqlı faydalı əməkdaşlığı, birgə yaşayışı şərtləndirən səmərəli düsturu tapmalıyıq. Vergi sahəsində qeyd etdiyim irəliləyişlər isə birincisi, insanların həqiqətən də rifahında, həyat tərzində, sosial müdafiəsində özünü büruzə verməli, ikincisi isə dayanıqlı, davamlı hala çevrilməlidir.

Hər halda insanla idarəçilik sistemi arasında qarşılıqlı etimada söykənən ədalətli münasibətlərin qurulması istiqamətində ilk addımların atıldığı göz qabağındadır. Aradakı vərdiş etdiyimiz şübhələr, etimadsızlıq əsasən ayrı-seçkilikdən irəli gəlir. Yəni vergiləri vaxtında ödəyən kiçik, orta sahibkar iri biznes sahiblərinin, "yuxarı”lara arxalananların, oliqarxların inzibati alətləri işə salıb vergidən yayındığını görür, yaxud gördüyünü zənn edirsə, aradakı kövrək etimad darmadağın olur. Halbuki məhz elə orta təbəqə ilə dövlət arasındakı etimad, ölkənin inkişaf yollarına, mənafeyinə müştərək yanaşmadır iqtisadi inkişafın da, vətəndaşların firavan yaşamasının da möhkəm bünövrəsi. 

Dövlət və vətəndaşlar bir-birinə doğru addımlar atmalıdırlar. Dövlətin vəzifəsi hamının qanun qarşısında, o cümlədən vergi qanunu qarşısındakı bərabərliyini, büdcənin ədalətli və şəffaf yaranmasını, bölüşdürülməsini təmin etmək, vətəndaşın isə cəmiyyət və dövlət qarşısındakı öhdəliklərini dərk və icra etməkdir.
 Bərabərsizlik isə cəmiyyət orqanizmini zəhərləyən virusa bənzəyir. "Yuxarı”dakı himayəçilərə arxalanaraq vergidən yayınan sahibkarlıq sadəcə vergi statistikasını korlamır, daha mühüm nəticə - idarəçilik sistemini zəhərləyərək dövləti zəiflədir. Vahid oyun qaydaları və sağlam rəqabət prinsipləri ayaqlar altına atılır, beləcə hamı güclü himayəçi, haqsız imtiyaz axtarmağa sövq edilir.

Sözsüz ki, qanuni vergidən yayınan, qanundan kənar imtiyaz axtaran sahibkarlıq qanunu pozduğu halda hamı üçün bərabər, ədalətli şəraitin yaradılması vergi orqanlarından tutmuş qanun yaradan orqanlarınadək hakimiyyətin üzərinə düşür.

Bəli, yuxarıda misal çəkdiyimiz statistik rəqəmlər və bir sıra başqa amillər vergi bərabərlik yolunda müəyyən məsafə qət etdiyimizi göstərir. Yəni əvvəllər vergi ödəməməyə üstünlük verənlər vergini ödəməyə başlayıb. Belə ki, vergi ödəyici ilə dövlət arasında mənafelərin sağlam müvazinətin əldə edilməsi üçün müəyyən əsaslar yaranıb.

Kiməsə xoş gəlsə də, gəlməsə də, müasir iqtisadi sistemlər səmərəli vergi mexanizmi olmadan fəaliyyət göstərə bilmir. Bəli, dünyada vergi ödəmədən iri pullar qazana bilən insanlar var, az da deyil. Lakin bunların əksəriyyəti ya həbsdə, ya da barələrində olduqları yerdən getməmək iltizamı qəti imkan seçilərək öz imarətlərində məhkəmədən bildiriş gözləyir.

Dövlətin səmərəli fəaliyyəti baxımdan vergi mexanizminin əhəmiyyətinin dərk olunması nəticəsində inkişaf etmiş ölkələrdə vergidən yayınmağa görə ən sərt cəzalar tətbiq olunur. Həmin ölkələrdə vergi orqanları qabağında gözükölgəli şəxsin evinə gecəyarısı əli avtomatlı polisin "qonaq” gəlməsi adi haldır və heç kimi təəccübləndirməz.


Mənbə: 1news.Az

Xəbər lenti