Goranboyda sahibkarlara güzəştli kredit verilib

Goranboyda sahibkarlara güzəştli kredit verilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.

Okytabrın 22-də bu istiqamətdə növbəti tədbir – sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum Goranboy rayonunda keçirilib.

100-dək sahibkarın və İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarının nümayəndələrinin iştirak etdiyi forum çərçivəsində güzəştli kreditlərin verilməsi mexanizmi barədə treninq  təşkil edilib, Goranboy rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan taxılçılıq, tərəvəzçilik, intensiv bağçılıq, cins heyvandarlıq təsərrüfatlarının, meyvə və süd emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, ölkədə sahibkarlığın inkişafı və özəl bölmənin iqtisadiyyatda rolunun daha da artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun özəl bölmənin inkişafında, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi sahəsində gördüyü işlər barədə danışıb.

İşgüzar forumda sahibkarlar və Sahibkarlığın İnkişafı Fondu arasında əməkdaşlığın daha da genişləndirilməsi, sahibkarların maarifləndirilməsi, müraciətlərinin operativ qaydada cavablandırılması, onlara göstərilən xidmətlərin keyfiyyətinin, özəl sektorun güzəştli qaydada maliyyələşdirilməsində səmərəliliyin daha da artırılması, startapların dəstəklənməsi üçün Fondda Sahibkarlara Xidmət və Biznes İnkubasiya mərkəzlərinin fəaliyyət göstərdiyi vurğulanıb, sahibkarları bu imkanlardan yararlanmağa dəvət edilib.

Tədbir çərçivəsində Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarların heyvandarlıq, bağçılıq, mineral su istehsalı və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə 631 min manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması nəticəsində 70-dək yeni iş yeri açılacaq.

Ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 7000 investisiya layihəsinin maliyyələşdirilməsinə 290 milyon manat güzəştli kredit verilib.

Xəbər lenti