RU
lombard
11:05
936

"Heç vaxt atamın adına söykənmək istəməmişəm" - SÖHBƏT

Mirhacib Məcid: "Çünki bu çətirin altında deyiləm. Çox nadir hallarda hansısa məsələni ona deyirəm, həmişə çalışıram işimi özüm həll edim"

"30 yaşım olanda qəribə şəkildə depressiv duruma düşmüşdüm. Qocalıqla bağlı fikirlər məni bürümüşdü. Hər şey üçün artıq gec olduğunu düşünürdüm. İndi nikbinəm"


İnsan taleyin onu haralara aparacağını bilmir. Bilsəydi, maraqsız olardı həyat. Həyata rəng qatan - istər ağ olsun, istər qara - bilinməzliyi, məchulluğudu. Həmsöhbətimdən soruşdum ki, hansı ali məktəbi bitirib, dedi, Slavyan Universitetini, çex və ingilis dili tərcüməçiliyi ixtisası üzrə. Bugünsə, ölkədə tanınan, oxunan saytların rəhbəridir. "Qol.az”, "Axşam.az”, "Sabah.az”. Tələbəlik illərində, böyük ehtimal, sayt yaradacağı, ona rəhbərlik edəcəyini ağlına gətirməyib. Qəzetçi olacağını düşünüb, bəlkə. Məşhurların övladlarından bunu eşidirik həmişə; evimizdə filankəslər (karifeylərin adlarını çəkirlər adətən) tez-tez  qonaq olardı, şeir, musiqi məclisi... Belə mühitdə böyümüşük”.

Yəni, xanəndənin övladı musiqiçi, xanəndə, şairin, yazıçınınkı da qələm əhli olacaq da! O hesabla Mirhacib Məcid də deyə bilər ki, gözümü açıb atamı qələm-kağızla baş-başa görmüşəm. Amma niyə Mirhacib qəzetçi yox, təhsil aldığı ixtisasa uyğun tərcüməçi yox, sayt, portal rəhbəri oldu? Sayt da, portal da mediadır,  sadəcə, müasir tələblərə uyğun, həyatın axarı ilə deyil, daha çox axara qarşı gedən media platforması. Klassik qəzetçilər sayt, portal, agentlik... bunlara bir az çəpəki baxır. Guya ki, onlar klassik qəzetçiliyi aradan çıxarmaq istəyir. Amma klassika heç vaxt sıradan çıxmır. Klassik medianın vazkeçilməzi sayılan mühafizəkarlığa saytlar, portallar da zaman-zaman baş əyməyə məcbur olur. Mirhacib Məcid "maraqlı başlıq veririk, yalan yox” deməklə əslində, klassik media ənənəsinə sadiqliyini də büruzə verdi. 

Əvvəldən başlayaq. 

- Yəqin ki, media sahəsinə gəlməyinizdə atanızın təsiri olub. 

- Hər halda. Əksini deyə bilmərəm. Amma bir az fərqli məqamlar da var. Mən 2008-ci ildə media sahəsində fəaliyyətə başlayanda atama bu barədə heç nə deməmişdim. İlk layihəmiz "Qol.az” saytı oldu. Sayt fəaliyyətə başlayandan sonra atama bu barədə dedim. Əvvəldən desəydim, bəlkə də razı olmazdı. İşimi görüb qurtarandan sonra bildirdim. 

- Dəstək verdi sizə?

- Onun dəstəyini həmişə hiss etmişəm. Amma axı mən özüm də çalışıram. 12 ildir bu sahədəyəm. Az müddət deyil... 

- Əlbəttə. Üzgörənlik olmasın, saytlarınız oxunur, maraqlı materiallar verilir... 

Xüsusən "Qol.az” saytı çox oxunur. Yeri gəlmişkən, soruşum, niyə idman saytı ilə başladınız? İdmanla məşğul olursunuz, marağınız var? 

- İdmana, bəli, marağım var. Bir müddət taekvondo ilə məşğul olmuşam. "Sarı kəmər” sahibiyəm.  "Qol.az” saytı daha çox futbolla əlaqəlidir. Futbol kütləvi idman növüdür, populyardı deyə, seçimi onun üzərinə etdik. Amma təbii ki, idmanın başqa növləri ilə bağlı da materiallar, xəbərlər yerləşdiririk. 

-  Səhv etmirəmsə, 3 sayta rəhbərlik edirsiniz. 

-  Bəli. "Qol.az”dan sonra "Axşam.az”ı yaratdıq, bu ilin fevral ayında isə "sabah.az”ı. "Sabah.az” ictimai-siyasi portaldı. Yəni, orda bütün sahələrlə bağlı xəbərlər verilir. 

- Belə deyim, media sahəsində oturuşmuş sayılırsınız artıq. 

- Təcrübəmiz var, bəli. Çalışqanlıq çox şeyi həll edir. Gərək daim işləyəsən, hərəkətdə olasan. Açığı, heç vaxt atamın adına söykənmək istəməmişəm. Siz də atamın mənə dəstəyini soruşdunuz. Əvvəlki müsahibələrimə baxanda görürəm ki,  əksəriyyət atamı önə çəkir... 

- Məncə, buna normal yanaşmalısınız. Rəşad Məcidin kimliyini açıqlamağa ehtiyac yoxdu. Əlbəttə, soruşacağıq və bağlamağa çalışacağıq...

- Anlayıram. Mən də bunu normal qəbul edirəm. Amma özüm də işləyirəm axı! Çalışıram. Bir müsahibəmdə demişəm ki, "Rəşad Məcidin oğlu” adından çıxmaq istəyirəm. Çünki bu çətirin altında deyiləm. Çox nadir hallarda hansısa məsələni ona deyirəm, həmişə çalışıram işimi özüm həll edim. Media sahəsinə marağımın yaranmasında atamın təbii ki, rolu olub. Amma bu istiqaməti özüm seçmişəm. 

- Gəlirli sahədi?

- Klassik media ilə müqayisə etsək, burda cüzi də olsa reklam bazarı var. Əziyyətli də olsa, müəyyən qədər reklam əldə etmək mümkündür. Söhbət böyük rəqəmlərdən getmir, amma qazanmaq mümkündü. İnstaqram, yutub səhifəsi başqadır. Deyək ki, hansısa müğənni klip çəkdirir, instaqram hesabına yerləşdirir, ya da yutub kanalına yükləyir, izləyici sayına görə də gəlir əldə edə bilir. Sayt isə belədir ki, maraqlı materiallar yerləşdirmək və oxucu sayını artırmaqla şirkətlərin diqqətini cəlb edə bilər, hansısa şirkət, müəssisə reklamının saytda yerləşdirilməsinə razılıq verər və beləliklə gəlir əldə edilər. Arzulayaq ki, sağlam reklam bazarı, sağlam rəqabət mühiti olsun, hər kəs də bacarığına görə qazanc əldə etsin. Sayt açmaq indi asandı, çətini onu idarə etməkdi. Burda da əsas şərt çeviklikdi. 

- Siz də cəlbedici başlıqlar verirsiniz? 

- Başlıq, əlbəttə cəlbedici olmalıdır. Yaxşı başlıqla yazını oxutdura bilərsən. Amma materialın içi ilə başlıq uyğun gəlməyəcəksə, oxucunu gec-tez itirəcəksən. İndiki oxucular da peşəkarlaşıb artıq. Bir dəfə başlığa aldanar, iki dəfə aldanar, üçüncü dəfə daha səni oxumayacaq. Oxumağa o qədər sayt var ki... Oxucunu aldatmaq olmaz. 

- Məsələn, hansısa müğənninin açıq-saçıq fotolarını verirsiz, yoxsa bunda bir sədd, ölçünüz var? 

- Baxır informasiyaya. Abırsız xəbərləri vermirik. Ciddiliyimizi qoruyuruq. Elə xəbərlər olur ki, onu yaymağı özümüzə rəva görmürük. 

- Karantin rejimi sizə necə təsir etdi. Bundan danışmasaq olmaz, məncə.

- Nə deyim... Dünyanı ağuşuna almış bir bəladı. Hamımız yorulmuşuq... Ötən aylar hər cəhətdən çətin oldu. Depressiv durum bir yandan, gəlirlərin azalması bir yandan.  Şükür ki, artıq yumşalmalara gedilir. Karantinin ilk aylarında biz də evdən işləyirdik. Saytlar da evdən idarə olunurdu, dayanmaq olmazdı çünki. İndi kollektiv artıq işə çıxır.  Avqustun 10-dan sonra növbəti yumşalmalar gözlənilir. İnşəllah, bu çətin günləri arxada qoyarıq. 

- Yumşalmaları hamı həsrətlə gözləyirdi. Hərənin bir istəyi, arzusu vardı. Sizin necə? 

- Elə, xüsusi bir istəyim yoxdur. 

- Övladlarınız sizdən onları harasa aparmağınızı, harasa getməyi tələb etmir? 

- Gəzməyə çıxarıram... 

- Bir qızınız var, İpək adında? 

- İki qızım var. Məhin və İpək. 

- Amma İpək "məşhur”du... 

- Hə... Babası məşhurlaşdırır onu. Adına instaqram səhifəsi açıb. Şeir söyləyir, Anar müəllim məxsusən ona kitab göndərib... 

- Niyə məhz İpək? 

- Bilmirəm. Görünür, Rəşad Məcid onda nəsə tapıb. Bizim görmədiyimiz hansısa özəl xüsusiyyətini görür. Rəşad müəllimin 4 nəvəsi var, amma İpəklə xüsusi məşğul olur. 

- Deyəsən, Rəşad Məcidin "varisi” Mirhacib yox, İpək olacaq. 

- Ola bilər... 

- Dostlarımız dedi ki, 30 yaşınız tamam olur...

- 33. 

- Şablon görünsə də, soruşum; necə keçirəcəksiz ad gününü? 

- Heç vaxt ad günlərini təmtəraqlı şəkildə keçirməyin həvəsində olmamışam. Bu dəfə də sevdiyim insanların əhatəsində sadə bir məclis təşkil olunar, yəqin ki. 30 yaşım olanda qəribə şəkildə depressiv duruma düşmüşdüm. Qocalıqla bağlı fikirlər məni bürümüşdü. Hər şey üçün artıq gec olduğunu düşünürdüm. İndi nikbinəm, bütün hər şeyə rəğmən gələcəyin bizə daha xoş anlar yaşadacağına ümid edirəm.
"Şərq" qəzeti

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ