Heydər Əliyevə həsr olunmuş film təqdim olundu

Heydər Əliyevə həsr olunmuş film təqdim olundu

Bu gün Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Heydər Əliyev - Azərbaycan gənclərinin ilham mənbəyi” adlı tədbir keçirilib.

7News.Az xəbər verir ki, tədbirdə Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, Gənclər və idman nazirinin müavini Intiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkili Şahin Ismayılov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və "Space” Müstəqil Teleradio Şirkətinin prezidenti, kinorejissor Vaqif Mustafayev və 300-dən artıq gənc və gənclər təşkilatlarının nümayəndələri iştirak edib.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra yüzlərlə gəncin iştirakı ilə keçirilmiş Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş fləşmobun qısa videoçarxı nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev bildirib ki, Ulu öndər Heydər Əliyev millətin taleyi üçün böyük əhəmiyyət kəsb edən bütün fəaliyyət sahələrini, xüsusilə gənclər siyasətini həmişə diqqətdə saxlayıb. Onun ölkəyə rəhbərliyinin hər iki dövründə bütün sahələr dövlət səviyyəsində layiqli dəyərini alıb. 

Tədbirdə çıxış edən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Azərbaycanın inkişafı və bütün dünyada tanınmasında Heydər Əliyevin misilsiz xidmətlərindən, eləcə də, onun gənclərə göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb.

Çıxış edən xalq artisti Vaqif Mustafayev Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Sonda V.Mustafayevin ümummilli liderə həsr olunmuş "Əsl məhəbbət haqqında” sənədli filmi nümayiş olunub.

7News.Az

Xəbər lenti