İlham Rəhimli: Teatrları uğursuzluqdan “təqaüd oyunu” ilə çıxarmaq mümkün deyil

İlham Rəhimli: Teatrları uğursuzluqdan “təqaüd oyunu” ilə çıxarmaq mümkün deyil

Dünyanın heç bir teatrında aktyoru və ya rejissoru yaşının çoxluğuna görə işdən çıxarmırlar. Çünki teatrda (eləcə də, həkimlikdə, müəllimlikdə, rəssamlıqda, ifaçılıqda, elmi işlərdə) əsas meyar istedad və işgüzarlıq qabiliyyətidir. 

Bunu Oxu.Az-a açıqlamasında tanınmış teatrşünas-tənqidçi, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professorİlham Rəhimli son günlər Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup əməkdaşının, tanınmış Xalq və Əməkdar artistlərin təqaüdə göndərilməsi məsələsi ətrafında gedən müzakirələrə münasibətini bildirərkən deyib.

O qeyd edib ki, hansısa aktyor 30, 40 yaşında teatra yararsız ola bilər, yaxud əksinə, hansısa aktyor 80-90 yaşında da teatr üçün səmərə verə bilər. 

Onun sözlərinə görə, bu, onun istedadının hansı yaşa qədər bəhrə verməsindən asılıdır.

"Gəlin, unutmayaq ki, yaşlı, lakin yaradıcılığı teatra uğur gətirən aktyorun səsinin səhnədən gəlməsi mənsub olduğu sənət ocağının illər boyu formalaşan ənənəsinin layiqli davamı deməkdir.

Təəssüf ki, son illər Azərbaycanda aktyorlar 63, qadınlar 60 yaşlarından teatrla vidalaşmalı olublar (bir neçə ildir bu rəqəmdə dəyişmə var). Bu, teatra qarşı ağlagəlməyən, məntiqə sığmayan münasibətdir. Adını da qoyurlar ki, təqaüdə çıxan aktyor gəlib müqavilə ilə oynaya bilər.

Belə düşünənlər unudurlar ki, aktyorun teatrın ştatında olmaması balığın sudan çıxarılıb yarısına qədər su tökülmüş çəlləkdə yaşamağa məhkum edilməsinə bənzəyir. Yaddaşı zəif olanlara son nəfəsinədək səhnədə çalışmış məşhur sənət fədailərinin ömür yaşlarını xatırlatmaq istəyirəm.

Akademik Milli Dram Teatrında

SSRİ Xalq artistləri: Mirzağa Əliyev – 71 yaş, Sidqi Ruhulla – 73 yaş, İsmayıl Osmanlı – 76 yaş, İsmayıl Dağıstanlı – 73 yaş, Hökümə Qurbanova – 75 yaş.

Azərbaycanın Xalq artistləri: Mustafa Mərdanov – 74 yaş, Ağahüseyn Cavadov – 87 yaş, Ağasadıq Gəraybəyli – 91 yaş, Möhsün Sənani – 81 yaş, Sona Hacıyeva – 72 yaş, Əliağa Ağayev – 70 yaş, Nüsrət Fətullayev (rəssam) – 74 yaş, Sofya Bəsirzadə – 82 yaş, Leyla Bədirbəyli – 79 yaş, Nəcibə Məlikova – 71 yaş, Lütfi Məmmədbəyov – 77 yaş, Kamal Xudaverdiyev – 70 yaş.

Əməkdar artistlər: Murad Muradov – 80 yaş, Fateh Fətullayev – 74 yaş, Əzizə Məmmədova – 69 yaş, Hacıməmməd Qafqazlı – 84 yaş, Natalya Lizina – 65 yaş, Mirvari Novruzova – 71 yaş, Cabbar Əliyev – 70 yaş, Sadıq Saleh – 77 yaş, Məcid Şamxalov – 77 yaş, Bürcəli Əsgərov – 72 yaş.

Gənc Tamaşaçılar Teatrında

Xalq artistləri: Firəngiz Şərifova – 90 yaş, Süleyman Ələsgərov – 80 yaş, Solmaz Qurbanova – 73 yaş, Hüseynağa Sadıqov – 68 yaş.

Əməkdar artistlər: Süsən Məcidova – 69 yaş, Rüxsarə Ağayeva – 79 yaş, Əhməd Əhmədov-Rumınski – 80 yaş...

Gəncə Dövlət Dram Teatrında

Xalq artistləri: İsmayıl Talıblı – 69 yaş, Məmməd Bürcəliyev – 80 yaş, Rəmziyyə Veysəlova – 79 yaş, Sədayə Mustafayeva – 78 yaş, Ələddin Abbasov – 92 yaş...

Naxçıvan Dövlət Musiqili Dram Teatrında.

Xalq artistləri: Əyyub Haqverdiyev – 85 yaş, İbrahim Həmzəyev – 73 yaş, Sofya Hüseynova – 89 yaş, Roza Cəfərxanova – 83 yaş, Firuzə Əlixanova – 77 yaş, Əkbər Qardaşbəyov – 78...

Siyahını xeyli artıra bilərdim, ancaq elə göstərdiyim faktlar da, məncə, kifayətdir.

Teatrları uğursuz işlərdən, yaşadıqları acınacaqlı böhranlardan "təqaüd oyunu” ilə çıxarmaq mümkün deyil.

İlk növbədə teatr sənətinə cavabdeh məmurların səhnə sənətinə yaradıcı münasibətlərini kökündən dəyişmək lazımdır”, - deyə İ.Rəhimli əlavə edib.

7News.Az

Xəbər lenti