İnnovasiyalar: Tətbiq qaydaları - MƏQALƏ

İnnovasiyalar: Tətbiq qaydaları - MƏQALƏ
Harvard Kennedi Məktəbində "Elektron hökumət: Texnologiya və Sosial İnnovasiyalar” proqramının və Stenford Universitetinin "Texnologiyalar və İnnovasiyalar” proqramının məzunu, London Biznes Məktəbinin və Kolumbiya Universitetinin MBA namizədi Urxan Seyidov "İnnovasiyalar: Tətbiq qaydaları” adlı məqalə yazıb.

Qaynarinfo report-a istinadən həmin məqaləni təqdim edir:  
"Bir narahatedici məqam var: "dağıdıcı innovasiyalar” barədə mülahizə yürüdən insanların çoxu bu xüsusda heç bir ciddi kitab və ya məqalə oxumayıblar. Çox tez-tez istifadə olunan termin çox geniş mənada istifadə olunan zaman, yenilikçilik konsepsiyasına istinad edərək, "mütəxəssiscə" mülahizə yürütmək, planları əsaslandırmaq lazımdır". Kleyton Kristensen, Harvard Biznes Məktəbinin professoru, "Dağıdıcı innovasiyalar" nəzəriyyəsinin müəllifi.

İnnovativ başlanğıc, İnnovativ sahibkar, İnnovativ qurum, İnnovativ iqtisadiyyat, İnnovativ idarəetmə... Göründüyü kimi, "innovasiya" sözünə hər hansı başqa bir sözə əlavə etsəniz, sözün mənası dərhal "innovativ" hala çevrilir. Həqiqətən də, Kleyton Kristensen öz əsərlərində dəfələrlə vurğulamışdır ki, bu gün bir çoxları nə prosesin özünü, nə də innovasiya nəzəriyyəsini başa düşmədən uğur qazanmaq arzusu ilə vizioner, "təsiredici qüvvə", qabaqcıl, yenilikçi qurum olmağa hazırdır. Lakin ünnovasiya ≠ uğur!

Belə bir ifadə var: "O, doğru zamanda və doğru məkanda doğulub”. Bu doğru olsa da, qismən doğrudur. Hadisələri sonradan qiymətləndirmək, uğur qazanmaq barədə nəsə yazmaq çox asandır. Lakin Ralf Ualdo Emersonun da dediyi kimi, "zəif insanlar uğura, güclü insanlar isə səbəb və təsirə inanır". Buna görə də, "dağıdıcı innovasiya" nəzəriyyəsini əsas götürərək innovasiya sahəsinin uğurlarını başa düşmək və sistemləşdirməyə və ASAN xidmətinin prizmasından analiz etməyə çalışacağıq.

Lakin əvvəlcə innovasiya barədə aydınlıq verilməlidir. Öz məhsulları ilə bizim etibarlı ensiklopedik mənbələrə olan təsəvvürümüzü dəyişən Vikipediyaya müraciət edək. Belə ki, "Viki”yə əsasən: innovasiya bazarda tələb olunan proseslərin və məhsulların səmərəliliyinin keyfiyyətcə artmasını təmin edən bir yenilikdir.

"Bazarın tələb etdiyi" - bu detalın əhəmiyyəti vurğulanmalıdır. Tez-tez insanların ümumiyyətlə ehtiyac duymadığı texnologiya və ya xidmətlərlə rastlaşırıq, bu isə o deməkdir ki, həmin məhsulların yaradılması qərarı bazarın statistik məlumatlarının real təhlili əsasında deyil, intuitiv yanaşma əsasında verilib. Hansısa bir ideyanın yeni olması faktı onun tələbata çevriləcəyi və ya rəqib təkliflərlə müqayisədə kifayət qədər etibarlı olacağı anlamına gəlmir. Hətta fikir yaxşı və uyğun olsa belə, eyni zamanda istehlakçıların ağıllarına və qəlblərinə təsir göstərəcək gücdə olmalıdır. Yenilik innovasiya deyil.

Dünyanın aparıcı beynəlxalq konsaltinq şirkətlərindən birinə rəhbərlik edən Daniel Lanqerin müşahidələrinə əsasən, innovasiyanın izahını verən müxtəlif şərhlər var. Onun sözlərinə görə, Avropada işləyərkən ticarət tərəfdaşına yeni bir məhsul təqdim etdikdə, deyək ki, yeni bir formul və texnologiya ilə hazırlanmış şampun markasının yeni versiyasını təqdim edərkən, avropalılar bu məhsulu, adətən, "innovasiya” kimi qəbul edirdi. Şimali Amerikada və Yaponiyada isə eyni məhsul innovasiya deyil, "yeni aromat” kimi qəbul edilir. Lanqerin fikrincə, avropalılar innovasiyanı texnoloji cəhətdən fərqli bir şey (məsələn, yeni bir forma), Şimali Amerika sakinləri isə struktur və vizual olaraq fərqli bir şey (məsələn, yenidən hazırlanmış qablaşdırma) və yaponlar isə fütüristik bir şey kimi düşünürlər.

Lakin bu cür izahların ümumiləşdirilməsinə baxmayaraq, "innovasiya" termini fərqli insanlar və ya müxtəlif kontekstlərdə eyni şəkildə başa düşülə bilməz.

Bir şey aydındır ki, hər kəs innovativ görünmək istəyir, bu da terminin həddindən artıq istifadəsinə gətirib çıxarır, bir çox hallarda isə bu, mövcud iş modellərinin yalnız bir nüsxəsidir ki, bunu da "imitasiya" sözü daha doğru təsvir edir.

İnnovasiyaya dair ümumi bir fikir əldə etdikdən sonra, biz dövlət innovasiya konsepsiyasının açılışını verək.

İƏİT-in (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) innovasiyalara dair hesabatına görə, dövlət innovasiyaları vətəndaşların gündəlik həyatına təsirlərin yeni yollarının aşkar edilməsi və gələcək birgə, tərəfdaş dövlətin formalaşması üçün tərəfdaş qismində aktivləşdirilməsinə dair yeni yanaşmadır. Bu, köhnə strukturları, düşüncə tərzlərini və yeni texnologiyaların, proseslərin və ideyaların inkişafının aradan qaldırılmasını nəzərdə tutur. Bu proses öz resurslarının etibarlı idarə edilməsini təmin etməklə ictimai güvənin əldə edilməsinə əsaslanır. Ən əsası isə innovasiya vətəndaşlara rifah, təhlükəsizlik və ədaləti təmin etməyin yolunu açır və yaradıcılığı stimullaşdırmaq və cəmiyyətin potensialını açmaq üçün katalizator rolunu oynayır.

Amma innovasiyalarla bağlı hər şey sadə və aydındırmı? Nə üçün bəzi şirkətlər, şəhərlər, ölkələr dünyanın ağıllı insanları və innovativ hablarını özündə cəmləyərək irəli gedir, bəziləri isə yox? Bəlkə də hər şey maliyyələşdirilməkdədir?

Bunun birmənalı cavabı yoxdur. Bəli, adətən, zəngin ölkələr yoxsullara nisbətən daha çox elmi, mədəni və texnoloji innovasiyalar hasil edirlər. Zənginlik ən çox sabit institutu və güclü qanunları olan ölkələrdə yaradılır. Bu, tədqiqat və inkişafı maliyyələşdirmək, eləcə də ictimai təhsil və səhiyyə vasitəsilə insan kapitalının qurulması üçün istifadə edilə bilər. Lakin 126 ölkə üzrə innovasiyaların yeni reytinqinin nəticəsi təəccüb doğurur: neftlə zəngin ərəb dövlətləri rifahına görə gözləniləndən daha az innovativdir. Neft istehsal edən ərəb dövlətlərinin istehlakı Qərb ölkələri qədər olsa da, istehsalı Qərbdən geri qalır. Məsələ ondadır ki, onlar infrastruktura böyük miqdarda pul qoyurlar və iqtisadiyyatın bir çox sektorunu neftdən gələn dollar vasitəsilə subsidiya edirlər, insan kapitalına, texnoloji yeniliklərə, institusiyanın gücləndirilməsinə, kiçik və orta biznesin inkişafına yatırılan investisiya isə dünya standartlarından çox geri qalır.

Bu baxımdan Prezident İlham Əliyev tərəfindən Azərbaycanda məqsədi iş adamlarına maliyyə dəstəyinin verilməsi, iş planının hazırlanması və məhsulların satılması, lazımi treninqlərin aparılması və s. olan kiçik və orta biznesin inkişafı üzrə Agentliyinin yaradılması haqqında sərəncamının vaxtında verilməsi xüsusi vurğulanmalıdır. Ölkənin innovasiya inkişafı ilə bağlı prosesləri sürətləndirmək və optimallaşdırmaq məqsədi ilə Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında Prezidentin fərmanı isə xüsusilə vacibdir.

Nəticədə, əminliklə demək olar ki, bu və digər innovasiyaların tətbiqinin nəticəsi olaraq yaxın gələcəkdə insanlar dövlət idarələrində növbə tutub gözləməyə məcbur qalmayacaq. Hazırda Azərbaycan Dünya Bankı qrupunun "Doing Business” reytinqində öz mövqeyini yaxşılaşdırıb, ilk növbədə həyata keçirilən islahatlar sayəsində190 ölkə arasında 25-ci yeri tutur.

4-cü sənaye inqilabı yoluna qədəm qoymaq üçün ən müasir texnologiyalara, resursların səmərəli istehsal metodlarına və innovasiyalara "sıçrayış" etmək məqsədilə lazımi tədbirlərin görülməsi üçün Azərbaycanda bütün öncül şərtlər var. Cənab prezident İlham Əliyevin Davosda çıxışı zamanı Azərbaycanın dördüncü sənaye inqilabına qarşı qəti addımlar atdığını və Azərbaycan hökuməti ilə Dünya İqtisadi Forumunun dördüncü sənaye inqilabının Mərkəzinin əməkdaşlığının təməlini qoyduğunu heç də təsadüfi vurğulamayıb. Azərbaycan prezidenti öz çıxışlarında dəfələrlə bəyan edib: "Gələcək neft və qazdan asılı deyil. Neft və qaz bir gün bitə bilər. Gələcəyimiz innovasiya, səmərəlilik, yaxşı idarəçilik, menecmentlik, şəffaflıq və sahibkarlığa dövlət dəstəyinin əlindədir” (Davos, 2018).

Akademik Ramiz Mehdiyev də eyni fikirdədir. Belə ki, cənab Ramiz Mehdiyev özünün "Qlobal transformasiyalar dövründə Azərbaycanın milli ideyası" adlı kitabında tarixi prosesləri, qlobal trendləri və imkanlarının nəzərə alınması ilə ölkəmizin yeni texnoloji cəmiyyətə keçəcəyini əminliklə vurğulayıb:"Yaradıcı və ağıllı insanların, kreativ enerjiyə sahib intellektualların sayının artması, millətin inkişafı üçün müasir, inkişaf etmiş bir cəmiyyətin yaradılmasına gətirib çıxara bilər. Millətin bu xüsusiyyətləri milli fikrin materializasiyasının əsas komponenti kimi ölkənin innovativ modernləşdirilməsinə əsaslanmalıdır”. 

Akademik Ramiz Mehdiyev öz məqalələrindən birində həmçinin qeyd edib, ilk növbədə, iqtisadiyyatın rəqabət qabiliyyətini, insan inkişafı indeksini artırmaq, ölkəmizin innovativ inkişafını təmin etmək, modernizasiyaya mane ola biləcək institusional maneələri aradan qaldırmaq lazımdır.

Məhz bu xüsusda prezident İlham Əliyevin "Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi barədə” Fərmanı xüsusi əhəmiyyət daşıyır.

Fikrimizcə, bu Fərmanın ən vacib bəndlərindən biri Azərbaycan Respublikası prezidentinin 5 sentyabr 2012-ci il tarixli "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərmanında təsvir edilən bütün dövlət xidmətlərini Bakı şəhərində və ASAN Xidmət Mərkəzlərinin mövcud olduğu digər inzibati ərazi vahidlərində yalnız bu Mərkəzlərdə göstərilməlidir və başqa heç bir yerdə göstərilməməlidir qeyd olunan bəndidir.

ASAN Xidmətin uğurunu "dağıdıcı innovasiyalar” nəzəriyyəsi prizmasından nəzərdən keçirməyə çalışaq. Kleyton Kristensonun fikrincə, bu, bazarda dəyərlərin nisbətini dəyişən innovasiyalardır. Belə ki, əvvəlki rəqabət aparılan parametrlər öz əhəmiyyətini itirdiyi üçün köhnə məhsullar qeyri-rəqabətqabiliyyətliyə çevrilir.

Kristensona görə, innovasiyaların 3 əsas növü var.

Dəstəkləyən innovasiyalar: Mövcüd olan məhsulların və proseslərin təkmilləşdirilməsinə yönəliblər.

Bazarın alt sektorları üçün innovasiyalar: Az xərci olan biznes modelli istehlakçılara yönəlib.

Dağıdıcı innovasiyalar: Yeni bazarların işğal edilməsinə, yeni istehlakçıların əhatə edilməsinə yönəlib.

ASAN Xidmət Mərkəzinin təqdim etdiyi xidmətləri digər dövlət xidmətlərilə müqayisə etsək, bu qənaətə gəlmək olar ki, ASAN Xidmət "dəstəkləyici innovasiyadır”, çünki əslində, ASAN Xidmətlərdə təqdim olunmuş məhsulları bu və ya digər yolla digər yerlərdən, lakin daha az effektli, daha gec və daha qeyri-şəffaf üsulla əldə etmək olardı. Müvafiq olaraq, ASAN Xidmətin məqsədli auditoriyası digər dövlət müəssisələrinin auditoriyası ilə eynidir.

Bəs niyə məhz ASAN Xidmət uğur qazanıb?

İş orasındadır ki, Kristensenin nəzəriyyəsinə görə, hər hansı innovasiyanı şirkətin daxilində yaratmaq mümkün deyil, çünki gec və ya tez "ənənəvi” biznes və ya belə deyək, köhnə bürokratik təfəkkür mütləq yeniliklərlə rəqabətə və münaqişəyə girəcəklər və yekün nəticədə lahiyəni başlamamış yerindəcə boğacaq. Məhz buna görə, innovasiyalı başlanğıca büroktatik aparatdan kənar xeyli müstəqillik verilməsi labüddür. Şirkət nə qədər böyüyərsə, elastik və innovasiyalı qalmaq o qədər də çətindir, çünki əsasında artıq baş tutmuş və təsdiqini tapmış idarəçilik modeli dayanır. Co Stadvel öz "Asiya idarəçilik modeli” adlı kitabında yazır: "Orijinal ideyaların generasiyası və reallaşdırılması zamanı konsolidasiya və fraqmentlik, nəzarət və hərəkət azadlığın verilməsi arasında balans saxlamaq lazımdır. Bu, innovasiyaların inkişafı və maksimal rəqabətliyinə çatmaq üçün əsas şərtidir və həm dövlətlərə, həm də şirkətlərə aiddir və uğurların və məğlubiyyətlərin hekayələrilə təsdiq olunur. Çinin hədsiz siyasi konsolidasiyası, Avropa qitəsindəki parçalanma və rəqabət onun nümayəndələrini axtarış, innovasiyalar, kəşflər yanına sürükləyənədək dəfələrlə inkişafını ləngidən faktor olmuşdu; yüksək dərəcəli azadlığı ilə hərəkət edən və bir-biri ilə rəqabət aparan xırda, yarımuxtar vahidlərdən ibarət "Microsoft” şirkəti qlobal liderə çevrilib, artan mərkəzləşdirmə yolunu tutan IBM isə öz liderliyini itirib”.

Kristensenin yazdığı kimi, innovasiyaların problemlərinin həlli üçün daha yaxşı idarə edib, daha çox işləyib və səfeh səhvlərə yol verməməyə ehtiyac yoxdur. Praktik araşdırmalar bunu göstərir. Bütün şirkətlərin effektiv əməksevər rəhbərliyi var idi. Hamı səhvlər buraxır. Ona görə də onlara düzgün reaksiya vermək lazımdır, heç kəsi ittiham etmədən, həmçinin zəruri nəticələr çıxartmaq lazımdır. Dərhal irəli gedə biləcəyinizi düşünməyin. Sadəcə məhsul və ya xidməti dərhal ortaya çıxardın. Sonra isə nəticəsini öyrənin.

Məhsulu alarkən, biz əslində onu bu və ya digər işi görməsi üçün "alırıq”. Əgər o, bunun öhdəsindən yaxşı gələrsə, biz onu yenə işə götürürük. Əgər səhvlər buraxarsa, "kənarlaşdırırıq” və problemi həll etmək üçün başqa məhsulu axtarmağa başlayırıq.

"Nokia” və ya "Blackberry” şirkətlərini xatırlayın. Biz deyə bilmərik ki, orda başı boş, şirkətin idarəçiliyini və ya innovasiyanın nə olduğunu bilməyən adamlar işləyirdi. Lakin onlar düşünə də bilməzdilər ki, məhsullarının nə məqsədlə "alındığını” bilmədikləri üçün yaxın zamanlarda oyundan kənar qalacaqlar.

"Alphabet” şirkətinin texniki konsultantı özünün ""Google” şirkətinin dərsləri” adlı kitabında yazırdı: "İnnovativlik məhsulun təzəliyindən (texniki özəlliyindən) və istifadəçi üçün sürprizindən yaranır. Əgər siz müştərinizin tələb etdiyi yeni funksiyaları hazırlayırsınızsa, siz innovativ deyilsiniz. Bunu da etmək lazımdır, lakin bu sizi yeni mərhələyə aparmayacaq. İstehlakçıya onun özünün ağlına gələrək təklif etdiyi deyil, ağlına gəlməyən məhsulu təklif etmək və onun sabah üzləşəcəyindən xəbərsiz olduğu problemin həlli ilə təmin etmək çox vacibdir. Bazarın araşdırmaları it quyruğunu oynadan kimi, idarə olunmamalıdır”.

"İş sualı: innovasiyanız kimə lazımdır” məqaləsində Kristensen qeyd edir: "Əgər şirkət nə üçün müəyyən bir şəraitdə onun məhsulunu, başqa bir şəraitdə isə digərinin məhsulunu "qəbul etdiyimin” niyəsini başa düşmürsə, mənim və mənim kimi digər insanlar haqqında məlumatları yoxdursa, çətin ki, hansısa innovasiyanı yarada bilər. Bizə vacib qanunauyğunluqları və məlumatların mövcüd məcmunda çarpaz istinadları görə biləcəyimizə inanmaq cəzb edir, amma bu o demək deyil ki, biri o birini dalınca çəkir... Əgər siz sualı düzgün verə bilməsəniz, heç nə öyrənə bilməyəcəksiniz”. Kristensenin sözlərinə görə, bir neçə onillik ərzində iflasa uğrayan böyük şirkətlərin fəaliyyətini izləyərək o qənayətə gəlib ki, "Bu məhsulu hansı işə görə qəbul edirsiniz?” sualını vermək çox vacibdir.

Bu mənada ASAN Xidmətin məhsulu bestseller oldu. ASAN Xidmətin məhsulunu ona görə "qəbul edirlər” ki, bürokratik əngəllərlə rastlaşmasınlar və ən əsası – cənab İlham Əliyevin də qeyd etdiyi kimi, - korrupsiyaya qarşı ən effektiv vasitəsi qismində "qəbul edirlər”. Maraqlı faktdır ki, ASAN-ın işçiləri də əslində həmin dövlət qulluqçularıdır, lakin daha effektiv işləməyə başlayıblar – çünki yeni mühitə düşdülər və Azərbaycan dövlətinin həyata keçirdiyi "dövlət qulluqçusu – vətəndaş” münasibətlərində yeni yanaşmanın formalaşdırılması siyasətinin bir hissəsi olublar. Bu siyasətin bünövrəsində operativlik, şəffaflıq, nəzakətlik, məsuliyyət, etik davranışın qaydalarına nəzarət və komfort dayanır.

Özünün "Scrum. Lahiyələrin idarəsinin inqilabi üsülu” adlı kitabında Ceff Sazerlend "General Motors”-un zərərli müəssisənin birini misal çəkir. Zavodun rəhbərliyi çirkin əmək intizamının, aşağı məhsuldarlığın və zərərin yüksək faizinin öhdəsindən gələ bilmirdi. Bu zavodun əsasında "Toyota” ilə birgə müəssisə yaratmaq qərarı qəbul olunandan sonra "GM”-in bosları əvvəlki menecerləri yerində saxlamaq və yeni işçilər işə götürməyi təklif ediblər. Yaponiyalı həmkarları əksinə məhz rəhbərliyin dəyişməsində təkid etməyi bacarıblar. Nəticədə yeni rəhbərlik tez bir zamanda müəssisəni autsayderdən liderə çevirməyə bacardılar, vaxtilə pis işçilər isə inanılmaz dərəcədə effektiv və intizamlı oldular. Sazerlend qeyd edirdi: "Eyni komandanın analoji lahiyələrin üzərində işinin effektivliyi xeyli fərqlənə bilər. Pis adamlar yoxdur – pis davranışı və aşağı məhsuldarlığı stimullaşdıran pis sistemlər var”. 

Bu baxımdan, heç də təsadüfi deyil ki, ASAN-ın fəaliyyətindən əhalinin razılıq əmsalı 100 faizə yaxındır, axı dağıdıcı innovasiyalar nəzəriyyəsinə uyğun olaraq, məhsulunuzu "qəbul edən” zamanı müştərinin qazandığı təcrübə innovativ prosesin əsasında dayanır. Bütün proseslərin optimallaşdırması və onların tamamlanması ASAN-a ölkənin daxilində və onun hüdudlarından kənarda innovativ brendə çevrilməsi imkanı verdi. Qeyd etmək lazımdır ki, ASAN əldə etdiklərilə kifayyətlənməyib, yeni mərkəz – elektron hökümətin inkişafı portalını yaradıb. Bu, ASAN konsepsiyasının özünün doğrultmasını onun transformasiyasını və keyfiyyətcə yeni ASAN 2.0-a keçidini nəzərdə tutur.

ASAN-ın inqilabi məhsulu və ümumiyyətlə Azərbaycan hökümətinin optimallaşdırmaya və innovasiyalar vasitəsilə dövlət idarəçiliyini yaxşılaşdırmasına yönələn strategiyası sayəsində biz innovativ hab adını daşımaq hüququ uğrunda, bizim üçün yeni mübarizəyə qoşuluruq. Hakimiyyət tərəfindən həyata keçirilmiş sonuncu islahatlar göstərirlər ki, dövlət aparatı "Agile” üsulundan istifadə edir: XXI əsrin çağırışlarına elastik və effektli cavab verərək sahibkarlar kimi fəaliyyət göstərir.

Klaus Şvab özünün "Dördüncü sənaye inqilabı” adlı kitabında qeyd edirdi ki, nizamlayıcılar tez dəyişən yeni əhatəyə uyğunlaşmaq üçün üsullar tapmalıdır, həm də bunu daim etməlidir. Siyasətini tez və geniş şəkildə dəyişmək mütləq deyil, tənzimləyici və qanunverici sistemlərini elə fikirləşib tapmaq və reallaşdırmaq lazımdır ki, onun əsasında yaradılmış strukturlar sabit olsun. Hökümət nəyi tənzimlədiyini aydın başa düşməlidir. Hər dəfə özünü yeni variantda işə salarkən, belə olmalıdır.

Burda Stiv Cobsun sözlərini xatırlamaq yerinə düşər: "İnnovasiyalar lideri məsləkdaşdan fərqləndirir”. Bizim ölkəmiz də innovasiyaların liderinə çevrilir və öz təcrübəsini və innovasiyalar üzrə təlimatını paylaşmağa hazırdır.

Xəbər lenti