“Kənd yerlərində yaşayan qadınların məşğulluğunun artırılması məqsədilə sahibkarlıq fəaliyyətinə cəlb olunması” adlı layihəyə start verilib

“Kənd yerlərində yaşayan qadınların məşğulluğunun artırılması məqsədilə sahibkarlıq fəaliyyətinə cəlb olunması” adlı layihəyə start verilib

"Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyi 01.05.2019-cu il tarixindən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "Kənd yerlərində yaşayan qadınların məşğulluğunun artırılması məqsədilə sahibkarlıq fəaliyyətinə cəlb olunması” adlı layihəyə start verib.

Layihə Tovuz rayonunun kəndlərində yaşayan gənc qızların əl bacarıqlarının üzə çıxarılacağından, onların məşğulluğunun artırılması məqsədilə sahibkarlıq fəaliyyətlərinə dəstəkdən və onlara bacarıqlarına uyğun yaradılacaq bərabər imkanlardan bəhs edir. Respublikada sahibkarlığın inkişafına yönəldilmiş dövlət tədbirləri nəticəsində münbit sahibkarlıq mühiti formalaşır və bu mühit qadın iştirakçılığının artırılmasına xüsusi diqqət ayırır. Qadın sahibkarların "Yoxsulluğun Azaldılması üzrə Dövlət Proqramı”nda nəzərə tutulmuş məqsədlərə müvafiq olaraq məşğulluğun artırılması və iqtisadi inkişaf prosesində iştirakı getdikcə artır. Ölkəmizdə qadın sahibkarlığının inkişafında ciddi irəliləyişə baxmayaraq, gender bərabərliyinin inkişafını ləngidən bir sıra çətinliklər mövcuddur. Regionlarda yaşayan qadın və qızların sahibkarlarlıq fəaliyyəti ilə məşğul olması üçün onlarla görüşlərin keçirilməsi və müzakirələrin aparılması vacibdir. Məhz bunun nəticəsində kənd yerlərində yaşayan qadınların iqtisadi və vətəndaş həyatındakı uğurlarına nail olmaq mümkündür. Onların bacarıqlarını üzə çıxarmaq, sahibkarlıq fəaliyyətlərinə cəlb edərək dəstək vermək qazanılan uğurun başlanğıcı deməkdir.

Layihənin əsas məqsədi - kənd yerlərində yaşayan qadın və qızların bacarıqlarının üzə çıxarılması və onların sahibkarlıq fəaliyyətinə cəlb olunmasıdır.

Pilot layihə kimi həyata keçirilən bu layihə gələcəkdə digər rayonların qəsəbə və kəndlərində yaşayan qadın və qızların da bacarıqlarının üzə çıxarılması məqsədilə davam etdiriləcək. Kənddə yaşayan qadın və qızlarımızın ilk növbədə özlərinə qarşı münasibəti dəyişəcək. Belə ki, onların dünyagörüşü, özlərinə qarşı güvənləri artacaq. Öz maddi tələbatlarını ödəmək iqtidarında olacaqlar. Bu da onlara qarşı ailələrinin münasibətinin dəyişməsinə səbəb olacaq. Artıq onlar ailəyə yük deyil, maliyyə dəstəyi olacaqlar. Həmçinin cəmiyyətin onlara münasibəti daha fərqli olacaq. Yəni artıq o xanımlar müəyyən statusa, işgüzar qadın statusuna nail olacaqlar.

4 ay müddətində həyata keçiriləcək layihə çərçivəsində 80 qadına sosial sahibkarlıq, maliyyə savadlılığı və biznes planlarının hazırlanması sahəsində təlimlər keçiriləcək və ən uğurlu biznes planı hazırlayanlara (5 nəfərə) bizneslərini daha da genişləndirmək üçün ehtiyacları olan avadanlıqların hədiyyə olunması nəzərdə tutulur. Layihə Tovuz rayonunda həyata keçiriləcək.

 

Xəbər lenti