Kəsintisiz internet hamı üçün əlçatan olacaq - FOTO

Kəsintisiz internet hamı üçün əlçatan olacaq - FOTO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi MMC ("Baktelecom”) paytaxt əhalisinin genişzolaqlı xidmətlərlə təminatını nəzərdə tutan "Evədək optika” layihəsinin ikinci mərhələsini reallaşdırır.

Görülən işlər çərçivəsində müxtəlif tutumlu mis kabellər istismardan çıxarılaraq kütləvi şəkildə müasir standartlara cavab verən fiber-optik kabellərlə əvəzlənir. Daha geniş multimedia xidmətlərindən yararlanması üçün istifadəçilər pulsuz internet avadanlıqları ilə təmin olunurlar.

Bu da daha çox insanın bir optik xətt üzərindən telefon, internet və İPTV xidmətlərindən istifadəsi üçün imkan yaradır.

Həyata keçirilən işlər müasir tipli yaşayış kompleksləri ilə yanaşı, mövcud doqquz mərtəbəli  binaları da əhatə edir.

Hazırda paytaxtın Qaradağ rayonunda yerləşən Sahil qəsəbəsi, Lökbatan qəsəbəsi  və "Qobu Park” yaşayış kompleksində, eləcə də, Xətai və Yasamal rayonlarında rekonstruksiya işləri aparılır. Bu istiqamətdə tədbirlər mərhələli şəkildə digər əraziləri də əhatə edəcək. İlin sonunadək 144 minlik infrastrukturun yaradılması nəzərdə tutulur. Beləliklə, "Baktelecom” 75 min mənzilin optik şəbəkəyə texniki keçidini təmin edəcək.

Qeyd edək ki, Bakı şəhərində multimedia xidmətlərinin müasir standartlara uyğun təşkilinə imkan verən "Evədək internet” layihəsi GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası əsasında aparılır.

Texnologiya fiber-optik xətlər üzərindən 100 Mbit/s-ə qədər qoşulma, kəsintisiz internet, videonəzarət və digər interaktiv xidmətləri istifadəçilər üçün əlçatan edir.

 

7News.Az

Xəbər lenti