Kosmonavt Ukraynadakı müharibəni kosmosdan necə gördüyünü danışır

Kosmonavt Ukraynadakı müharibəni kosmosdan necə gördüyünü danışır

Kosmonavt, eyni zamanda, Rusiya Dövlət Dumasının üzvü olan Yelena Serova deyir ki, 2014-cü ildə Donbas və Luqanskda Rusiya və Ukrayna arasında gedən döyüşləri Beynəlxalq Kosmik Stansiyanın göyərtəsindən izləyirdi.

Bu barədə o, ATƏT Parlament Assambleyasının plenar iclasında danışıb. Deyib ki, Ukraynanın şərqində baş verənləri – bombaların partlamasını, yanğınları, adamların ölümünü o və digər kosmonavtlar öz gözlərilə görüb.

Bizimyol.info xəbər verir ki, Yelena Serovanın bu videosu Youtube-da yayılandan sonra sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bir sıra media orqanları və sosial şəbəkə istifadəçiləri onun kosmosdan hərbi əməliyyatları görməsi barədə dediklərinə şübhə ilə yanaşırlar.

Bundan sonra Serova "Danışır Moskva” radiosuna açıqlama verərək bildirib ki, 2014-cü il sentyabrın 26-da başlanan ekspedisiya vaxtı eksperimentlər arasında vaxt tapıb, baş verənləri müşahidə edə bilmişdi: "Bombaların hara uçduğu, necə partladığı çox yaxşı görünürdü”.

Onun sözlərinə görə, xüsusən gecə vaxtı daha yaxşı müşahidə etmək mümkündür.

Ancaq başqa kosmonavtlar da onun dediklərinə şübhə ilə yanaşır. Məsələn, təyyarəçi-kosmonavt Yuri Baturin BBC-yə deyib ki, kosmik stansiyanın göyərtəsindən Yerdəki hərbi əməliyyatların görünməsinə inanmır: "Məncə, bu şişirtmədir. Xüsusi avadanlıqlar olmadan görmək mümkün deyil”.

Onun sözlərinə görə, kosmik stansiyanın göyərtəsindən ancaq çox böyük yaşayış məntəqələrini görmək mümkündür: "Çinli kosmonavtlar da iddia edirdi ki, Çin səddini kosmosdan görüblər. Bunu eşidəndən sonra mən nə qədər cəhd eləsəm də, görə bilmədim. Hərçənd, Çin səddi nəhəngdir. Üzərinə şüa düşəndə də böyük kölgəsi yaranır. Atışmanı görmək isə hesab edirəm ki, ümumiyyətlə, mümkün deyil”.

 

 7News.Az


Xəbər lenti