Ölkənin düşdüyü qida təhlükəsizliyi bataqlığı və yaxud AQTA niyə yarandı? -Araşdırma II Yazı

Ölkənin düşdüyü qida təhlükəsizliyi bataqlığı və yaxud AQTA niyə yarandı? -Araşdırma II Yazı

Elçin Bayramlı: "Bitki yağının maya dəyərinin 3 manata başa gəldiyini kim mənə sübut etsə, mən malik olduğum hər şeyi o adama bağışlayaram”.

Altay” Strateji Araşdırmalar Mərkəzinin (ASAM) rəhbəri Elçin Bayramlının fikrincə Azərbaycanda yayılmış qorxunc xəstəliklərin ən azı 80 faizi təkcə yağla bağlıdır. Ekspert hesab edir ki, yağlara nəzarət olunmasa, faciəvi vəziyyət gəlib çıxacaq. İndi həmin o faciəvi vəziyyət gəlib çıxıb. Yəni indi ölkənin xəstəxanaları, aptekləri insanlarla doludur:

"Qida Təhlükəsizliyi Agentliyi yağlarla, genetik modifikasiya olunmuş məhsullarla məşğul olmalıdır. Mən sizi əmin edirəm ki, Azərbaycanda yayılmış qorxunc xəstəliklərin ən azı 80 faizi təkcə yağla bağlıdır. Yəni Azərbaycan xalqının ən böyük düşməni demək olar ki, maqazinlərdə satılan yağlardır. Maqazində satılan yağların ən azı 99 faizi təhlükəlidir. Qalan 1 faiz də xeyirli deyil, sadəcə qorxulu təhlükəsi yoxdur.

Qida Təhlükəsizliyi Agentliyi marketdə satılan yağlara reaksiya vermir. Gömrük Komitəsində də nəzarət yoxdur ki, ölkəyə nə girir, nə çıxır və yaxud ölkəyə gətirilən malların sertifikatı varmı, loboratoriyadan yoxlanılıb, yoxlanılmayıbmı bilinmir.

Marketdə yağ saılır və yağ qutuya qoyulub. Qutunun üstünə də Zellandiya yağı yazılıb. Qiyməti də 18 manat. Mən nə bilim ki, bu qutuda olan həqiqətən də Zellandiya yağıdır. Satıcı da deyir ki, biz özümüz bilirik ki, nə yağıdır?

Adama deyərlər ki, bəlkə sən 2 manatlıq palma yağını kəsib oraya qoyub Zelandiya yağı adı ilə satırsan? Mənim laboratoriyam yoxdur ki, aparam o yağı yoxlayam.

Bir sözlə Azərbaycanda yağların nə ölkəyə gətirilməsinə, nə də satışına nəzarət yoxdur. Amma yağ məsələsi ilə dövlət və Qida Təhlükəsizliyi Agentliyi ciddi şəkildə məşğul olmalıdır. Həmçinin təkcə ölkəyə gələn yox, ölkədə istehsal olunan yağlara da nəzarət olunmalıdır.

1 kq təbii kərə yağının əmələ gəlməsi üçün 22-25 litr südün, yəni qatığın xammalı lazımdır. Daxili bazarda da südün litri 1 manatdır. Bəs 1 kq təbii kərə yağı necə 5-8-10 manata satıla bilər?

Demək, bunlar kimyəvi qatqılarla yağ düzəldirlər. Yəni kərə yağının dadını verən maddələri yağa vururlar. Beləliklə də dadı da, qiyməti də yaxşı olur. Amma 20 manatdan aşağı kərə yağının əmələ gəlməsi mümkün deyil. Bunun maya dəyəri budur.

Elçin Bayramlı: "Gömrük Komitəsində də nəzarət yoxdur ki, ölkəyə nə girir, nə çıxır və yaxud ölkəyə gətirilən malların sertifikatı varmı, loboratoriyadan yoxlanılıb, yoxlanılmayıbmı, bilinmir”.

Bu sözləri eləcə də, bitki yağları haqqında deyə bilərəm. Bitki yağının maya dəyərinin 3 manata başa gəldiyini kim mənə sübut etsə, mən malik olduğum hər şeyi o adama bağışlayaram. Bu, mümkün olan hal deyil. Günəbaxan və yaxud qarğıdalı yağını belə 10 manata başa gətirə bilməzsən.

Satılan yağların hamısı saxtadır. Bəs ölkə əhalisinin sağlamlıq təhlükəsziliyini kim qoruyur? Xəstəxanalarda insan əlindən yer yoxdur. Bu sahə üzrə agentlik yaranıb və o agentlik də öz işini görməlidir. Gedib boş-boş işlərə vaxt ayırmamalıdır.

Biz dəfələrlə təklif etmişik ki, sərhəd keçid məntəqələrində müasir laboratoriyalar qurulmalıdır. Bu laboratoriyaların qurulması elə də böyük xərc tələb etmir. Ölkəyə gələn ərzaq yoxlanılmalıdır. Bəlkə bizim düşmənimiz olan Ermənilər hansısa, təhlükəli, zərərli məhsulları göndərirlər ki, genimizdə problem yaransın. Kim bilir ki, ölkəyə gətirilən yağların tərkibində nə var?

Elçin Bayramlı: "10-15 il əvvəl demişdim ki, yağlara nəzarət olunmasa, faciəvi vəziyyət gəlib çıxacaq. İndi həmin o faciəvi vəziyyət gəlib çıxıb. Yəni indi ölkənin xəstəxanaları, aptekləri insanlarla doludur”.

Yağlarla bağlı birinci məsələ odur ki, ölkəyə gələn yağlar mütləq ciddi şəkildə yoxlanılmalıdır. Buna cavabdeh olan orqan da əhali qarşısında cavab verməlidir. Sabah nöqsan aşkar olunanda həmin orqan ciddi cəzalanmalıdır.

İkinci məsələ isə ölkədə həm fabriklər, həm də şəxslər tərəfindən istehsal olunub satılan məhsullara nəzarət olunmalıdır. Kütləvi şəkildə 6-8 manata nehrə yağı adı atında yağ satılır. Bu da heç vaxt mümkün olan məsələ deyil. Demək, o yağ kərə yağı deyil, palma yağı, müxtəlif spreylər, qatqılardır. Palma yağının kiloqramı dünya bazarında 1 manat civarındadır. Bizimkilər o yağı alıb tərkibinə spreylər vurub rahatca baha qiymətə satırlar.

Mən 10-15 il əvvəl demişdim ki, yağlara nəzarət olunmasa, faciəvi vəziyyət gəlib çıxacaq. İndi həmin o faciəvi vəziyyət gəlib çıxıb. Yəni indi ölkənin xəstəxanaları, aptekləri insanlarla doludur”.

Gömrük Komitəsi: Suallar AQTA-ya aiddir...

Doğrudanmı ölkəyə kərə yağı adı altında idxal olunan yağlar 200 litrlik bidonlarda gətirilir? Bu iddianın rəsmi olaraq təsdiq, ya da təkzib olunması üçün PİA.az Gömrük Komitəsinə sorğu yollayıb. Təqribən bir ay sorğumuzu araşdırdıqdan sonra bizə cavab məktubu yollayan Gömrük Komitəsi bildirib ki, ölkənin qida təhlükəsizliyi AQTA tərəfindən qorunur və biz suallarımızı bu quruma ünvanlamalıyıq. Halbuki bizim Komitədən öyrənmək istədiyimiz tək şey kərə yağlarının ölkəmizə hansı qablarda daxil olması ilə bağlı rəsmi məlumat almaq idi.

Ancaq gördüyümüz kimi, Gömrük Komitəsi bizim sualımızı nə təsdiq, nə də inkar edərək, məsuliyyəti AQTA-nın üzərinə qoymağa çalışır. Yəni son bir ildə qurumdakı şəffaflıqdan ağız dolusu danışan Gömrük Komitəsi rəhbərliyi problemi bu qədər bəsit şəkildə həll edir. Həm də bir ay araşdırma apardıqdan sonra...

Bəs AQTA nə deyir?..

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyə ünvanladığımız sorğuya cavab olaraq qurumun Aparat Rəhbəri Zəkiyyə Mustafayevanın imzasıyla PİA.az-a göndərilən cavab məktubunda bildirilir ki, "hazırda Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir. Məhsullar gömrük ərazisinə daxil olunduqdan sonra daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir. Agentliyin müfəttişləri tərəfindən məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinə edilir. Əgər nümunələr qüvvədə olan texniki-normativ sənədlərin tələblərinə cavab vermirsə məhsulun satışına icazə verilmir. Bu zaman idxal olunmuş meyvə şirələrinin ixracatçı ölkəyə geri qaytarılması, zərərsizləşdirilməsi və ya utilizasiyası üzrə Agentlik tərəfindən zəruri tədbirlər görülür. Ekspertizanın nəticələri uyğun olduğu təqdirdə məhsullara qida təhlükəsizliyi sertifikatı verilir və ölkə ərazisinə idxal edilir”.

Qurum iddia edir ki, "istehsalçılar istifadəsi dünya miqyasında qadağan olunmamış və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən, Avropa Qida Təhlükəsizliyi qurumu tərəfindən istifadəsinə icazə verilmiş qida qatqılarından istifadə etdiyi halda bu məhsulların insan sağlamlığına hər hansı bir mənfi təsiri gözlənilmir. Bunun əsası isə Ümumdünya Səhiyyə Təşkilatı, Avropa Qida Təhlükəsizliyi qurumu və Kodeks Alimentarius komissiyasının illərlə apardığı elmi əsaslı risk qiymətləndirmə və tədqiqatları ilə müəyyən edilib”.

Gördüyümüz kimi AQTA-nın cavabı tamamilə şablon xarakter daşıyır və heç bir halda nə Gömrük Komitəsinin, nə də Azərbaycan Qida Təhlükəsizliyi Agentlinin cavabı qanedici deyil. Çünki bu qurumların suallarımızı mahiyyət etibarı ilə cavablandırmaqdan yayındırmaları ortadaır.

Kənd təsərrüfatı eksperti: Azərbaycanda kərə yağı istehsalı emalçılara sərf etmir...

Vahid Məhərrəmli: "Heyvanın kəsimindən sonra qalan iç yağı, xaricdən gətirilən Palma yağları ilə qarışdırılır və müəyyən kimyəvi maddlər vurulduqdan sonra qablaşdırılır, etiketlənir, kərə yağı adı ilə əhaliyə satılır”.

Azərbaycanın özü kərə yağına olan tələbatını ödəyə bilmədiyini təəssüflə xatırladan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli PİA.az-a açıqlamasında bildirib ki, Azərbaycanda kərə yağı istehsalı emalçılara sərf etmir. Çünki kərə yağı istehsalı zamanı çox süd sərf olunur və bu da məhsulun maya dəyərinin kəskin yuxarı olması ilə nəticələnir. Təbii ki, yüksək maya dəyəri olan kərə yağını nə daxili, nə də xarici bazarda satmaq olmur. Buna görə də daxili istehsal kifayət qədər olmur və ölkəyə böyük həcmdə saxta kərə yağı gətirilir:

"Apardığımız araşdırmalar göstərir ki, həqiqətən də kərə yağı adı ilə bitki yağı və digər qatqıların nəticəsində hazırlanan yağlar satılır. Həmçinin heyvanın kəsimindən sonra qalan iç yağı, xaricdən gətirilən palma yağları qarışdırılır və müəyyən komissiyaya çatdırılandan sonra qablaşdırılır, etiketlənir, kərə yağı adı ilə əhaliyə satılır.

Əslində kərə yağı baha olmalıdır, həm də iyindən hiss olunmalıdır ki, bu kərə yağıdır. Yalnız qismən Almaniyadan, Fransadan gətirilən yağlara demək olar ki, onlar kərə yağıdır.

Kərə yağı deyiləndə nə başa düşülür? Kərə yağı deyiləndə təbii inək südündən hazırlanan yağ başa düşülür. Bu yağlarda yağlıq dərəcəsi 82,5 faiz olur. Amma digər yağlar kərə yağı adlana bilməz. Çünki o yağların tərkində başqa maddələr var”.

Vahid Məhərrəmli: "Azərbaycanda istehsal olunan 2 milyon ton süd başqa məhsulların emalına yönləndirildiyi üçün kərə yağı hazırlamaq üçün, hətta marketlərdə satılan qablaşdırılmış fabrik südlərinin istehsalı üçün əlavə süd qalmır”.

Təəssüflər olsun ki, Azərbaycan özü kərə yağına olan tələbatını ödəyə bilmir. İl ərzində Azərbaycanın 70 ton kərə yağına ehtiyac var. Bunun üçün də ən azı 1 milyon 500 min tona qədər süd istehsal olunmalıdır. Ölkədə isə cəmi 2 milyon ton süd istehsal olunur. Bunun da əsas hissəsi birbaşa istehlaka yönəlib. Bir hissəsindən də pendir, xama və digər süd məhsulları əldə olunur. Yəni Azərbaycanda istehsal olunan 2 milyon ton süd başqa məhsulların emalına yönləndirildiyi üçün kərə yağı hazırlamaq üçün, hətta marketlərdə satılan qablaşdırılmış fabrik südlərinin istehsalı üçün əlavə süd qalmır.

Bundan başqa Azərbaycanda kərə yağı istehsalı emalçılara sərf etmir. Çünki kərə yağı istehsalı zamanı çox süd sərf olunur və bu da məhsulun maya dəyərinin kəskin yuxarı olması ilə nəticələnir. Azərbaycanda satılan təbii südün qiyməti, misal üçün Yeni Zelaniya ilə müqayisədə çox bahadır və bu süddən istehsal olunan kərə yağı qiyməti təqribən 35-40 manata ola bilər. Təbii ki, yüksək maya dəyəri olan kərə yağını nə daxili, nə də xarici bazarda satmaq olmur. Buna görə də daxili istehsal kifayət qədər olmur və ölkəyə böyük həcmdə saxta kərə yağı gətirilir”.

Bəs kərə yağı istehsal edən şirkətlər nə deyirlər?..

Bütün bu iddiaların qarşısında kərə yağı istehsal edən şirkətlərin 5 manatdan tutmuş 18 manata qədər qiymət qoyduqları kərə yağlarını hansı möcüzəvi texnologiya əsasında istehsal etmələri ilə bağlı açıqlama vermələrini bu şirkətlərin istehlakçlar qarşısında əsas vəzifələrindən biri hesab etdik və onlara bu möcüzəni necə reallaşdıra bildikləri ilə bağlı sorğu ünvanladıq.

Amma görünür ki, bizdən fərqli olaraq kərə yağı istehsalçısı olan şirkətlərin heç birinin istehlakçılar qarşısında heç bir öhdəlikləri yox imiş.

Öncəliklə "Sevimli Dad” şirkətindən başlayaq.

Sorğumuza cavab olaraq bizə bildirdilər ki, biz onların istehsal etdikləri yağları laboratoriyada analiz etdirək və yalnız bundan sonra bizə cavab verəcəklərini bildiriblər.

Yəni heç olmasa "Sevimli Dad” şirkəti AQTA və Gömrük Komitəsi kimi şablon cavablardan belə yararlanmağa çalışmayıb. Və biz hesab edirik ki, bu şirkətin özündən bu qədər arxayın olmasının tək səbəbi AQTA-dan "arxayın” olmasıdır.

Demək olar ki, eyni cavabı "Səba” şirkəti də verib:

"Siz nəyə istinad edib yazırsınız ki, yağlarda nəysə qatqılar var? Sözlə hamı deyə bilər ki, filan məhsulda nəsə var. Nə olsun? Sizdə laboratoriya analiz cavabı varsa, onu göstərin biz də sizə cavab verək”.

Ölkənin "div”kərə yağı istehsalçısı isə susur

Ölkədə kərə yağı "istehsalı” sahəsində ən böyük paya sahib olan "Azərsun” şirkəti isə sorğumuzu cavablandırmadı. Şirkətin ictimai əlaqələrlə məsulları sorğumuzu cavablayacaqları ilə bağlı bir neçə dəfə söz versələr də, bir aydan artıq ötən müddət ərzində sorğumuza cavab ala bilmədik.

Görünür, "Azərsun” şirkəti iddiaları nə təsdiq, nə də təkzib edərək özünü cəncəlliyin içinə soxmaq istəmir. Buna baxmayaraq, aldığımız məlumata görə, bizim sorğumuzdan sonra "Azərsun”da "agent ovu” başladılıb.

"Veysəloğlu” şirkəti isə idxal etdiyi kərə yağlarına zəmanət verir

"Veysəloğlu” MMC-dən isə sorğumuza cavab olaraq bildiriblər ki, şirkət ölkənnin kərə yağı bazarında cüzi bir paya (4%) sahibdirlər və "Veysəloğlu” şirkəti xaricdən idxal etdiyikləri kərə yağlarının insan sağlamlığı üçün təhlükəsiz olmasına və keyfiyyətinə tam zəmanət verir.

Belə ki, hazırda "Veysəloğlu” MMC istehlakçıya Belarusun tanınmış süd və süd məhsulları istehsalçısı olan "Belovezhskaya Cheese” fabrikindən tədarük etdiyi süd məhsullarını təqdim edir və ölkəyə gətirilən süd məhsulları anbarlarda xüsusi tempraturda saxlanılır, ölkənin pərakəndə və topdan satış mağazalarına paylanılır. Şirkətdən, həmçinin bildirilib ki, keyfiyyət proseduruna əsasən, idxal olunacaq məhsullardan əvvəlcə nümunələr götürülür və beynəlxalq akkreditasiyadan keçmiş laboratoriyalarda sınaqları aparılır.

Azad İstehlakçılar Birliyinin sədri: AQTA vəziyyətə əl qoymalıdır..

Eyyub Hüseynov: "Ölkədə yağ bazarı ciddi araşdırılmalıdır. Həmçinin Qida Təhlükəsizliyi Agentliyi bu işlərlər ciddi məşğul olmalıdır və vəziyyət dəyişməlidir”.

Kənd yağı adı altında harada və necə gəldi satılan, xüsusən bazarlarda satılan yağların 90 faizinin heç də kənd yağı olmadığını deyən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov PİA.az-a açıqlamasında qeyd edib ki, hətta kənddə hazırlanan nehrə yağların tərkibinə belə marqarinlər, piylər qarışdırılır. Bu yolla kərə yağlarının maya dəyəri ucuzlaşdırılır. Kərə yağlarını əridəndə də qoxusundan bilinir ki, yağın tərkibinə kimyəvi maddələr və digər yağlar qatılıb:

"Hər həftə yağlarla bağlı vətəndaşlar Azad İstehlakçılar Birliyinə zəng edirlər. Vətəndaşlar da bir çox suallar verirlər. Bəzən müəyyən yağın bazarda özünə yer tutub istehlakçının rəğbətini qazanandan sonra həmin yağının tərkibinin dəyişməsi haqqında bizə müxtəlif telefon zəngləri daxil olur. Həmçinin kərə yağlarıyla bağlı da Azad İstehlakçılar Birliyinə çoxlu zənglər daxil olur. Kənd yağı adı altında satılan yağların kənd yağı olub olmaması, pis dad verməsi barədə çoxlu fikirlər var.

Bildirim ki, kənd yağı adı altında harada və necə gəldi satılan, xüsusən bazarlarda satılan yağların 90 faizi heç də kənd yağı deyil. Hətta kənddə hazırlanan nehrə yağların tərkibinə belə marqarinlər, iç piyləri qarışdırılır. Bu yolla kərə yağlarının maya dəyəri ucuzlaşdırılır. Kərə yağlarını əridəndə də qoxusundan bilinir ki, yağın tərkibinə kimyəvi maddələr və digər yağlar qatılıb.

Mən 3 il bundan öncə Dünya Bəslənmə və Qida Elmləri Konqresinə gedəndə, Yeni Zellandiyada Azərbaycana kərə yağı, yəni "Westgold” yağını göndərən zavodda oldum. Həmin zavodda Azərbaycan markalarını müşahidə etdim. Həmçinin fermer təsərrüfatında oldum. Hansı ki, yağ orada hazırlanır. Məlum oldu ki, "Westgold” ekoloji təmiz və tam normal yağdır. Bundan sonra həmin yağa mənim inamım yarandı. "Westgold”un qiymət siyasətini də izlədim”.

Eyyub Hüseynov: "Yağlarla bağlı yerli istehsal da var. Bunların da bir hissəsi qarışıq yağlardır. Bəzən onların satışında inək şəklindən sui-istifadə olunur”.

Qeyd edim ki, azad bazar iqtisadiyyatı şəriatində hər bir şəxs yağ biznesi ilə məşğul ola bilir. Onlar dünyanın istənilən yerindən Azərbaycana yağlar gətirə bilirlər. Rusiyadan, Fransadan, Belçikadan və s. ölkələrdən Azərbaycana yağlar gətirilir. Həmçinin yağlarla bağlı yerli istehsal da var. Bunların da bir hissəsi qarışıq yağlardır. Bəzən onların satışında inək şəklindən sui- istifadə olunur. Yəni etiketlərlə əhalinin aldadılması baş verir. Mən həmişə deyirəm ki, kərə yağı alan zaman yaxınlaşın taxtada sıxın hansı kərə yağı bərk gəlirsə, o daha uyğun kərə yağıdır.

Azərbaycanda yağ bazarı həddən artıq çirklənib. Bitki yağlarında da problemlər var. 3 il bundan əvvəl xaricdən gəlmə üzərinə "Qarğıdalı yağı” yazılan yağı analiz etdik və məlum oldu ki, o qarğıdalı yağı yox, günəbaxan yağıdır. Yəni "Qarğıdalı adı” altında satılan yağların tərkibində günəbaxan, çiyid yağları da olur. Biz bu məsələni qaldıranda məlum oldu ki, Rusiya şirkəti yerli istehsalçını da aldadır və belə yağları Azərbaycana göndərir.

Ölkədə yağ bazarı ciddi araşdırılmalıdır. Həmçinin Qida Təhlükəsizliyi Agentliyi bu işlərlər ciddi məşğul olmalıdır və vəziyyət dəyişməlidir”.

Gördüyümüz kimi, ölkənin qida təhlükəsizliyi ilə bağlı heç bir qurum və demək olar ki, heç bir istehsalçı məsuliyyət daşımaq istəmir. Bütün qurumlar və tərəflər üçün önəmli olan daha çox pul qazanmaqdır. Məhz pul qazanmaq həvəsi ilə hər gün istifadə etməyə məhkum olduğumuz qidalar vasitəsi ilə tədricən bizi zəhərləyirlər. Amma bu, heç kimin vecinə deyil. Hər şey tədricən baş verdiyinə görə ortada onların günahını isbatlayacaq konkret dəlildə tapmaq mümkün deyil. Çünki bizi təkcə kərə yağları ilə zəhərləmirlər. İstifadə etdiyimiz çoxlu sayda qida məhsulunun tərkibi zəhərli maddələrlə doludur. Ona görə də istehsalçılar asanlıqla ittihamları digərlərinə də yönləndirə bilərlər.

Vəziyyət necə düzələr bilər? Çətin sualdır. Bizə görə ancaq iki yolla. Birincisi, gürcü, rus, ya da nə bilim hansısa Avropa xalqı kimi biz də özümüzə bir qədər fərqli yanaşmalıyıq. Həm dövlət, həm də istahsalçı olaraq fərqli yanaşmalıyıq. Bu gün qazanmağa deyil, daim qazanmağa hədəflənməliyik...

Ya da misal üçün kərə yağından onlarla insan zəhərlənib bir gündə ölməlidir ki, bəzi qurumların rəhbərləri prezidentin qarşısında boyunları buraraq etdiklərini gizlədə bilməsinlər...

Araşdıtmamız davam edəcək. Növbəti yazımız meyvə şirələri ilə bağlıdır...

7News.Az

Xəbər lenti