Prezident İlham Əliyev: "Azərbaycanın neft-qaz resursları bu gün və gələcəkdə xarici şirkətlər üçün böyük maraq kəsb edəcək"

Prezident İlham Əliyev:

"Azərbaycanın neft-qaz resursları bu gün və gələcəkdə xarici şirkətlər üçün böyük maraq kəsb edəcək".

7News.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakı Sərgi Mərkəzində XXVI Beynəlxalq "Xəzər Neft və Qaz-2019" sərgi və konfransının, həmçinin IX Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, Bu gün Xəzər Neft-Qaz Sərgisi öz işinə başlayır:

"Bu münasibətlə sizi təbrik edirəm. Bu, çox əlamətdar hadisədir. Bu sərgi dünya miqyasında çox önəmli beynəlxalq tədbirlərdən biridir.

Bu sərgi 26-cı dəfədir keçirilir və sərgiyə maraq azalmır. Çünki bu il sərgidə 30-dan çox ölkədən 300-ə yaxın şirkət iştirak edir və bu, çox gözəl göstəricidir. İyirmi altı il ərzində sərgi dünyanın neft şirkətlərinin diqqətini cəlb edir. Bu, onu göstərir ki, Azərbaycanın neft-qaz resursları bu gün və gələcəkdə xarici şirkətlər üçün böyük maraq kəsb edəcək.

Mən birinci sərgini xüsusilə qeyd etmək istərdim. 1994-cü ildə keçirilmiş birinci sərgi Azərbaycanı dünyaya təqdim etdi, Azərbaycanın zəngin neft-qaz resursları haqqında dünyaya məlumat verdi. Çünki o vaxt Azərbaycan haqqında məlumat çox məhdud idi, bizim ölkəmiz gənc müstəqil dövlət idi, müstəqilliyinin ilk illərini yaşayırdı. Əlbəttə, dünyada, xüsusilə neft-qaz aləmində Azərbaycanın potensialı haqqında məlumat demək olar ki, yox idi. Sərginin keçirilməsi, Azərbaycana diqqətin cəlb edilməsi gələcəkdə Azərbaycanın neft-qaz sektorunun inkişafı üçün çox önəmli rol oynadı. Mən bunu nəzərə alaraq sərginin iştirakçılarına bir daha minnətdarlığımı bildirmək istəyirəm. Çünki onların bu qərarı, Bakıda bu sərginin keçirilməsi və ondan sonra uzun illər ərzində bizimlə əməkdaşlıq etmələri əlbəttə ki, təqdirəlayiq bir haldır.

1994-cü ildə ilk sərgi keçiriləndə ölkəmizdə vəziyyət tam fərqli idi. Azərbaycan çox ağır iqtisadi vəziyyətdə idi, siyasi müstəvidə sabitlik təzə-təzə bərpa edilmişdi. Çünki müstəqilliyimizin ilk illəri ölkəmiz, xalqımız üçün çox ağır keçmişdir. Vətəndaş müharibəsi, torpaqlarımızın işğal altına düşməsi, iqtisadi, siyasi böhran demək olar ki, ölkəmizin inkişafına böyük zərbə vurmuşdu, ölkəmizin inkişafı ilə bağlı aydın təsəvvür yox idi. Əlbəttə, zəngin neft-qaz resurslarına malik olan ölkə üçün yeganə çıxış yolu sabitliyin bərpası və neft resurslarından səmərəli istifadə edilməsi idi ki, sərmayə qoyuluşu gəlsin və ölkəmizin iqtisadi potensialı artsın. 1994-cü ildə sərgidən yaranan mənfəət, o cümlədən siyasi mənfəət bu gün də bizə imkan verir ki, həm neft-qaz sektorumuzu, eyni zamanda, ümumiyyətlə ölkəmizi inkişaf etdirək".

7News.Az

Xəbər lenti