Qadın millimiz Avropa çempionatında 27 il sonra medal qazana bilər: Rəqib ermənilərdir

Qadın millimiz Avropa çempionatında 27 il sonra medal qazana bilər: Rəqib ermənilərdir

Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə kişi və qadın milli komandalar arasında Avropa çempionatı bu gün yekunlaşacaq.

7News.Az xəbər verir ki, medal şansını dünən tamamilə itirən, doqquz xalla 12-ci olan kişi millimiz bu tur formal əhəmiyyət kəsb edən görüşə çıxacaq.

Millimizin rəqibi turnirin reytinqinə görə 19-cu komandası olan Sloveniyadır. Formal xarakterli görüş olduğundan, bu matçda komandamızın lideri Şəhriyar Məmmədyarov oynamayacaq.

Xatırladaq ki, Şəhriyar keçirdiyi yeddi görüşün hamısında nə qalib gəlib, nə də məğlub olub. Qrossmeysterimiz bütün görüşlərdə heç-heçə edib.

Medal şansları olan qadın millimiz isə bu gün prinsipial görüşə çıxacaq. 12 xalla 3-cü sırada olan millimiz turnirin reytinqinə görə 13-cü komandası Ermənistanla qarşılaşacaq. Ancaq onu da bildirək ki, Ermənistan da 11 xalla 4-cü sıradadır. Bu səbəbdən bu görüşdə qalib gələn tərəf Avropa çempionatının medallarını qazanacaq. Əslində, komandamız bu qələbə sayəsində gümüş medalları da qazana bilər. Amma 2-ci sıradakı Gürcüstanın Gürcüstan-2 komandasına uduzacağı inandırıcı görünmür.

Artıq yığmamızın ermənilərə qarşı heyəti də bəllidir. Günay Məmmədzadə ağ fiqurlarla Lilit Mkrtçyanla qarşılaşacaq. Xanım Balacayeva qara fiqurlarla Elina Danielyanla görüşəcək. Ülviyyə Fətəliyeva ağ fiqurlarla Mariya Qevorqyanı məğlub etməlidir. Hələ məğlubiyyət üzü görməmiş Gülnar Məmmədova isə dördüncü lövhədə qara fiqurlarla Anna Sarqsyanı məğlub etməyə çalışacaq.

Qeyd edək ki, qadın millimiz bir dəfə Avropa çempionatında medal qazanıb. Bu, uzaq 1992-ci ildə Macarıstanın Debretsen şəhərində keçirilən qitə birinciliyində olub. Komandamız onda bürünc medal qazanmışdı.

7News.Az

Xəbər lenti