"Qarabağ"dan azarkeşinə jest: "Yaşadığımı, varlığımı hiss elədim"

Zəfər Hacılı "Qarabağ" sadiq azarkeşlərindən biridir. O, paytaxtdan kənarda yaşadığı üçün sevimli komandasının hər oyununa gələ bilməsə də, həftəsonu "Qarabağ"ın çempionluq kubokunu qaldırdığı "Neftçi" ilə matçı izləyənlərdən olub. 

"Qarabağ" rəhbərliyinin dəvəti ilə Bakıya gələn Zəfər səfəri ilə bağlı təəssüratlarını Sport7.az-la bölüşüb. 
 
- Nə vaxtdan futbolla maraqlanırsan?
- Düzü, desəm ki, uşaqlıqdan dəli kimi futbol fanatı olmuşam, yalan olar. Daha çox maşın yarışlarına sevgim var idi. Futbola marağım əvvəlcə "Qarabağ"ın sayəsində yarandı. Hardasa 2009-2010-cu illər olardı. Həmişə idman xəbərlərinə baxırdım. Bu klubun avrokuboklardakı oyunları haqda deyilənlər ilgimi çəkdi. Və beləcə başladım ara-sıra oyunlara baxmağa. Daha sonra isə çempionat oyunlarını izləməyə başladım. 

2010-cu il idi. "El-Klassiko"da "Barselona" "Real"ı 5:0 hesabı ilə darmadağın etdi. Təsadüfən bu matçı izlədim. Futboldan tam anlamasam da, hiss elədim ki, həm "Qarabağ", həm də "Barselona"nın oyununda müəyyən oxşarlıqlar var. O vaxtdan bu iki klubun azarkeşiyəm. (gülür)...
 


- Bəs bu gün özünü qatı azarkeş hesab edirsən? Ümumiyyətlə, "Qarabağ" sənin üçün nə deməkdir?
- Bilmirəm, buna qatı azarkeş demək olar, ya yox. Ancaq onu dəqiq bilirəm ki, "Qarabağ" mənim üçün hər şey deməkdi. İnsana yaşamaq üçün hava, su, qida necə vacibdirsə, "Qarabağ" da mənə o qədər vacibdi. Bu ad, bu komanda ilə yaşayıram, hər anım, hər günüm "Qarabağ"la keçir. Bəzən yuxuda da oyunları görürəm. (gülür)... "Neftçi" ilə oyunda azarkeş kimi ilk dəfə stadionda oldum. Mənə bu şəraiti yaratdıqlarına görə klub rəhbərliyinə, Əmrah Çəlikələ, Nurlan İbrahimov, ümumiyyətlə hər kəsə təşəkkür edirəm.

- Gəl, elə bu səfər barədə danışaq. Bildiyim qədəri ilə, Qubada yaşayırsan. Necə oldu ki, sənə belə şərait yaratdılar?
- Bəli. Əslində, gəlişim "Sportinq"lə Bakıdakı oyun üçün nəzərdə tutulmuşdu. Elə alındı ki, oyuna bir həftə qalmış bərk soyuqladım, pis xəstə oldum. Buna görə Bakıya gəlişim təxirə düşdü. Həmin vaxt çox üzülmüşdüm. Ancaq çox şükür, ardıcıl 6 dəfə çempion olduq. Əmrah bəy də demişdi ki, nə vaxt istəsən, hazır olsan, mənə xəbər ver. Mən də bu oyunda stadionda olmaq üçün çox istəkli idim. Özü də belə bir oyunda, sevimli komandanın rəqib stadionunda çempionluq kubokunu qaldırmasını izləmək hər bir azarkeşin arzusudu. Danışdıq. Hər şey hazır oldu. Oyuna bir gün qalmış Bakıya gəldim, bazaya getdik, komandanın məşqini izlədik. Mənə üstündə adım yazılmış "10" nömrəli forma hədiyyə edildi. O an yaşadığım sevinci, hissləri sözlə ifadə etmək mümkün deyil. Bazada olanda maraqlı bir anda yaşandı. Deməli, məşq zamanı stadion sulanırdı, mən də məşqi izləmək üçün gedən də bu sudan "payımı" aldım, islandım orda biraz. (gülür)... Orda yaşadığım hər anım gözəl xatirələrlə dolu oldu, klub rəhbərliyindən tutmuş, futbolçulara qədər, hətta aşbaz Aqşin bəylə də xeyli söhbətimiz oldu, komanda üçün öz hazırladığı yeməkdən mən də daddım. Bazada olanda sevimli futbolçularımla çoxlu şəkillər çəkdirdik, orada qısa nitq də söylədim.
 


- Çempionluğu stadionda canlı yaşamaq necə duyğudu?
- Mən oyun zamanı tribunaların arxasında şüşə pəncərələr olan yerdən izlədim. Özü də "Forza Neftçi"nın arxasında idim, künc bayrağı tərəfdə. Meydançaya düşürüləcəyimi bilmirdim. Elə bilirdim oyundan sonra qalacağımız otelə qayıdacağıq. "Neftçi" futbolçuları medallarını alanda məni gəlib aşağı düşürtdülər. Meydançaya aparıldım. Bunu gözləmirdim... Çox qəribə hisslər bürümüşdü məni, həm də xoşbəxt idim. O anları canlı yaşamaq hər azarkeşin arzusudur. Sonra gəlib Qara Qarayev mənimlə görüşdü, öz medalını mənə verdi. Sabiq "Qarabağ"lı Rahid Əmirquliyevlə də görüşdük, şəkil çəkdirdik. Qurban müəllim da gəldi yenə görüşdü, təbrik elədi, bəzi futbolçular da yaxınlaşdı. Dani ilə qısa dialoqumuz da oldu. Hər şey möhtəşəm idi. Sonda isə "Xəzər" TV-dən müsahibə verdim. (gülür)...

- Bir azarkeş bundan artıq nə istəsin?! 
- Mən bu qədərini gözləmirdim. İki gündə inanılmaz şeylər yaşadım.

- Oyundan sonra nələr yaşandı?
- Axşam stadiondan çıxdıqdan sonra dedilər ki, restoranda çempionluğa görə tədbir olacaq, sən də dəvətlisən. Getdik, öz yerimizi tutduq. Tədbirin aparıcısı Sənan Şəfizadə dedi  "Qarabağ"ın sadiq azarkeşlərin olan Zəfər Hacılı da bizimlədi. Sonra yaxınlaşdı xatirə şəkil çəkdirdik, çox şad oldum. Sonra mənə də söz verildi, orada da qısa nitqim oldu. Öz növbəmdə rəhbərliyi, komandanı, bu çempionluq da əziyyəti olan hər kəsi təbrik etdim, gələcək oyunlarda uğurlar arzuladım. Və söylədim ki, hər zaman tribunada ola bilməsəm də, dəstəyimi sosial şəbəkələrdən sizə çatdırmağa çalışacam. Ürəyim, sevgim, ruhum hər zaman sizinlə olacaq. Tədbirdən sonra Qara yaxınlaşıb öz formasını verdi. Çıxışda yenə Əmrah bəy, Qurban müəllimlə söhbətimiz oldu. Məni gördüklərindən, orada olmağımdan çox şad olduqlarını dilə gətirdilər. Bir azarkeş üçün bunları eşitməyin nə demək olduğunu anlayırsan yəqin...

Oyundan sonrakı gün mən qayıtmalı idim, yəni 12 may tarixində. Əmrah bəy dedi ki, istəyirəm bir gün də qalasan. Səni şəhərin gəzməli, görməli yerlərini göstərək, gəlmişkən hər yeri gəzəsən. Həm də məni axşam iftar süfrəsinə dəvət etdi. Həqiqətən bu 2-3 gündə olanlar mənə özünəinamı qaytardı, yaşadığımı, varlığımı hiss elədim. Mən həm də öz utancağlığımı, komplekslərimi yendim. Buna görə klub rəhbərliyinə, burda qazandığım dəyərli dostlarıma, qardaşlarıma "çox sağol" deyirəm. Onlara nə qədər təşəkkür ersəm də azdı. İllərlə xəyalını qurduğum, hətta ağlıma gəlməyən şeylər gözəl mənada başıma gəldi. Mənim üçün böyük şərəf oldu.
 


İnşallah, qismət olsa, Çempionlar Liqası oyunlarında da sevimli komandamın yanında olmaq istərdim. Çalışacam Bakıya gəlişim artıq ənənə halını alsın. Bu ailədən, "Qarabağ" ailəsindən olduğuma görə fəxr edirəm. Sizin sayt vasitəsilə də əziyyətimi çəkən, bu çempionluqda zəhməti olan hər kəsə minnətdaram. Həyatda təsadüflərin olduğuna inanmıram. Onu da deyim ki, mən əbəs yerə bu klubun azarkeşi olmamışam. Komandamın "Zəfər"i olmaq üçün bu dünyaya gəlmişəm. (gülür)...

Bildiyimə görə, Jakub Jezniçak ilə bitən müqavilə yenilənməyəcək. Buna görə düzü, çox üzüldüm, sevimli oyunçularımdan biri idi. Oyundan bir gün əvvəl bazada olanda öz imzalı formasını mənə hədiyyə etdi. Yəqin ki, Bakıdakı sonuncu imzalı formasını mən aldım. Vaqner də öz əlcəklərini mənə hədiyyə etdi. Mənə sarıldı. O an gözlərim dolmuşdu, özümü güclə saxladım. Futbolçu ola bilərsən, çoxlu məşq edib yaxşı oynaya bilərsən. Ancaq əsas yaxşı insan olmaqdı. Bu iki gündə bunu hamısında gördüm. "Qarabağ"ın çox sadə, mehriban kollektivi var...

7News.Az

Xəbər lenti