RU
lombard
Qərbin
10:03
178

Qərbin "demokratiya oyunu" və günahsız qurbanlar

Təxminən beş il öncə Tunisdə başlayan “Ərəb baharı”nı böyük qələbə kimi qeyd edənlər indi ərəb dünyasını başına götürən terror dalğasının ziyanlı tərəflərindən qorunmaq haqqında düşünürlər. Əslində, bu proses çoxdan başlamışdı. İraq, Əfqanıstan və digər dövlətlər “terror”un təsir dairəsinə alınmışdı.

Qərbin istifadə etdiyi “Parçala, hökm sür” nəzəriyyəsi və öz iqtisadi maraqlarını təmin etmək üçün ölkələri dağıtmaq ssenarisi bu dəfə özünü Yəməndə göstərməyə başlayıb. Tunis, Misir, Liviya, Suriya və Yəmən. Təbii ki, davamı olacaq.

Heç kimə sirr deyil ki, bəzi ərəb ölkələrində Qərb artıq neçə illərdir ki, hakimi-mütləqdir. Orada hökuməti də Qərb formalaşdırır, siyasi kursu da Qərb müəyyən edir. Bu günlərdə Həcc ziyarətinə gedən və kütləvi şəkildə dünyasını dəyişən zəvvarların cəsədlərinə qarşı olan hörmətsizlik bu xüsusda təsadüfi sayıla bilməz. Yəqin ki, burda məqsəd İslamı gözdən salmaq, İslamın beş vacib əməlindən sayılan Həcc ziyarətini inanclı insanların gözündə adiləşdirmək idi. Neyçün ki, “ərəb baharı”nın tüğyan etdiyi dövrlərdə qərbyönümlü şeyxlər öz ölkələrində inqilabı yasaq etmişdilər. Özü də çox sadə məntiqlə: “Krala qarşı çıxmaq günahdır və bu əmələ görə, hamı qiyamətdə cavab verəcək”.

“Birində olar, digərində yox” məntiqi Qərbin ikili standartlar yürütdüyünü, çirkin planlarını faş edirdi. Necə ki, Dağlıq Qarabağ münaqişəsinə Qərbin baxışında da bu özünü aydın şəkildə göstərir.

Hazırda Yəmən od-alovun içərisindədir. Məsələnin rəsmi tərəfi odur ki, bu ölkədə hakimiyyətlə ona qarşı olan şiə müxaliflər - Husi qruplaşması arasında ciddi qarşıdurma var. Doğrudanmı bu qədər sadə və bayağı. Qeyd edək ki, son olaraq Yəməndə vəziyyət 2012-ci ildə qarışmışdı. Belə ki, Qərbin, xüsusilə də ABŞ-ın dəstək verdiyi “Ərəb baharı” dalğası Yəməni də vurmuş, hadisələrin gedişi 2012-ci ildə o zamankı prezident Salehin istefası və yerinə indiki prezident Hadinin gəlməsi ilə yekunlaşmışdı. Göründüyü kimi, Yəməndə “inqilab” xalqın arzusu ilə deyil, Qərbin istəyilə baş tutmuşdu. Bu gün də Yəməndə baş qaldırmış proseslərdə xarici dairələrin birbaşa və ya dolayısı ilə iştirakı şəksizdir.

Müşahidələr göstərir ki, Qərb bir çox dövlətlərə öz iradəsini yeritməyə çalışır və bu zaman müxtəlif təzyiq metodlarından istifadə edir. Bunlara dövlətlərin daxili işlərinə müdaxilə, müxtəlif terror qruplaşmalarının yaradılması, silahlı müxalifətin dəstəklənməsi və s. daxildir. Belə olmasaydı, Qərbin Suriya müalifətinə dəstəyi, onları silahla təmin etməsi İŞİD kimi vəhşi terror qruplaşmasının yaranmasına gətirib çıxarmazdı.

Bu mövzu aktuallığını qoruyur və nə qədər ki, ABŞ və Avropa ikili standartlardan əl çəkməyib, hələ uzun illər aktual olaraq qalacaq. Çünki günahsız insanların taleyi müzakirə mövzusudur. Günahsız insanları qurban verməklə, şəxsi maraqlarını həyata keçirmək və bunun fonunda “demokratik dəyərlər”dən dəm vurmaq, insanlıq adına utanc gətirir. Müasir dünya Qərbin “demokratiya oyunu”nun əsirinə çevrilib. Bu isə bəşəriyyətə hər il minlərlə günahsız insanın qanı bahasına başa gəlir./trend

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ