RU
lombard
Qonşusu ucadan danışdı deyə bıçaqladı
11:20
428

Qonşusu ucadan danışdı deyə bıçaqladı

Bakı Apellyasiya Məhkəməsində Bakı ş. sakini Samir Qədirovun (1986-cı il təv.) CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

7news.az xəbər verir ki, ötən il iyulun 9-da Nəsimi rayonu, N.Məlikov küçəsindəki 11 saylı evin qarşısında Ceyhun Əhmədov Samir Qədirovla mübahisə edib, buna sonuncunun ucadan danışıb, səs salması səbəb olub. İnsident zamanı Ceyhunun onu yumruqla vurmasından hiddətlənən Samir, evdən götürdüyü məişət təyinatlı bıçaqla onun qarın nahiyyəsinə bir zərbə endirib. Ağır xəsarət alan Əhmədov yaxınlarının köməkliyi ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb və zəruri tibbi yardım nəticəsində həyatı xilas edilib. Səhərisi gün Qədirov Nəsimi RPİ 20-ci polis əməkdaşları tərəfindən saxlanılıb.

Məhkəmə prosesində Samir Qədirov ittiham üzrə özünü təqsirli hesab edərək, əməlindən peşman olduğunu və qonşusunu öldürmək niyyətində olmadığını bildirib. Onun sözlərinə görə, həmin gün yaşadığı məhəllədə qardaşı Qədirlə danışıb-gülüb. “Qonşuluqda yaşayan Ceyhun bizə yaxınlaşıb ucadan danışıb-gülməyimizə iradını bildirdi, mən isə ona “sən kimsən ki, bizə qadağa qoyursan” dedim. Bundan hirslənən Əhmədov sifətimə silə atıb. Ceyhunun hərəkəti məni o qədər əsəbiləşdirdi ki, evə qaçıb masanın üstündən bıçaq götürüb yenidən həyətə çıxdım və ona bir zərbə endirdim. Zərbədən sonra Ceyhunun yerə yıxıldığını görüb geri çəkildim”.

Zərərçəkən Ceyhun Əhmədov Samir Qədirovun gözlənilmədən əlində saxladığı bıçaqla qarınına zərbə vurduğunu, buna görə müvazinətimi saxlaya bilməyib yerə yıxıldığını və huşunu itirdiyini bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 4 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Hökmdən S.Qədirov apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib, təqsirləndirilən şəxsin cəzası 3 il 6 ay müddətinə endirilib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ